Çərşənbə , Sentyabr 9 2026
azfa

ABŞ və üç Qərb dövləti İranın nüvə məsələsinin yenidən BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün qətnamə layihəsi hazırlayıb

GADTB: ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Direktorlar Şurasına təqdim etmək üçün İranın nüvə məsələsinin BMT Təhlükəsizlik Şurasına qaytarılması yolunu açacaq qətnamə layihəsi hazırlayıblar. “Associated Press” xəbər verir ki, bu addım İran İslam Respublikası rejiminin nüvə və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı öhdəliklərinə sadiqliyi barədə artan narahatlıqlar fonunda atılıb.

Sənəd hələ rəsmi olaraq BAEA Direktorlar Şurasına təqdim edilməyib və layihəni hazırlayan tərəflər arasında sənədin detalları və yekun mətni ilə bağlı danışıqlar davam edir. “Associated Press”-in məlumatına görə, layihə rəsmi şəkildə təqdim olunarsa, gələn həftə Vyanada keçiriləcək Direktorlar Şurasının iclasında səsverməyə çıxarılacaq.

Təklif olunan sənəddə, həmçinin BAEA-nın baş direktoru Rafael Qrossidən qətnaməni və bununla bağlı qərarları BMT Təhlükəsizlik Şurasına və BMT Baş Assambleyasına göndərməsi tələb olunur. Bununla yanaşı, layihədə İran İslam Respublikası rejiminin nüvə proqramı ilə bağlı mübahisənin diplomatik yolla həllinin axtarılmasının zəruriliyi də vurğulanır.

“Associated Press” BAEA müfəttişlərinin İranın nüvə obyektlərinə çıxış imkanlarının məhdudlaşdırılmasına da diqqət çəkib. Məlumata görə, 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra müfəttişlər bəzi zədələnmiş obyektlərə giriş əldə edə bilməyib. Agentlik hələ də 60 faizə qədər zənginləşdirilmiş 440,9 kiloqram uranın vəziyyətini yoxlamaq imkanına malik deyil.

BAEA xəbərdarlıq edib ki, müfəttişlərin obyektlərə çıxışının davamlı olaraq təmin edilməməsi və İran İslam Respublikası rejiminin nüvə materiallarını yoxlamaq imkanının olmaması «yayılma riski» yaradır. Agentliyin bildirdiyinə görə, bu məsələyə «son dərəcə təcili» qaydada baxılmalıdır.

Həmçinin yoxlayın

SEPAH: “İki ABŞ gəmisinə, səkkiz neft tankerinə və 10 gəmiyə hücum etmişik”

GADTB: Terrorçu SEPAH çərşənbə günü səhər saatlarında yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın Fars körfəzində …

CENTCOM: İrana məxsus beş neft tankeri ABŞ hərbi gəmisinə iki uğursuz raket hücumundan sonra məhv edilib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri sentyabrın 8-də, son iki gün ərzində …