Avstraliya-Azərbaycan Assosiasiyasının Sidneydə Xocalı tədbiri Azərbaycan saytlarında əks etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərtac saytı yazır: Fevralın 26-da Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, Türkiyə və Pakistanın Sidney şəhərindəki baş konsulları, Ukraynanın fəxri konsulu, Sidneydə yaşayan həmyerlilərimiz, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Avstraliyanın Dövlət himnləri səsləndirilib.

Çıxış edən AAA-nın sədri Mikayıl Oyta bildirib ki, Azərbaycan xalqının nümayəndələri artıq 30 ildir erməni silahlıları tərəfindən Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan diaspor sədri bunun yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət birləşərək bütün dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlıları tərəfindən Xocalı şəhərində törədilən soyqırımı barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü dünyanın hər yerində həmvətənlərimiz tərəfindən qeyd edilir. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insan küçələrə axışaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün yürüş edib. Xocalı soyqırımının XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən diplomat 2020-ci ilin payızında baş verən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, bununla da şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb. Qeyd edib ki, bu tarixi Qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb. Azərbaycan rəhbərliyinin həmin ərazilərdə apardığı böyük quruculuq və bərpa işləri onların tezliklə öz doğma evlərinə qayıdacaqlarını deməyə ciddi əsas yaradıb.

Pakistanın baş konsulu Mohamed Əşrəf, Ukraynanın Fəxri konsulu Duma Yaroslav, Güney Azərbaycan Demokratik Türk Birliyinin insan və qadın haqları departamentinin sədri Sara Azərsun, Avstraliya Türk Birliyinin sədri Memet Evin və digərləri tədbirdə çıxış edərək Xocalıda törədilən faciənin bütün ölkələrdə yaşayan insanlara çatdırılmasının zəruriliyini bildiriblər. Bu faciəni törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar. Qeyd ediblər ki, belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin əlbir olması vacibdir.

Tədbirdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş film nümayiş etdirilib.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …