
GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində Fatimiyyunla əlaqəli olduğu bildirilən yüzlərlə silahlı qüvvə yerləşdirilib. Fatimiyyun əsasən Əfqanıstanın şiə əhalisi arasından cəlb edilən və SEPAH-la əlaqəli olduğu bildirilən silahlı qruplaşmadır.
Sentyabrın 29-da yayılan videoda Zəhedanın Rudmahi yüksəkliklərində hərbi geyim və avadanlıqla silahlanmış şəxslər görüntülənir. Yerli mənbələr həmin şəxsləri Fatimiyyun üzvləri kimi təqdim ediblər.
Bundan əvvəl də Səravandakı Gəşt bölgəsində yeni inşa edilmiş qızlar məktəbinin binasında hərbi təlim keçirildiyini əks etdirən video yayılmışdı. Videodakı şəxslərin də eyni qruplaşmaya aid olduğu bildirilib.
Digər bir məlumatda isə onlarla motosikletin avtomobillərlə Rudmahi bazasına daşındığı qeyd olunur. Həmçinin bir sıra yerli Bəsic bazalarının bu qüvvələrə verildiyi barədə iddialar səsləndirilib.
Bununla belə, qüvvələrin dəqiq sayı, görüntülərdəki şəxslərin hansı təşkilati struktura aid olduğu və onların konkret missiyasının təfərrüatları hələlik müstəqil şəkildə təsdiqlənməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi