
GADTB: Avstraliya hökuməti İran hakimiyyətinin xalq etirazlarını zorakılıqla yatırması və bölgədə sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq yeni maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq etdiyini açıqlayıb.
Avstraliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “yanvar ayında İran hakimiyyəti minlərlə öz vətəndaşını qətlə yetirib, dinc etirazçılara qarşı genişmiqyaslı həbslər həyata keçirib”. Bəyanatda saxlanılan şəxslərin işgəncəyə məruz qaldığı, məcburi etiraflara zorlandığı və ailələri ilə əlaqədən məhrum edildiyi qeyd olunub.
Sənəddə həmçinin İranda internetə çıxışın məhdudlaşdırılmasına toxunularaq bildirilib ki, bu addım “dünyanın baş verənlərdən xəbər tutmasının qarşısını almaq məqsədi” daşıyıb.
Avstraliya hökuməti yeddi nəfər və dörd qurumun sanksiya siyahısına salındığını açıqlayıb. Onların arasında İranın daxili işlər naziri, FARAJA İctimai Təhlükəsizlik Polisi rəhbəri, Tehran vilayətində “Əmr be məruf və nəhy əz münkər” qərargahının katibi və Tehran vilayətindəki Seyyidüş-Şühəda Sepahının komandiri də var.
Bəyanatda sanksiyaya məruz qalan şəxslərdən birinin “İranda qadın və qızların repressiyasına rəhbərlik etdiyi” və “80 min qüvvənin yerləşdirilməsi ilə məcburi hicab nəzarətini həyata keçirdiyi” iddia olunur.
Digər bir şəxs isə “ev-ev məlumat toplayan və yerli patrullar vasitəsilə hökumət əleyhdarlarını müəyyən edib cəzalandıran yerli informasiya bazalarının qurucusu” kimi təqdim olunub. Bəzi digər şəxslərin isə xarici vətəndaşların “ədalətsiz həbsinə” cavabdeh olduğu bildirilib.
Sanksiyalar həmçinin İranın gizli bank sistemi kimi təsvir edilən maliyyə şəbəkəsini də hədəf alır. Avstraliya bu sistemin İran hakimiyyətinə regional silahlı qrupları maliyyələşdirmək, ballistik raket proqramını dəstəkləmək və digər sabitliyi pozan fəaliyyətləri davam etdirmək imkanı verdiyini iddia edib.
Sanksiya tətbiq olunan qurumlar arasında İran Polis Qüvvələri, Səraj Kiber Məkanı Təşkilatı, “Berlian” valyutadəyişmə şirkəti və “GCM” valyutadəyişmə şirkəti də yer alıb.
Avstraliya hökuməti vurğulayıb ki, bu addım Birləşmiş Krallıqın İranla bağlı yeni sanksiyaları ilə eyni vaxta təsadüf edir və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə İran hakimiyyətinin repressiya siyasətinə görə cavabdeh tutulması məqsədi daşıyır.
Məlumatda qeyd olunub ki, Anthony Albanese hökuməti əvvəlki Avstraliya hökumətlərindən daha sərt siyasət yürüdərək İrana qarşı 230-dan çox yeni sanksiya tətbiq edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi