
GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP layihəsi çərçivəsində İranın narahatlıqlarını azaltmaq üçün Tehrana ABŞ hərbi və ya təhlükəsizlik qüvvələrinin İranla sərhəd ərazilərdə yerləşdirilməyəcəyinə dair zəmanət verə bilər.
Vatanka yazır ki, Tehran TRIPP layihəsini əvvəldən regional maraqlarına potensial təhdid kimi dəyərləndirib. Onun sözlərinə görə, İran daxilində layihəyə münasibət birmənalı olmayıb: sərt xətt tərəfdarları “Amerika dəhlizi”nin yaradılmasının qarşısını almağa söz verib, prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı isə daha ehtiyatlı və müsbət mövqe nümayiş etdiriblər.
“Son dövrdə İranın mövqeyi daha şərti xarakter alıb. İranın Ermənistandakı səfiri Tehranın mövqeyinin layihənin İran üçün geosiyasi və ya geoiqtisadi təhlükəsizlik təhdidi yaradıb-yaratmamasından asılı olacağını bildirib. Səfir, habelə, regional tranzit və nəqliyyat təşəbbüslərində bölgə ölkələrinin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb”, – deyə, ekspert yazıb.
Vatanka hesab edir ki, İranın Zəngəzur layihəsi ilə bağlı narahatlıqları ABŞ-nin Cənubi Qafqazda artan iştirakı, Türkiyənin regional rolunun güclənməsi və İsrail-Azərbaycan təhlükəsizlik əlaqələri ilə bağlı daha geniş geosiyasi narahatlıqların bir hissəsidir. Onun fikrincə, Tehran bunları ABŞ-nin İranı regional mühasirəyə almaq siyasətinin elementləri kimi qəbul edə bilər.
Analitik qeyd edib ki, Ermənistan və Azərbaycan İranın razılığı olmadan ABŞ və ya digər ölkələrlə bu layihə üzrə razılaşmalar imzalaya, ABŞ isə İranın razılığı olmadan infrastrukturun maliyyələşdirilməsində və idarə olunmasında iştirak edə bilər.
Bununla belə, Vatankanın fikrinə görə, İran strateji baxımdan bu prosesdən kənarda qala bilməz. Onun sözlərinə əsasən, ölkənin coğrafi mövqeyi İranın regional proseslərdə əhəmiyyətini qoruyur. “TRIPP layihəsinin ABŞ və İran arasında yeni qarşıdurma mövzusuna çevrilməsinin qarşısını almaq üçün Vaşinqton və İrəvan Tehrana layihə çərçivəsində İranla sərhəddə ABŞ hərbi qüvvələrinin yerləşdirilməyəcəyinə dair açıq zəmanət verməlidir…”, – deyə, o vurğulayıb. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi