
GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil Mərkəzi Həbsxanasından yenicə azadlığa buraxılmış azərbaycanlı fəal Siyamək Mirzəi ilə Xiyavda (Meşkinşəhr) onun evində görüşüb və söhbət edib.
Görüş zamanı Mirzəinin səhhəti, onun və Ərdəbil həbsxanasında saxlanılan digər məhbusların həbs şəraiti, eləcə də gündəmdəki məsələlər müzakirə olunub.
Siyamək Mirzəi 2026-cı il oktyabrın 10-da, 105 günlük həbsdən sonra 10 milyard tümən girov qoyulmaqla məhkəmə prosesi başa çatanadək müvəqqəti olaraq Ərdəbil Mərkəzi Həbsxanasından azad edilib.
O, 2026-cı il iyunun 28-də Əsgər Əkbərzadə və Əli Vasiqi ilə birlikdə həbs edilmişdi. Yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri onların həbsi zamanı özlərinin və həyat yoldaşlarının mobil telefonlarını, noutbuklarını, kompüterlərini və bir sıra şəxsi əşyalarını müsadirə edərək onları Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparıblar.
Bu üç fəala Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu şöbəsinin müstəntiqi Həsən Kərimi tərəfindən “qanunsuz qrupa üzvlük” və “İslam Respublikası rejiminə qarşı təbliğat” ittihamları irəli sürülüb.
Əsgər Əkbərzadə 2026-cı il sentyabrın 2-də 8 milyard tümən, Əli Vasiqi isə oktyabrın 7-də 5 milyard tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Siyamək Mirzəinin də azadlığa çıxması ilə bu iş üzrə həbs edilmiş hər üç fəal məhkəmə prosesi başa çatanadək müvəqqəti azadlığa buraxılıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi