Cümə axşamı , Oktyabr 1 2026
azfa

İraq İranın dəstəklədiyi terrorçu qrupların tərksilahı üçün yeni son tarix müəyyənləşdirib

GADTB: İraqın baş naziri ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın bu ölkədəki missiyasının başa çatmasından bir gün sonra İranın yetişdirdiyi silahlı qrupların silahlarını hökumətə təhvil verməsi üçün son tarixin 2027-ci il iyunun sonu olduğunu açıqlayıb. İraq hökuməti daha əvvəl bu prosesin cari ilin sentyabr ayının sonuna qədər başa çatdırılmasını hədəfləmişdi.

Əli əl-Zeydi oktyabrın 1-də yayımlanan bəyanatında bildirib: “Oktyabrın 1-i dövlətin nəzarətindən kənarda olan silah məsələsinin ciddi şəkildə həllinə başlanmasının ilk günüdür.” O əlavə edib ki, proses aydın yol xəritəsi və razılaşdırılmış vaxt cədvəli əsasında, ən gec 30 iyun 2027-ci ilədək davam edəcək.

O vurğulayıb ki, müharibə və sülhlə bağlı qərarların qəbulu yalnız İraq dövlətinin qanuni qurumlarının səlahiyyətində olmalıdır və rəsmi strukturlardan kənarda heç bir qrup bu məsələdə müstəqil şəkildə hərəkət etməməlidir.

İraqın baş naziri həmçinin ölkə ərazisində fəaliyyət göstərən qeyri-iraqlı silahlı qrupların tamamilə tərksilah edilməsi istiqamətində hökumətin tədbirlər görəcəyini və İraq ərazisi və hava məkanından digər ölkələrə hücum etmək üçün istifadəyə icazə verilməyəcəyini bildirib.

Bununla yanaşı, əl-Zeydi hökumətin Həşd əl-Şəbinin İraqın rəsmi təhlükəsizlik strukturlarındakı mövqeyini möhkəmləndirmək niyyətində olduğunu vurğulayıb.

O deyib: “Həşd əl-Şəbi haqqında qanunu qəbul edəcəyik və onun Silahlı Qüvvələrin Ali Baş Komandanının tabeliyində olan təhlükəsizlik strukturunun ayrılmaz hissəsi kimi mövqeyini möhkəmləndirəcəyik.”

İraq Nazirlər Şurası da çərşənbə axşamı Həşd əl-Şəbi ilə bağlı yeni qanun layihəsinə müsbət səs verərək onu müzakirə və səsvermə üçün parlamentə göndərib. Qanun layihəsində Həşd əl-Şəbi qüvvələrinin strukturu, əmək statusu, hüquq və müavinətləri, eləcə də pensiya məsələlərinin tənzimlənməsi nəzərdə tutulur.

Həşd əl-Şəbi 2016-cı ildə rəsmi olaraq İraq Silahlı Qüvvələrinin strukturunun bir hissəsinə çevrilib. Lakin onun inzibati strukturu və qüvvələrinin hüquqi statusu ilə bağlı bir çox məsələlər qanunvericilikdə tam şəkildə aydınlaşdırılmayıb.

İran hakimiyyətinə yaxın bəzi silahlı qruplar da Həşd əl-Şəbi çərçivəsində fəaliyyət göstərir. ABŞ son illərdə bu qrupların və onların komandirlərinin Amerika qüvvələrinə və ABŞ-ın maraqlarına qarşı hücumlar həyata keçirdiyini bildirib.

Vaşinqton Həşd əl-Şəbi haqqında yeni qanunun bəzi müddəalarına da qarşı çıxıb və bu qanunun İran hakimiyyətinə yaxın qrupların İraqın təhlükəsizlik strukturunda təsirini gücləndirə biləcəyini bildirib.

İraq baş nazirinin sentyabr ayında ABŞ rəsmilərinə təqdim etdiyi plana əsasən, silahlı qruplar əvvəlcə müstəqil hərbi fəaliyyətlərini dayandırmalı, daha sonra isə mərhələli şəkildə silahlarını dövlətin nəzarətinə verməli və onların qüvvələri Həşd əl-Şəbi və ya digər rəsmi təhlükəsizlik qurumlarına inteqrasiya edilməlidir.

Bağdad hökuməti hazırda Həşd əl-Şəbinin rəsmi strukturlarından kənarda fəaliyyət göstərən briqadaların da bu proses çərçivəsində inteqrasiya edilməsini nəzərdən keçirir.

Yeni son tarix ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı missiyasının rəsmi şəkildə başa çatmasından bir gün sonra elan edilib. İran hakimiyyətinə yaxın bir sıra silahlı qruplar isə koalisiyanın missiyasının başa çatmasını hərbi fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı istənilən danışıqların ilkin şərti kimi təqdim edirdilər.

İraq İran tərəfindən dəstəklənən onlarla güclü silahlı qrupun fəaliyyət göstərdiyi ölkədir. Bu qrupların bir çoxu Xalq Səfərbərlik Qüvvələri, yəni Həşd əl-Şəbinin tərkibindədir.

Bu qrupların bir çoxu 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi İraq müdaxiləsindən sonra formalaşıb. Onlar 2014-cü ildən etibarən “İslam Dövləti” adlandırılan İŞİD-lə mübarizə dövründə daha çox güc və nüfuz əldə ediblər.

Həşd əl-Şəbinin bəzi üzv qrupları ötən ilin Esfənd ayında başlayan ABŞ və İsrailin İranla müharibəsindən sonra İraqdakı ABŞ maraqlarına qarşı hücumlar həyata keçirib.

Buna cavab olaraq Vaşinqton da bu qruplara qarşı zərbələr endirib və daha sonra 2003-cü il ABŞ müdaxiləsindən sonra əldə edilmiş razılaşmaya əsasən İraqın neft gəlirlərinin ödənilməsini dayandırıb.

40 günlük müharibə və atəşkəs dövründə bu qrupların regionun digər ölkələrinə qarşı da hücumlar həyata keçirdiyi barədə məlumatlar yayılıb. Birləşmiş Ərəb Əmirlikləri cari ilin may ayında ölkənin nüvə elektrik stansiyasına doğru atılan pilotsuz uçuş aparatlarının İraqdan göndərildiyini açıqlayıb.

İyunun əvvəlində İraq rəsmiləri İran tərəfindən dəstəklənən qruplardan biri olan “Kətaib İmam Əli” qruplaşmasının silahları ilə bağlı məlumatları əldə etdiklərini bildiriblər. Bu addım həmin qrupların dövlət qüvvələrinə inteqrasiyası planının ilk mərhələsi kimi qiymətləndirilib.

Bundan bir qədər əvvəl isə İrana yaxın iki qrup – “Kətaib İmam Əli” və “Əsəib Əhl əl-Həqq” – Həşd əl-Şəbi tərkibindəki briqadalarının idarəçiliyini hökumətə təhvil verəcəklərini açıqlamışdılar.

Həmçinin yoxlayın

Molla rejimi bəluçları qətliam etmək üçün yetişdirdiyi yüzlərlə Fatimiyyun terror dəstəsini Bəluçistana yerləşdirib

GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində …

Tramp: Seçkilərdən sonra İrana hava hücumlarını yenidən başlada bilərik

GADTB: ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də yayımlanan Time jurnalına müsahibəsində ABŞ-da keçiriləcək aralıq seçkilərdən …