Şənbə , Aprel 27 2024
azfa

Arran (Albaniya) və Qıpçaq türkləri

GADTB: Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi

Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qarqarları, utiləri, massagetləri, dondarları, hunları, xəzərləri, bolqarları, kumanları, qıpçaqları, onuyğrları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları – udinləri, çilbləri, qatları, leqləri, ubıxları, herləri və sairə öz ərafında birləşdirərək

(Гейбуллаев Г., 1991, s. 73-76), tarixi mənbələrdə «Albaniya» adı altında yad edilən dövlət qurmuşdular.

«Kitabi-Dədə Qorqud»da da bu xalqdan söhbət açılır, oğuzlarla iç-içə yaşadıqları qeyd edilir və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir.

Şərqşünas alim Süleyman Əliyarov yazır ki, «Dədəm Qorqud» kitabının araşdırılması Azərbaycanda uzun sürən etno – tarixi inkişafın yeni, «gözlənilməz» bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir:

«Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar».

Alim bildirir ki, «Alpanlar» etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. “7-ci boyda oxuyuruq: «Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən «alpanlar» sözünü «alplar» kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan «vityazi» şəklində çevrilmişdir. Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı «alpanlar» sözünü «alplar» sözü ilə əvəz emişdir. Lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda «alpanlar» yazıldığını bildirmişdir.

Kitabda «alpanlar» etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl

IV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Qədim albanların adı bu gün Qubanın «Alpan» kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür” (Əliyarov S., 1991, s. 142 – 143).

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır (The Gothik history.., 1960).

Bu məlumatdan açıq-aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdudlarına qədər, yəni Çinə qədər yayıl mışdılar. Təsadüfi deyil ki, bu gün qazaxların «alban» adlandırılan qolu məhz Çindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda və Monqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar.

Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun (Велиханов Ч., lV, s. 326), qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun əsərlərindən öyrənmiş oluruq (Абромзон, 1960, s. 82, 66). Karmışevanın əsərlərində də albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır (Кармышева, 1954, s. 16, cədvəl 2). Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabında albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir (Жданко, 1950, s. 41).

Beləliklə, albanlar təkcə Azərbaycan türklərinin deyil, Orta Asiya türklərinin də etnogenezində yaxından iştirak etmişlər və bu proses erkən orta əsrlərdən başlamışdır. Məhz həmin dövrlərdə albanlar Kazaxıstan ərazisinə qədər yayılmışlar və kazax xalqının formalaşmasına öz töhfələrini vermişlər.

Məlum olduğu kimi, qazax boyları üç jüzdə (ulu jüz, orta jüz və kiçik jüz) cəmləşmişlər. Albanlar kanqlı, dulat, mady (matay) və s. türk boyları ilə birlikdə ulu jüzə daxildir (Гасанов З., 2000, s. 114). V. Vostrov və M. Nukanovun yazdıqlarına görə, bu boylardan ən qədimləri albanlar və madaylar hesab edilirlər (Востров, Муканов, 1968, s. 46, 118). Bunlardan madayların (matayların) adına ilk dəfə e.ə. 835-ci ilə aid Aşşur mənbələrində rast gəlinməkdədir (Дьяконов, 1951, s. 34-35). Antik qaynaqlarda onlar “midiyalı” adlanır və Azərbaycan ərazisində mövcud olmuş qüdrətli Midiya dövlətlərinin qurucuları hesab edilir. Atropatena // Azərbaycan dövləti məhz bu dövlətin Böyük və Kiçik Midiyaya parçalanmasından sonra Kiçik Midiyanın bazasında yaranmışdır. (Дьяконов, 1956, s. 93).

Bəxtiyar Tuncay,

Şahlar Hacıyev.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …