GADTB: XVII əsrin son rübü və XVIII əsrin əvvəllərində Səfəvi dövləti ağır tənəzzül dövrü yaşayırdı. Hakimiyyətin səriştəsizliyi ucbatından dövlətdə sosial-iqtisadi və siyasi vəziyyət kəskinləşmişdi. Səfəvilərin son dövrünü səciyyələndirərkən britaniyalı tədqiqatçı C.Malkolm belə yazır: “Biz bundan daha təlatümlü, daha təlaşlı dövrü çətin ki təsəvvür edə bilərik”. [13, 1] Səfəvilər dövlətində mərkəzi hakimiyyətin zəifləməsi onun öz sərhədləri daxilində mövcud durumu son dərəcə gərginləşdirmiş, bütün ölkəni xalq etirazları və üsyanlar dalğası bürümüşdü. Bu dövrdə Qəndəhar əyalətində yaşayan gilzay tayfasının üsyanı müstəqil Əfqan xanlığının meydana gəlməsinə səbəb oldu. Səfəvi dövlətinin hərbi-siyasi zəifliyindən istifadə edən əfqan silahlı dəstələrinin başçısı Mir Mahmud Hotaki Xorasanı işğal edib, paytaxt İsfahana hərbi yürüş etdi. Mühasirə səkkiz ay davam etdi və 1722-ci il oktyabr ayının 23-də Səfəvi dövlətinin paytaxtı İsfahan əfqan Mir Mahmud tərəfindən tutuldu. Mir Mahmud Səfəvi şahı Sultan Hüseyni taxtdan salaraqözünü şah elan etdi.
Qəndəharda gilzay tayfasının üsyanı və bu üsyanın ardınca başlamış daxili çaxnaşmalar nəticəsində xeyli zəifləmiş Səfəvi dövlətinin müqavimət göstərəcək gücünün olmamasından istifadə edən Rusiya və Osmanlı dövlətləri Cənubi Qafqazda daha fəal siyasət yeritməyə başladılar. İlk hərbi təcavüz bu məqamadək Səfəvi dövləti ilə hərbi münaqişələrə cəlb olunmamış Rusiya tərəfindən baş verdi. [5, 199] I Pyotr Xəzər dənizini “Rusiyanın daxili dənizi”nə çevirməklə [5, 200] Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağaçalışırdı. I Pyotrun Xəzəryanı bölgəyə hərbi yürüşü (1722-1723), xüsusilə də Xəzəryanı bölgələri işğal etmək siyasəti Osmanlı imperiyasının maraqları ilə toqquşurdu. Rusiya Xəzəryanı vilayətləri ələ keçirən zaman Osmanlı qoşunu Cənubi Qafqazın digər torpaqlarının da rusların əlinə keçməsinin qarşısını almaq qərarına gəldi. Bütün qüvvələrini səfərbər edən imperiya 1723-cü ilin aprel ayında Səfəvi dövlətinə müharibə elan etdi və Azərbaycana öz qoşununu yeritdi.
Zəifləmiş Səfəvi dövlətinə hücumlar təşkil edən xarici dövlətlər onu asanlıqla zəbt edəcəklərinə ümid bəsləsələr də, bu baş vermədi. Əfqan, Osmanlı və Rus işğallarının ağır nəticələri türk mənşəli Əfşarlar soyundan olan bacarıqlı sərkərdə Nadirin rəhbərliyi altında istilaçılara qarşı azadlıq mübarizəsinin yüksəlişi üçün əlverişli şərait yaratdı (qeyd: Əfşar tayfasının türk mənşəli olduğunu bir çox yazılı mənbələr, o cümlədən Mahmud Qaşğari (XI əsr) təsdiq edir:“Əfşarlar türk-oğuz boylarından biridir. Oğuzlar 22 boydan ibarət olan türkmanlar idilər. Əfşar tayfası bu türkmanlar silsiləsinin altıncı sırasında xatırlanır”. [11, 55-56] Əli Əkbər Dehxodanınyazdığına görə, “Əfşarlar əsil-nəcabətli türk qəbilələrindən biridir”). [1, 3112] Beləliklə, 1729-cu ilin sonunda Nadir əfqanları Səfəvi dövlətinin ərazisindən qovdu və şah II Təhmasibin simasında bu dövləti bərpa etdi. Artıq bundan sonra rusların və osmanlıların Azərbaycandan və bəzi qonşu ərazilərdən çıxarılması məsələsi aktuallaşdı. 1730-cu ildə Nadir osmanlıların işğal etdiyi bütün Qərbi İranı və Azərbaycanın böyük bir hissəsini, o cümlədən həmin ilin avqust ayında rusların yardımı ilə Ərdəbili azad edə bildi. [18, 103] Vəziyyəti belə görənRusiyadanışıqları bərpa etməyi qərara aldı və 1732-ci il fevral ayının 1-də “Rəşt” və 1735-ci il mart ayının 10-da “Gəncə” sülh müqavilələrinin imzalanması ilə işğal etdiyi bütün əraziləri qaytarmağa razılıq verdi. Uzunmüddətli hərbi fəaliyyət və danışıqlardan sonra Osmanlı dövləti də bütün işğal etdiyi Səfəvi torpaqlarının qaytarılmasına razı oldu. Danışıqlar nəticəsində 1639-cu ildə bağlanmış “Qəsri-Şirin” müqaviləsi ilə müəyyən edilmiş sərhədlərin bərpası haqqında razılıq əldə olundu. Bu müqaviləyə əsasən bütün Azərbaycan, müasir Gürcüstanın şərq qismi, Diyarbəkir və Mosul vilayətləri, habelə Nəcəf və Kərbəla şəhərləri Səfəvi dövlətinə keçirdi. Cənubi Qafqazın qərb vilayətləri və Bağdad şəhəri Osmanlı imperiyası tərkibində qalırdı. [15, 142] 1736-cı ilin sentyabr ayında tərəflər “Kürdan” sülh müqaviləsinin bağlanması haqqında razılığa gəldilər.[27, 96; 12, 107]
Əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya dövlətləri tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir Səfəvilər dövlətində naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək və özünü şah elan etmək üçün Nadir 1736-cı ilin mart ayında Muğan düzündə, Kürlə Arazın qovuşduğu yerdə (Suqovuşan, mənbələrdə Böyük Gənəşmə) qurultay çağırdı. Qurultayda taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzun sürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. Bununlada Səfəvi sülaləsinin hakimiyyəti (1501-1736) sona çatdı.
Nadir şah Əfşar sözün həqiqi mənasında fenomenal hərbi dühası və siyasi bəsirəti olan xadim olmuşdur. O öz dövlətinin Xəzər dənizində hərbi cəhətdən möhkəmlənməsi, dəniz nəqliyyatından gəlir əldə olunması üçün hərbi dəniz donanmasının yaradılması zərurətini gözəl anlayırdı. İngilis C.Elton məktublarından birində qeyd edirdi ki, o, Xəzər donanmasının yaradılmasında marağı olan Nadir şaha öz xidmətlərini təklif etmişdi. [26, 102;407-410] Tanınmış iranşünas alim M.Dürand C.Eltonun fəaliyyətini bu cür səciyyələndirir: “Elton Nadirə xidmət edərkən… gəmilərdən ibarət olan eskadranın tikintisi üzrə işlərə nəzarət edirdi… Onun məqsədi Xəzəri İran gölünə çevirmək idi”. [8, 226] İngilis tədqiqatçı G.Kerzonun fikrincə, Nadir Xəzərdə öz donanmasını yaratmaqla göstərilən məqsədləri güdürdü: türkmən dəniz quldurlarının onun imperiyasının şərq sahillərinə daimi basqınlarını əngəlləmək; dənizin qərb sahillərində dağlı tayfalarını cəzalandırmaq və itaətə gətirmək; Həştərxanla ticarətdə inhisarçı mövqeyi öz əlinə almaq. [7, 391] Ingilis tədqiqatçı P. Sayksqeyd edirdi ki, Nadir şahın dağlılara qarşı hərbi əməliyyatlar gedişində öz qoşunlarını ərzaqla təmin etmək üçün donanma yaratmaq zərurətindən başqa, Xəzər dənizi vasitəsilə ticarəti və hakimiyyəti bölüşdürmək istəyi də vardı. [17, 272] Qeyd edilməlidir ki, Nadir şah Rusiya imperiyasının Xəzər dənizindəki ticarət inhisarından narazı idi. [2, 60] O, Xəzər dənizinin strateji əhəmiyyətini çox gözəl anlayır, hərbi-siyasi və iqtisadi cəhətdən uzağa hədəflənmiş məqsədlər güdürdü. Ən başlıcası isə onun bu tədbiri bölgədə öz hakimiyyətinin daha da möhkəmlənməsinə hesablanmışdı. Həmin dövrdə Xəzər dənizində hərbi-dəniz donanmasına malik olan yeganə dövlət Rusiya idi. Bölgədə möhkəmlənməyə can atan I Pyotr Xəzər dənizində güclü donanma yaratmışdı. Başlıca gəmi növləri iki və ya üç göyərtəli gəmilər (40-100 toplu), freqatlar (30-dək top), pinklər (iki və ya üçdorlu yelkənli gəmilər), hekbotlar (üçdorlu yük gəmiləri), qukarlar (korvet növlü), şnyavlar (18 toplu) idi. Bunlardan əsasən kəşfiyyat məqsədilə istifadə edilirdi. Qalera (avarlı) donanması qaleralardan, skampaveyalardan (qaleradan kiçik yelkənli-avarlı, burun hissəsində 1 iriçaplı və bir neçə kiçik çaplı topu olan gəmi) və digər kiçik gəmilərdən ibarət idi. I Pyotrun vəfatı ərəfəsində Rusiya imperiyası Xəzər dənizində təqribən 100-dək gəmiyə malik idi. Tarixçi S.Aşurbəyli doğru olaraq göstərmişdir ki, “Çar hökuməti yerli gəmiçiliyin inkişafının qarşısının alınması üçün bütün tədbirləri həyata keçirirdi”. [20, 311] Məsələn, Rusiyanın hakim dairələri buraya ayrı-ayrı məhsul növlərinin, o cümlədən silah, barıt, qurğuşun, kükürd, şoran və hərbi təchizat üçün zəruri olan digər şeylərin, gəmi hazırlanması üçün ağac məmulatlarının və gəmi ləvazimatlarının, qiymətli metalların idxalını qadağan etmişdilər. [30, 238] Belə bir siyasət müdafiə qurğularının, gəmi istehsalının, qoşunların silahlandırılmasının, istehsal vasitələri hazırlanmasının inkişafına mane olmağa yönəldilmişdi. Rusiya hakimiyyəti əmin idi ki, əks siyasət Rusiyanın həm iqtisadi, həm siyasi, başlıcası isə geosiyasi maraqlarına zərər yetirə bilər. Xəzər hövzəsində “heç bir dövlətin möhkəmlənməsinə yol verməmək” Rusiyanın maraqlarının əsasını təşkil edirdi. [19, 53] Xəzər dənizində donanma yaradılmasına hər cür əngəllər yaratmaqla Rusiya hökumətin başlıca məqsədi istilalar zamanı heç bir dövlətin ona mane olmaq iqtidarında olmaması idi. C.Elton da bu mətləbi məktublarından birində üzə çıxarmışdır: “Gələcəkdə İran donanması Xəzər dənizinin sahili boyunca yerləşən İranın şimal əyalətlərinə müəyyən bir qəsd olacağı halda, Rusiya silahına da əngəl törədə bilərdi”. [29, 77] Nadirin əsas məqsədi Xəzərdə məhz hərbi üstünlüyə nail olmaq idi. Böyük sərkərdə Nadir şah Əfşar Xəzər dənizində hökmran mövqe qazanmağın vacib strateji əhəmiyyətini gözəl anlayırdı. O, bu istəyinə nail olmaqla öncə öz dövlətinin şimal sərhədlərinin təhlükəsizliyini təmin edə, ikincisi, bölgədə müharibə baş verəcəyi halda öz qoşunlarının ərzaq və sursatla təchizatı problemini həll edə bilərdi. Fikrimizcə, iqtisadi mənafelər Nadiri daha az düşündürürdü. Onun əsas niyyəti Rusiya imperiyasının bölgədəki mövqeyini zəiflətmək idi.
İngilis tədqiqatçı A.Bausani qeyd edir ki, “Nadir şah hərbi dəniz donanmasının zərurətini dərk etmiş ilk İran hökmdarı idi”. [3, 160] Britaniyalı tədqiqatçı L.Lokkarta görə, Nadir Xəzər dənizində hərbi donanma yaratmaq fikrinə Fars körfəzində belə bir işi gördükdən (1742-ci ildə) sonra düşmüşdü. [12, 289] Amerikalı tədqiqatçı V.Flur isə belə bir fikir bildirir ki, Xəzər dənizində öz donanmasının yaradılması zərurətini Nadir 1734-cü ildə Gəncənin mühasirəsi zamanı (Fars körfəzində donama yaradılmasından öncə) fikirləşmişdi. [10, 53] Qeyd etməliyik ki, həmin dövrdə Nadir şah öz qoşunlarının kifayət qədər ərzaq təchizatına xüsusi ehtiyac duyurdu. Buna görə də o, yardım üçün Dərbənddəki Rusiya komandanlığına müraciət etmişdi. Hadisələrin sonrakı inkişafı Nadirin diqqətini yayındırdı. V.Flurun qeyd etdiyi kimi, 1738-ci ilin əvvəlində onun Məhəmməd Hüseyn xanı qapotan başi (Xəzər dənizinin admiralı) təyin etməsi faktından biz belə bir nəticə əldə edə bilərik ki, Nadir şah Xəzər dənizində hərbi donanmaya malik olmanın zərurətini və mənfəətini yaxşı dərk edirdi [10, 53]. Güman etmək olar ki, burada Nadir şahın sonralar, 1743-cü ildə Qarmistrin sərdarı təyin etdiyi Məhəmməd Hüseyn xan Qırxlıdan bəhs olunur.[12, 218](qeyd:MəhəmədHüseyn xanı qapotan başi təyin edəndə Nadirin dəniz rütbələrindən az məlumatı var idi və o zaman hələ ingilislərlə əlaqə yox idi, onun üçün ruslardan eşitdikləri ifadələrdən (qapotan rusca kapitan deməkdir) istifadə edilirdi). Nadir Fars körfəzində öz donanmasını yaratmazdan və C.Eltonun gəlişindən xeyli öncə Xəzər dənizində hərbi-dəniz ehtiyacları haqqında aydın təsəvvürlərə malik idi.
Şimali Azərbaycanda üsyanları yatırarkən ərzaq təchizatı baxımından böyük çətinliklərlə üzləşmiş Nadir şah Xəzər dənizində hərbi donanmaya malik olmaq zərurətinə bir daha əmin oldu. [29, 66] L.Lokkartın göstərdiyi kimi, böyük hissəsi meşələrdən, dağ və qayalardan ibarət olan bu bölgədə hərbi əməliyyatlar gedişində bu cür nəhəng ordunun təchizatı son dərəcədə mürəkkəb idi. Qonşu Şirvan əyalətindən kifayət qədər ərzaq gətirmək mümkün olmurdu. Belə ki, həmin əyalət tez-tez basqınlara məruz qalır, viran edilirdi. Yeganə çıxış yolu isə ərzağın dəniz vasitəsilə çatdırılması idi. [12, 204] Nadirin sərəncamında olan bir neçə gəmi kiçik və quruluşuna görə bəsit idi (qeyd: yerli sakinlərin malik olduqları gəmilərin çoxunu rus fərariləri inşa etmişdilər. Bu bölgəyə 25 il öncə baş çəkmiş səyyah Con Bell qeyd edirdi ki, “Xəzərdə gəmiçilik müstəsna olaraq ruslara məxsus idi, iranlıların və digər sakinlərin balıqçı qayıqlarından başqa heç bir şeyləri yox idi” [4, 47]).Nadir şah Əfşar öz ordusunun dənizlə ərzaq təchizatında rus gəmi daşınmalarından tam asılı idi. Bu asılılıqdan yararlanan Rusiya tacirləri yaxşı qazanc əldə edirdilər. Rus tarixçisi P. Butkov göstərir ki, “Rusiya hökuməti yalnız rus tacirlərinə Xəzər dənizindəki Əfşar dövlətinin limanlarına ərzaq göndərmək icazəsi verirdi”. [21, 212, 510] 1741-ci ildə Nadir şah 10 rus gəmisinin icarəyə götürülməsi haqqında razılığa gəlmək üçünRusiyanın Əfşar dövlətində rezidenti(qeyd:rezident səfir rütbəsindən bir pillə aşağı rütbədir) İ.Kaluşkinə (1735-1742)müraciət etdi. Nadir şah bu gəmilərdən bir qismini Dağıstan üsyançılarına qarşı hərbi əməliyyatlarda istifadə etmək, digər qismini isə Həştərxandan ərzaq nəql etmək məqsədilə nəzərdə tutmuşdu. İ.Kaluşkin bu xahişi Sankt-Peterburqa çatdırdı. Lakin o, hökuməti xəbərdar etdi ki, Nadir şah bu gəmiləri əldə edəcəyi təqdirdə onları heç zaman geri qaytarmayacaq, çünki öz donanmasını yaratmaq arzusundadır. İ.Kaluşkinin bu xəbərdarlığı Rusiya hökumətini şahın xahişini yerinə yetirməkdən imtinaya təhrik etdi. [12, 204] Lakin Nadir öz məramından əl çəkmədi. Tezliklə o, ingilis ticarət agenti C. Eltonun yardımı ilə Xəzər dənizində öz donanmasının özəyini yaratmağa nail oldu.
1742-ci ilin yayında ingilislər Nadir şaha Xəzər dənizi boyunca ərzağın cənubdan şimala doğru daşınması üçün öz gəmilərini təklif etdilər vəNadir bu təklifdən bəhrələndi. [29, 66] L.Lokkart yazır ki, “İngilis əmtəələrindən ibarət olan gəminin yükü Ənzəlidə boşaldıldıqdan sonra o, İranda yerləşdirilmək üçün İran hökumətinin xidmətinə keçdi və 1742-ci ildə Dərbəndə düyü daşınmasında ondan iki dəfə istifadə edildi. Həmin Britaniya gəmisindən düyünün nəql olunması üçün istifadə etmiş Nadir özünün Dağıstandakı qoşunlarının dəniz vasitəsilə ərzaqla təchizatı sahəsində rus tacirlərinin yaratdıqları inhisarçılıq zəncirini müəyyən dərəcədə qıra bildi”. [12, 205] İ.Kaluşkinin ifadələrindən görünür ki, “böyük qəsbkar” Dağıstan üsyançılarına qarşı hərbi əməliyyatlara başlayarkən ilk növbədə Rusiyaya və onun cənub-şərq ərazilərinə münasibətdə iddialı məqsədlər güdürdü. [22, 140]
İlk gəmiqayırma tərsanəsinin özülü Ləngərudda (Gilan əyalətində) qoyuldu. Azərbaycanlı tədqiqatçı L.Yunusova bu faktı onunla izah edir ki, Abşeronda bu sahənin inkişafı üçün zəruri olan meşə materialı yox idi. Lakin o eyni zamanda qeyd edir ki, inşaatçılar Bakıda da yeni gəmiqayırma tərsanəsinin tikilməsini planlaşdırmışdılar. Bu məqsədlə ətraf kəndlərdən yüzlərlə kəndlini qovub gətirməklə onları gəmiqayırma işlərinə cəlb etmişdilər. İngilislər Gilandan meşə materialı, Mazandarandan isə dəmir nəql etməklə Ləngərudda tərsanə tikdilər. Beləliklə, onlar Nadir şah Əfşar dövlətinin ərazisində gəmiqayırma ideyasını gerçəkliyə çevirdilər və geniş miqyasda onun təşkilinə nail oldular. [29, 100]
1743-cüildə C.Elton rəsmən Nadir şaha xidmət etməyə başladı. Şah ona admiral rütbəsi verdi və 6000 manat məvacib təyin etdi. Bakının qalabəyi Mirzə Məhəmməd xan isə ober-admiral oldu. Bu faktın təsdiqini biz Britaniya taciri C.Kukun da məlumatında tapırıq: “Admiral olan Bakı hakimi”. [6, 380] Bu iqtibasdan da görünür ki, Bakı xanının həmin vəzifəyə təyin olunması 1743-cü ildə Məhəmməd Hüseyn xan Qırxlının Qarmistr sərdarı vəzifəsinə təyin edilməsi ilə eyni vaxta təsadüf edir. Beləliklə, Mirzə Məhəmməd xan bu vəzifədə Məhəmməd Hüseyn xan Qırxlını əvəz etmişdi. Güman etmək olar ki, bunun əsas səbəblərindən biri Abşeronda meşə olmaması idi. Təbiidir ki, ilk dövrdə cəmi iki gəmiyə malik olan ingilislərə gəmiqayırma materiallarını Bakıdansa yaxınlıqda yerləşən Ləngəruda daşımaq daha asan idi. Zaman keçdikcə Bakıda da yeni gəmiqayırma tərsanəsinin bünövrəsini qoymaq mümkün oldu. Bakı xanının gəmiqayırma rəisi təyin edilməsi məhz bu məqsədə xidmət edirdi. [29, 100-101] C.Elton Bakı hakimi, ober-admiral Mirzə Məhəmməd xanın yanında nominal admiral idi. Həmin dövrdə iki freqatın və dörd kiçik gəminin tikintisi başa çatmışdı, digər gəmilərin inşası isə davam etdirilirdi. Bakı xanı yüklərin rus gəmilərində baha başa gələn nəqlindənsə, əmtəələrin dəniz yolu ilə daşınması üçün öz gəmilərinə malik olmaqda daha çox maraqlı idi”. [20, 311]
İngilislər təqribən üç il ərzində (1743-1745-ci illər) Əfşar dövlətinin tərsanələrində bir neçə kiçik gəmi (təknə) və iki böyük gəmi (biri 20, digəri isə 25 topa malik olan) inşa etmişdilər. 1745-ci ildə dənizə buraxılmağa hazır olan 25 topluq gəmi Xəzər dənizində üzən istənilən rus gəmisindən üstün idi. O zaman daha dörd gəminin əsası qoyulmuşdu. [14, 311] Konsul İ.Bakuninin 30 sentyabr 1746-cı il tarixli məlumatlarına görə, gəmiqayırma tərsanəsinə yenicə toplanmış 300 nəfər gəmi qayırmağı bacaran dülgər və xarrat, bir o qədər də oradakı gəmilərdə dənizdə üzməyə öyrəşmiş matrosgöndərilmişdi. Gəncədən Ləngəruda dəmirçilər, çilingərlər və lövbər qayırmaq, top tökmək üçün misgərlər göndərilmişdi. C.Eltonun hazırladığı nümunə əsasında Ləngərudda 140 mis top tökmək əmr edilmişdi. [29, 120] C.Eltonun Əfşar dövləti üçün hərbi donanma inşa etdiyini, bu məqsədlə şah üçün silahlar gətirdiyini də qeyd etmək vacibdir. [29, 75] Beləliklə, Xəzər dənizində güclü hərbi donanma, Rusiya imperiyasının Xəzər hövzəsindəki mövqelərinə və donanmasına gerçək təhlükə yarada bilərdi.
C.Eltonun Nadir şaha xidmət etməsi və onun dövləti üçün gəmilər hazırlamasına dair xəbərlər Rusiyada hakim dairələri narahat etməyə başlamışdı. Təbiidir ki, C.Eltonun fəaliyyəti rus hökumətinin nəzərindən yayına bilməzdi. Russiyanın Əfşar dövlətində rezidentiV.Bratişev (1742-1748)1742-ci ilin sentyabr ayının 18-dən etibarən az qala hər raportunda xəbər verirdi ki, “C.Elton öz əməlləri ilə dövlətimizin maraqlarına böyük xələl gətirir”. [22, 197]
Zaman keçdikcə, xüsusilə 1745-ci ilin yanvar ayında C.Elton Nadir şah Əfşar üçün ilk gəmi hazırladıqdan sonra Rusiya hökumətinin narazılığı artdı. Nəticədə Rusiya imperatoru 1734-cü il müqaviləsinin 8-ci maddəsini qüvvədən düşmüş hesab etdi və bu tədbirlə ingilis tacirlərini Xəzər dənizi vasitəsilə Əfşar dövlətiylə tranzit ticarət hüququndan məhrum etdi. [16, 249-250] 1746-cı ilin noyabr ayında imperatriçə Yelizaveta Petrovna Xəzər dənizində Britaniya ticarətini tamamilə qadağan edən fərman verdi. [7, 543] Rusiya imperiyasının Xarici İşlər Kollegiyası C.Elton tərəfindən başlanmış gəmiqayırma işlərinin dayandırılması və bu işlərə rəhbərlik edənin Gilandan uzaqlaşdırılması haqqında qərar qəbul etdi. 1747-ci ildə rus dənizçiləri Xəzər dənizində olan iki iri freqatı yandırdılar. [25, 67] Britaniyanın Şimal Departamentinin dövlət katibi Lord Çestenfild öz hesabatlarında rusların bu addımının C.Eltonun fəaliyyəti ilə bağlı olduğunu göstərirdi. [26, 102-157] Böyük Britaniyanın Xəzər dənizi vasitəsilə İranla ticarətinə bu minvalla son qoyuldu. [16, 249-250] C.Eltonun fəaliyyəti Rusiya şirkətlərini xeyli xoşagəlməz hallarla üz-üzə qoydu. Rusların C.Eltona qarşı ittihamları bir çox hallarda şişirdilir, bəzən isə yalan olurdu. Lakin C.Eltonun Nadir şah Əfşara xidmət etməsi, Xəzər dənizində donanma yaratmaqda ona yardım etməsi ingilislərin perspektiv məqsədlərindən xəbər verirdi. Bu isə Rusiya rəsmi dairələrini bərk narahat etdirdi və nəticədə C.Eltonun müəssisəsinin məhv olmasına gətirib çıxardı. [12, 289] Belə bir məqamı da nəzərə almalıyıq ki, əslində C.Eltonun müəssisəsi Nadir şah Əfşarın 1747-ci ildə öldürülməsindən sonra başlanmış iğtişaşlar dövründə iflasa uğradı. 1751-ci ilin baharında Gilanda baş vermiş iğtişaşlar gedişində C.Elton da öldürüldü tərsanə və kiçik gəmilər isə məhv edildi. [12, 290],
- Kukun da daxil olduğu səfir heyəti 1747-ci ildə Həştərxana gəldiyi zaman ona xəbər verdilər ki, Britaniya ticarətinə son qoyulmuşdur. [6, 524] Əsas diqqətini “Rusiya hökumətinin həsəd aparması”na yönəldən ingilis tədqiqatçı G.Kerzon qeyd edir ki, “Rusların imperiya siyasəti Xəzər dənizindəki hakim mövqeləri qoruyub saxlamağa yönəlmişdi”. [7, 544] Lakin Rusiyanın Xəzər dənizi vasitəsilə ticarətində İngiltərənin iştirakına yol verməməsinin digər səbəbləri də vardı. 1747-ci ilin iyun ayında Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi, bu hadisənin ardınca çoxsaylı feodal qruplaşmaları arasında qızışmış ara müharibələri həmin səbəblər sırasındadır. Bununla yanaşı, Xəzər dənizində digər dövlətlərin donanma yaratmaq cəhdlərinin qarşısını qəti şəkildə almağa çalışan Rusiya hökuməti Nadir şahın öldürülməsindən sonra başlanmış iğtişaşlardan yararlanaraq ingilislərin Xəzər dənizində gəmiqayırma sənayesini məhv etdi.
Təbiidir ki, ingilislər də Xəzər dənizində Nadir şah üçün donanma yaratmaq işindən mənfəət əldə etməyə ümid bəsləyirdilər. Onlar güman edirdilər ki, İranda və Azərbaycanda gəmiqayırma ənənələrinin olmaması yaradılacaq donanma üzərində ingilislərin nəzarətinə imkan verəcəkdir. [30, 253] Qeyd edək ki, ingilislərin Xəzər dənizində inşa etdikləri gəmilərdə rəhbər heyəti əsasən özləri yaradırdılar.
Nadir şahın ölümü İran körfəzində və Xəzər dənizində öz ağalığını bərqərar etmək cəhdlərini iflasa uğratdı. Buna baxmayaraq, Xəzər dənizində və İran körfəzində hərbi-dəniz donanması yaratmaq səyləri, bu sahədə göstərdiyi fəda və inadkarlıq onun geosiyasi baxışlarının, dünyagörüşünün genişliyindən xəbər verir. Nadir şah öz dövləti ərazisində Avropa tipli naviqasiyanı və gəmiqayırma işlərini tətbiq etməyə çalışırdı ki, bu da onun Asiyada nadir hallarda təsadüf edilən mütərəqqi cəhdlərinə sübutdur. [9, 237]
L.Lokkart qeyd edirdi ki, “Cəmi bir neçə il ərzində hətta Nadir şah kimi qüdrətli avtokrat da həmin zamanadək dəniz işinə öyrəşməmiş, bu sahədə ənənəvi vərdişləri olmayan insanları dənizçilərə çevirə bilmədi.”Onun mütərəqqi cəhdlərinə baxmayaraq, əsaslı uğur qazana bilməməsinin əsl səbəbi məhz bundan ibarət idi. Lakin L. Lokkartın rəyinə görə, həmin təşəbbüs Nadir şahın ölümündən sonra baş vermiş hadisələrlə əlaqədar uğursuzluğa məhkum idi. [12, 221-222, 290] L.Lokkartın bu fikri ilə tam razılaşa bilmərik. Zənnimcə, Nadir şahın Xəzər dənizində hərbi-dəniz donanması yaratmaq cəhdlərinin uğursuzluğa düçar olmasının əsas səbəbi Rusiya imperiyasının güclü əks-təsiri ilə bağlı idi. Gəmiqayırma sahəsində yerli əhalinin təcrübi ənənələrinin olmaması məsələsinə gəldikdə isə qeyd etmək istərdik ki, təkcə C.Eltonun belə qısa zaman ərzində yerli əhalini həmin işə öyrətməsi L.Lokkartın fikrinin yanlışlığını göstərir. Səriştəli rəhbərlik olacağı halda gəmiqayırma işinin yaxşı perspektivi var idi. Lakin daxili iğtişaşlar, Rusiyanın güclü əks-təsiri buna imkan vermədi. Rusiya konsulu İ.Bakuninin sözlərinə görə, “Donanmanın bütün üstünlüklərini dərk etmiş iranlılar Nadir şahın öldürülməsindən sonra da gəmiqayırma işlərini davam etdirəcəklər. İranlıların bu donanmadan özləri və dövlətin təhlükəsizliyi üçün faydalanacaqları zaman, Nadir şah həyatda olmasa da, donanma saxlamağa davam edəcəklər. Halbuki hal-hazırda onların yalnız lövbərləri çatışmır, bu lövbərləri isə onlar tezliklə özləri hazırlamağa başlayacaqlar”. [29, 111]
Nadir Xəzər dənizində Rusiya imperiyasına qarşı durmaqdan başqa, başlıca olaraq Əfşar dövlətində yadelli təsirdən asılı olmayan ticarət donanması yaratmağa can atırdı. Bu donanmanın əsasını o, Fars körfəzində qoymuşdu. Lakin təəssüf ki, Nadir bu işi başa çatdıra bilmədi. Çünki Hind okeanı sahillərində qərar tutmuş İngiltərə ona hər vasitə ilə mane olmağa başlamışdı. O, bu cür çətinliklərlə Xəzər dənizində də üzləşdi. Burada Böyük Pyotrdan sonra rus ticarəti geniş miqyas almışdı. [24, 218]
Nəticə
Bu məsələ ilə bağlı yekun olaraq bəzi qənaətlərimi təqdim etmək istərdim. Nadir şah Əfşarın XVIII əsrin ikinci rübündə Xəzər dənizində hərbi dəniz donanması yaratmaq cəhdləri Azərbaycan tarixində bu sahədə ilk addım hesab oluna bilər. Tədqiqatın gedişində aşkar edilmişdir ki, Nadir şah Əfşar 1742-ci ildən xeyli öncə Xəzərdə donanma yaratmaq fikrində olmuşdur. Bu sahədə o, ilk tədbirlərini hələ 1738-ci ildə görmüşdü. Fars körfəzi və Xəzər dənizində donanma yaradılma təşəbbüsü tamamilə Nadir şah Əfşara məxsus idi və “ingilislərin məsləhətlərinin nəticəsi” kimi qiymətləndirilməməlidir. O, yalnız düşündüyünü həyata keçirmək üçün ingilis ticarət agenti C.Eltonu muzdla xidmətə qəbul etmişdi. Nadir şah Əfşarın əsas məqsədi yaratdığı imperiyanı həm də güclü dəniz donanmasına malik olmasını təmin etmək idi.
ƏDƏBİYYAT:
- Ali Djafar-Pour. Nadir şah Devrinde Osmanlı-İran munasebetleri, Ph.D. diss, İstanbul Universitesi, Edebiyat Fakultesi, 1977
- Avery P. Nadir Shah and Afsharid legacy, The Cambridge history of Iran: From Nadir Shah to the Islamic Republic.Vol. VII. Cambridge, 1993, p.3-62
- Bausani A. The Persians from the earliest days to the twentieth century. London, 1971
- Bell John A journey from St.-Peterburg in Russia to Ispahan in Persia with an Embassy from his Imperial Majesty Peter the First. Vol. I. London, 1764
- Braun H. Iran under the Safavids and in the XVIII century. Translated and adapted by Bagley F.R.C. The Muslim World, A history survey.PartIII, 1969, p. 181-219
- Cook J. Voyages and travels through the Russian Empire, Tartary and Part of Kingdom of Persia. Edinburgh. Vol. II. Edinburgh, 1770
- Curzon G.N. Persia and Persian question. Vol. II.London, 1892
- Durand M. Nadir Shah. A. Constable and co. ltd. London, 1908.p. 352
- Forster J. A Journey from Bengal to England, London, through the northern part of India, Kashmir, Afghanistan, and Persia, and into Caspian-sea. Vol. II. London, 1798
10.Floor W. The Iranian Navy in the Gulf during the eighteenth century. Iranian Studies.Vol. XX, №1, 1987, p. 31-53
11.Kashgarli Mahmud. Divanu Luğat-it-Turk, translated by Besim Altay, c. I. Ankara, 1939
12.Lockhart L. Nadir Shah. A critical study based mainly upon contemporary sources. London, 1938
13.Malcolm J. The history of Persia, from the early period to the present time. Vol. II, London, 1815
14.MarkhamC.R. A general sketch of the History of Persia. London, 1874
15.Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri. Bakı, 2002
16.Perry J.P. Karim Khan Zand (1747-1779). Chicagoand London, 1979
17.Sykes P. A history of Persia. Vol. II (in two volumes).London, 1921
18.Tapper R. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan(Cambridge Middle East Studies, number 7). New-York, 1997
19.Атаев Х.А. Торгово-экономические связи Ирана с Россией в XVIII – XIX вв. Москва, 1991
20.Ашурбейли С.Б. История города Баку (период средневековья). Баку, 1992
21.Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 гг. Часть I. Санкт-Петербург, 1869
22.Гаджиев В.Г. Разгром Надир Шаха в Дагестане. Махачкала, 1996
23.Гёзалова Н.Р. Вопросы истории Азербайджана XVIII в. (на основе сведений англоязычных источников и историографии).Москва, 2010
24.Кишмишев С.Р. Походы Надир-Шаха в Герат, Кандагар и Индию и события в Персии после его смерти. Тифлис, 1889
25.Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII века. Москва, 1966
26.Сборник Императорского Российского Исторического Общества, Том 12. С. Петербург, 1873; tом 40. С. Петербург, 1884; tом 91. С. Петербург, 1894; tом 102. С. Петербург, 1897; tом 103. С.Петербург, 1898
27.Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в. Москва, 1991
28.Сотавов Н.А. Крах Грозы Вселенной. Махачкала, 2000
29.Юнусова Л.И. Торговая экспансия Англии в бассейне Каспия. Баку, 1988
30.Юхт А.И. Торговые компании в России в середине XVIII в. Исторические Записки. Том 111. Москва, 1984, ст. 238-295
Nigar Gözəlova
AMEATarix İnstitutu, t.ü.f.d.,aparıcı elmi işci.