Çərşənbə axşamı , İyul 14 2026
azfa

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu ayına qədəm qoyduqları halda, hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır, müvəqqəti azadlığa buraxılmaq və vəkil xidmətindən istifadə etmək imkanından məhrumdurlar.

Fəallar tirin 22-də ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi zamanı onlara işlərinin bölüşdürülməsi məqsədilə dosyelərinin Evin Prokurorluğunun 6-cı İstintaq Şöbəsinə göndərilməsi barədə bildiriş təqdim olunduğunu bildiriblər.

İşin Evin Prokurorluğunun 6-cı İstintaq Şöbəsinə göndərilməsi barədə bildirişin verilməsi, bundan əvvəl 2026-cı il iyunun 30-da Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsində Abbas Lisani, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti barəsində keçirilən məhkəmə iclasına təsadüf edir. Həmin iclasda Abbas Lisani, Əli Xeyircu və Yusif Karı iştirak etməkdən imtina etmişdilər.

Yayılan məlumatlara görə, Abbas Lisani və Yusif Karı həbs olunduqları gündən etibarən dəfələrlə bildiriblər ki, saxlanılmalarını və məhkəmə prosesini “qanunsuz” hesab etdiklərinə görə istintaq və məhkəmə mərhələlərinin heç birində iştirak etməyəcəklər.

Abbas Lisani və Yusif Karı, Əli Xeyircu və Behzad Dəşti ilə birlikdə 2025-ci il noyabrın 11-də Evin həbsxanasının qarşısında azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına dəstək məqsədilə keçirilən aksiya zamanı saxlanılıblar. Onlar saxlanıldıqdan bir neçə saat sonra Evin Prokurorluğunun 6-cı İstintaq Şöbəsinə aparılıb və barələrində “qanunsuz qrup yaratmaq və ya ona üzv olmaq”, “ölkənin milli təhlükəsizliyi əleyhinə əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Saxlanılan şəxslər ilk günlərdən təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyüldüklərini bildirərək, aldıqları xəsarətlərin sənədləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilmələrini tələb ediblər. Onlar həmçinin Tehran prokuroruna və Evin həbsxanasının rəisinə ünvanladıqları məktublarda aldıqları xəsarətlərin qeydə alınmasını və sənədləşdirilməsini istəyiblər.

Behzad Dəşti bir ay, Əli Xeyircu isə təxminən iki ay həbsdə qaldıqdan sonra 6 milyard tümən məbləğində girov qarşılığında məhkəmə prosesi başa çatanadək müvəqqəti azadlığa buraxılıb.

Yusif Karı barəsində də əvvəllər 6 milyard tümən məbləğində girov qərarı çıxarılsa da, ailəsi girovu təmin etdikdən və bütün inzibati prosedurlar tamamlandıqdan sonra, son mərhələdə onun azadlığa buraxılması dayandırılıb və girov qətimkan tədbiri yenidən həbslə əvəz olunub.

Abbas Lisani və Yusif Karı Kəşfiyyat Nazirliyinin təcridxanasında həftələrlə təkadamlıq kameralarda saxlanıldıqdan sonra Evin həbsxanasının 7-ci korpusunun karantin bölməsinə köçürülüblər. Həbslərindən təxminən səkkiz ay sonra isə onlar həmin korpusun 6-cı zalına yerləşdiriliblər və hazırda da orada saxlanılırlar.

Abbas Lisani uzun illərdir bel yırtığı xəstəliyindən əziyyət çəkir və dəfələrlə qapalı üsulla cərrahi müdaxilə (ozon terapiyası) olunub. Hazırda isə mütəxəssis həkimin təyin etdiyi dərman və qida əlavələrinə çıxışının olmaması səbəbindən xəstəliyi həbsxanada yenidən kəskinləşib və fəqərəarası diskin yırtılması nəticəsində yaranan ağrıları daha da şiddətlənib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Əli Babayının dörd aylıq həbs müddəti qeydə alınmayıb, məzuniyyət hüququndan məhrum edilib və məhkəmə prosesi uzanır

GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əli Babayı xüsusi bölmədən təhlükəsizlik bölməsinə köçürüldükdən sonra …