Cümə , Aprel 19 2024
azfa

Albaniyada özgürlük davası haqqda

GADTB: Əldə olan məlumatlara görə, Səhl ibn Sumbat da ölkənin digər xristian hakimləri kimi müsəlmanlara qarşı üsyana dəstək verirdi, Üsyançıların başçısı Babəkin də yerli xristian hakimlərinə münasibəti ilk dövrlərdə pis deyildi. O, hətta Qafan hakimi I Vasakın qızı İbnət əl-Kəldaniyyə ilə evli idi (Orbelyan S., Brosset M-F., 1864-1866, s. 95-96).

Bəzz qalasının 836-cı ildə süqut etməsindən sonra Arrana qaçan Babək yaxın qohumları ilə birlikdə Zəngəzura gəlmiş, burada Səhl ibn Sumbata sığınmaq məcburiyyətində qalmışdı (The History of Al-Tabari, 1991, III, s. 1221 – 1222). Bundan istifadə edən Səhl gizlicə Xilafət ordusunun sərkərdəsi Afşinə məlumat göndərir və Babəki ələ verir və buna görə 1 milyon gümüş dirhəm alır. Bundan başqa o, Babəkin qardaşı Abdullahı da ələ keçirib müsəlmanlara təhvil verir və buna görə də ayrıca 100 min dirhəmlə mükafatlandırılır. (The History of Al-Tabari, 1991, III, s. 1272).

Bu fakt Musa Kağankatlının “Alban tarixi” kitabının nəşr edilməmiş hissəsində öz əksini belə tapmışdır: “Tavağanın 286-cı ilində Bağdaddan qəflətən 20 min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Bunun ardınca Zarmirxaqan hökmdar nəslindən olan Səhl Smbatean böyük şəhid Georgini köməyə çağırıb gözünü ona zillədi və qartal aciz quşların üzərinə şığıdığı kimi, onlara hücum etdi, Onları qırıb çöllərə saldı və qaçmağa məcbur etdi. Elə həmin ildə həmin knyaz – Səhl ibn Sumbat ölkələri dağıdıb ölümsaçan, qaniçən və yırtıcı qiyamçı Babəki tutdu və onu əmirəlmöminin ixtiyarına verdi. Öz səyinə görə o, xəlifədən böyük mükafat aldı, Ərməniyyəyə, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə məlik kimi hakimlik etdi” (Тер-Григорян Т. И., 1897, s 161-162).

Həmin dövrün hadisələri ilə əlaqədar qaynaqlarda mənşəcə Qafqaz albanlarından olan Yesai Əbu Musanın da adı çəkilməkdə, o, bəzən İsa ibn İstifanus kimi yad edilməkdə, Beyləqan hakimi olduğu və pavlikanlara və müsəlmanlara qarşı mübarizədə ad çıxartdığı bildirilməkdədir.

Qaynaqlardan belə aydın olur ki, tavağanın 279-cu ilində (830-831-ci illər) daha öncə üsyan edən və Babəkin yardımı ilə üsyanları yatırdılan pavlikanlar yenidən üsyan edərək yerli hakimlərdən Ablasadı öldürdülər. Onlar Aşağı Arranı ələ keçirməyi və onu 12 il əldə saxlamağı bacarsalar da, «Ablasadın yaxın adamları onun qatillərini (pavlikanları) tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu (və) hamısına hökmranlıq etdi»’

(История Албанской страны..,

1969, s. 463-465). Tavağanın

289 (840-841)-cu ilində pavlikianlar yenidən qarışıq yaratdılar və Aranın bəzi əyalətlərində talan və qarətlər həyata keçirdilər.

Bu dəfə də “Əbu Musa adlanan Yesai” onları “darmadağın etdi”

(Dowset C. J., 1961, s. 461). Beləcə onun nüfuzu daha da artdı. Əbu Musa digər alban knyazları kimi Babəklə ittifaqda idi.

Babəkin üsyanı yatırıldıqdan bir neçə il sonra, daha dəqiq desək, 851-ci ildə, Arranda Xilafətə qarşı yeni güclü üsyan qalxdı. Əbu Musa da üsyanda fəal iştirak edirdi. Xəlifə Mütəvəkkil üsyançılara qarşı müsəlman türk sərkərdəsi Buğa əl-Kəbirin başçılığı altında böyük ordu göndərdi və əmr verdi ki, cəza dəstələri üsyan edənlərdən heç kəsə rəhm etməsinlər, «belində qılınc gəzdirən, silah daşıyan hər kəsi, üsyanda iştirak edənlərin» hamısını məhv etsinlər. Yalnız məşhur adamlardan biri İslamı qəbul etsə, onun yanına gətirsinlər (Bünyadov Z., 2007, s. 211).

Z. Bünyadov yazır ki, xəlifənin göndərdiyi Buğa «erməniləri, albanları və onların batriklərini yoxlayırdı». Buğa əl-Kəbirin ordularından biri sanarlara qarşı müvəffəqiyyətsiz müharibədən

sonra üsyan etmiş knyaz Yesai Əbu Musanı əzmək üçün göndərildi, o zaman Arranın böyük hissəsinə malik olan knyaz Yesai bundan xəbər tutanda «Beyləqan (vilayətindən) olub, Beyləqanın 10 fərsəngliyində, Bərdədən isə 15 fərsəng aralı Ktiş qalasında» müdafıə mövqeyi tutdu, dərəni tutub, qalaya gedən yolu ərəblərin üzünə bağlamağı öz dəstələrinə əmr edərək dedi: «Biz sanarlardan pis olmayacağıq, çünki istehkamlarımız onlarınkından güclü və yüksəkdir» (Bünyadov Z., 2007, s. 211-212).

Şahlar Hacıyev,

Bəxtiyar tuncay.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …