Çərşənbə axşamı , Mart 2 2021
azfa

Azərbaycan dövlətçilik tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri

GADTB: XX yüzilliyin birinci rübündə mürəkkəb və rəngarəng ictimai-siyasi həyat yaşamış Azərbaycan cəmiyyətinin görkəmli xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadə çox gənc yaşında siyasi həyata qoşulmuş, ətrafında baş verənlərə, cəmiyyətin nöqsanlarına, Qafqaz müsəlmanlarının taleyinə biganə qalmamışdı. Maarifçilik, xeyriyyəçilik yolu ilə müsəlmanların tərəqqiyə nail olacağına ürəkdən inanmış, publisist yazılarında elmi, hümməti təbliğ etmişdi. 1905-ci ildə “Hümmət” qəzetində 21 yaşlı Rəsulzadə Azərbaycan gəncliyinin siyasi mənsubiyyət mənzərəsinin təsnifatını vermişdi: “…Biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü əqidəpərəst, dördüncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünə məxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən hamımız tək-tək tələf olluq… Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə, birləşməli, öz fikir və fellərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl fel iş görək”. Həmin məqaləsini Rəsulzadə 1917-ci il iyulun 5-də “Açıq söz” qəzetində təkrar nəşr etdirmişdi. Əgər, Rəsulzadənin etirafına görə, azərbaycanlıların milli, siyasi şüuru 1905-ci ilədək milli məktəb, milli mətbuatdan uzağa getmirdisə, bu dövrdən 1917-ci ilin fevralınadək Azərbaycanın milli siyasi qüvvələri milli mədəniyyətin, dilin azad inkişafı üçün lazımi şəraitin yaradılmasını tələb edirdilərsə, artıq 1917-ci ilin martından Rusiya dövləti hüdudlarında Azərbaycana məhəlli muxtariyyət ideyası aparıcı yer almağa başlamışdı.

M.Ə.Rəsulzadənin dəstəklədiyi məhəlli muxtariyyət – Azərbaycan muxtariyyəti ideyasının məhz müsəlman məclislərində (Qafqaz müsəlmanları, sonra isə Rusiya müsəlmanları qurultayı) qızğın fikir ayrılığına, diskussiyaya səbəb olması diqqəti xüsusilə çəkir. Münaqişə Rəsulzadənin ibarəsilə “bir tərəfdən türkçülər, digər tərəfdən də islamçılarla sosialistlər arasında idi”. Qurultaylardakı çıxışlarının əsasını federasiya ideyası təşkil edən M.Ə.Rəsulzadə çoxsaylı və çoxmillətli dövlətin bir mərkəzdən idarə oluna bilməsini “demokratik respublika” prinsipi baxımından qeyri-mümkün hesab edirdi. 1917-ci ilin aprelindən “Azərbaycan muxtariyyəti” ideyası ictimai status qazanır. Həmin ilin mayında Moskvada keçirilmiş Rusiya müsəlmanları qurultayında Rəsulzadə “Rusiyadakı 30 milyon müsəlmanın 29 milyonu türkdür” deyirdi. İslam aləmində milli diferensiallaşmanın olduğu gerçəkliyində Rusiya türklərinin milli özünüdərkinin geri qalması və milli mənsubiyyəti ilə dini inancını ayırd edə bilməməsi nəinki Rəsulzadəni, bütün tərəqqipərvər millətsevər ziyalıları ağrıdırdı. Rusiya türkləri arasında diferensiallaşma getdiyini və labüdlüyünü nəzərə alaraq “Biz milli-məhəlli muxtariyyət əsasına görə Azərbaycan, Dağıstan, Türküstan və b. kimi ayrı məhəlli muxtariyyətlərə malik olan Türk qövmləri üçün muxtariyyat istiyoruz” deyirdi. Milli-məhəlli muxtariyyət çərçivəsində müsəlman-türk xalqlarının tərəqqisinə çalışan Rəsulzadə Rusiya Federasiyası ilə yanaşı Azərbaycan muxtariyyəti şüarını təqdir və təbliğ edirdi.

“Azərbaycan muxtariyyəti” ideyası Azərbaycan dövlətçiliyi gerçəkləşənədək aktuallığını saxladı, müxtəlif məzmun və səviyyələrdə təqibə məruz qaldı. İdeyadaşıyıcı qüvvələrin nüfuz və say artımı digər siyasi qüvvələri qıcıqlandırırdı və onların koalisiya yaratmağına belə səbəb olurdu. Qarşıdurma getdikcə kəskinləşirdi. Məsələyə geniş aydınlıq gətirən M.Rəsulzadə 1917-ci ilin dekabrında yazırdı: “Bu gün Azərbaycan muxtariyyətindən bəhs olunuyorsa, həmən İrəvan, Gəncə və Bakü quberniyaları ilə sair Zaqafqasiya uyezd və mahallarından bəhs olunuyor deməkdir”.

“Azərbaycan muxtariyyəti” ideyası hakimiyyətə gələn bolşeviklər tərəfindən süngü ilə qarşılandı. Onların bəyan etdikləri prinsiplər ilk vaxtlar çox cəlbedici görünürdü. M.Ə.Rəsulzadə də bu prinsiplərin reallaşmasını istəyirdi və gözləyirdi: “İnqilabın ilk günləri məclisi-müəssisan intizarı ilə keçiyordu. Məclisi-müəssisan bir an əvvəl toplanacaq, köylülərə torpaq, əmələlərə iş, millətlərə də muxtariyyət təmin edəcəkdi”. Bu fikirlər Fevral inqilabından sonra beyinlərə hakim kəsilmişdisə də, bolşeviklər onların reallaşacağını vəd edirdilər. Lakin Rusiya Müəssislər Məclisi bolşeviklər tərəfindən qovuldu və Cənubi Qafqazdan seçilən üzvlər Zaqafqaziya Seymini təşkil etdilər. Seymdə Azərbaycan fraksiyalarının ümumi rəyasət heyətinin sədri M.Ə.Rəsulzadə, müavinləri isə M.Y.Cəfərov və N.Yusifbəyli idi.

M.Ə.Rəsulzadənin Seymdəki xidməti həm də diplomatik fəaliyyəti ilə əlamətdardır. O, Osmanlı dövləti ilə münasibətlərin nizamlanmasında fəal rol oynamışdır. Bu zaman nə Osmanlı dövlətinin mənafeyinin zərbə almasına, nə də Cənubi Qafqazın mənafeyinin tapdanmasına yol verməmək istiqamətində iş aparmışdır. Qars, Batum, Ərdəhanla bağlı iddiada Türkiyəni Ərzincan barışığının pozulmasında günahlandırmağı təklif edənlərə qarşı çıxan Rəsulzadə eyni zamanda bildirirdi ki, Rusiyadan və Türkiyədən olan təhlükə bizi daha sıx birləşdirməlidir. O, Cənubi Qafqazın müstəqilliyi və birliyi naminə isə Azərbaycanın maraqlarını güzəştə getmək mövqeyini qəbul etmirdi. Əksinə, 1918-ci ilin yazı üçün yaranmış vəziyyətdə Cənubi Qafqazın müstəqilliyinin elan edilməsini Azərbaycanın mənafeyinə məqbul akt kimi real çıxış yolu hesab edirdi: “Zaqafqaziya müstəqil olmalıdır. Bu müstəqillik zərurətə çevrilməlidir”. Bu məsələnin reallaşması üçün Seymin digər fraksiyalarının mövqeyinə təsir etmək məqsədilə M.Ə.Rəsulzadə Trabzon danışıqlarına tərəfdar olan menşeviklərdən istifadə etməyi lazım bilirdi.

Batumda Osmanlı dövləti ilə yeni sülh danışıqlarında iştirak edəcək Cənubi Qafqaz nümayəndəliyinin üzvlərindən biri M.Ə.Rəsulzadə olmuşdur. O, M.H.Hacınski ilə birlikdə əsas tərkibdə Azərbaycanı təmsil edirdi. Batum danışıqlarında getdikcə artan gərginlik və ziddiyyətlər Cənubi Qafqaz Federasiyasının parçalanması ilə nəticələndi.

Tiflisdə Cənubi Qafqazla bağlı taleyüklü dəyişikliklər baş verdi. Gürcüstan istiqlaliyyətini bəyan etdikdən sonra Seymin bütün azərbaycanlı üzvlərinin yığıncağı özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdi. M.Ə.Rəsulzadə gizli səsvermə nəticəsində qiyabi olaraq Milli Şuranın sədri seçildi. Azərbaycan Müvəqqəti Milli Şurası Azərbaycanın siyasi müqəddəratını təyin etməyə, Azərbaycanın istiqlalını elan etməyə, Azərbaycan Xalq Cümhuriyyətini bəyan etməyə səlahiyyətli orqan idi.

Azərbaycan dövlətçiliyi 1918-ci ilin iyununda Gəncədə məhv olma təhlükəsi altında qalanda M.Ə.Rəsulzadənin çevik, cəsarətli mövqeyi həlledici rol oynadı. Azərbaycan dövlətçiliyini partiyalar fövqünə qoyaraq özünün sədri olduğu dövlət hakimiyyət orqanını – Milli Şuranı buraxmağa, səlahiyyətlərini şərtlərlə hökumətə verməyə razı oldu. Bu addımı “demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru” adlandıran Rəsulzadə Milli Şuranın buraxılmasının səhəri günü İstanbulda keçirilən sülh konfransında iştirak etmək üçün “Azərbaycan Məclisi-Millisi rəisi Rəsulzadə Məmmədəmin bəy Əfəndi təhdi-rəyasətində…” statusunda İstanbula yola düşmüşdür. Faktiki olaraq Milli Şuranın fəaliyyətsiz qaldığı dövr (1918, iyun-noyabr) M.Ə.Rəsulzadənin Azərbaycanda olmadığı müddətdir. Batum konfransında həlledici səs sahibi olmuş 2 azərbaycanlı nümayəndədən biri kimi müəyyən diplomatik təcrübəyə malik M.Ə.Rəsulzadə 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini, Bakı-Batum neft kəmərinin istismarına, Cənubi Qafqaz dəmiryol xətlərinə dair sazişləri imzalamışdır. Bu baxımdan Azərbaycan hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı, İstanbul beynəlxalq konfransına göndərilən nümayəndə heyətinə M.Ə.Rəsulzadənin sədr təyin edilməsi təbii, əsaslı, məntiqi qəbul edilə bilər.

M.Ə.Rəsulzadənin başçılıq etdiyi 7 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iyunun 24-də İstanbula gələrək fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəsmi diplomatik nümayəndəliyinə beynəlxalq konfransın bütün iştirakçıları ilə müxtəlif səciyyəli müqavilələr bağlamaq, yalnız Osmanlı dövləti və Dağlılar Respublikası ilə hər cür gizli sazişlər imzalamaq səlahiyyətləri verilmişdi. Nümayəndəliyin fəaliyyəti konkret göstəriş çərçivəsində məhdudlaşmamışdır. Əksinə, M.Ə.Rəsulzadə 1918-ci il iyulun 19-da İstanbuldan M.H.Hacınskiyə göndərdiyi məlumatda Azərbaycan dövlətinin xarici siyasət kursunu müəyyənləşdirəcək informasiyalar (xüsusən Bakı nefti ətrafında) verməklə yanaşı, AXC hökumətini ən vacib tədbirlər görməyə istiqamətləndirmişdir. Ordu yaradılması işinin diqqət mərkəzində durduğunu, xüsusi hərbi nazirliyin təsis edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, Şimali Qafqaz hökuməti ilə əlaqələr qurmağı vacib saymışdır. Rəsulzadə İstiqlal Bəyannaməsinin, bu barədə hökumətlərə göndərilən teleqramın surətlərini, Borçalı və Qarayazı bölgələri ilə bağlı sənədləri, Qafqazın xəritəsini göndərməyi tapşırmış, özü də bir sıra sənəd və materialları məktubla birgə yola salmışdı. Azərbaycanda işləmək üçün müəllimlər axtarmaq, kitab tədarükü, maliyyə və xarici işlər üzrə müşavirlər tapmaq da Rəsulzadənin İstanbul səfərindəki fəaliyyətinə daxil idi. Türkiyədəki Qafqaz azərbaycanlıları, İran azərbaycanlıları ilə görüşləri də siyasi məzmundan xali deyildi.

Azərbaycan hökuməti mütəmadi olaraq M.Ə.Rəsulzadə ilə əlaqə saxlayır, respublikanın taleyüklü məsələlərinin həlli yönündə tədbirlər görülürdü. Azərbaycanın sərhədləri cızılmış xəritələr göndərilir və hər vasitə ilə həmin sərhədləri müdafiə etmək vəzifəsi Rəsulzadənin üzərinə qoyulurdu.

Azərbaycan dövlətinin qonşularla münasibətdə yaranmış kəskin problemlərinin (sərhədlər məsələsi, əmlak bölüşdürülməsi, pul nişanlarının buraxılması və s.) çözülməsi missiyası xarici aləmlə – dövlətlərlə təmas qurmaq imkanı və səlahiyyətinə malik, başlıcası isə yardımından faydalanmağın mümkün olduğu bir ölkədə olan M.Ə.Rəsulzadənin diplomatik fəaliyyətinin əsas məzmununa çevrildi. Azərbaycan hökumətinin ən böyük qayğılarından biri pul nişanlarının çatışmazlığı idi. 1918-ci il sentyabrın ortalarınadək maliyyə məsələsi barədə M.Ə.Rəsulzadə Azərbaycan hökumətinə göndərdiyi hər məktub-hesabatında məlumat vermişdir. Osmanlı hökuməti ilə maliyyə məsələlərinə dair aparılan danışıqlar 2 müqavilənin bağlanması ilə nəticələnmiş, Azərbaycanın maliyyə missiyasının üzvləri ilə yanaşı, müqavilələri sülh nümayəndə heyətinin sədri kimi M.Ə.Rəsulzadə də imzalamışdır. M.Ə.Rəsulzadə İstanbulda tələbələr, müəllim və kitab məsələləri ilə məşğul olmaqla yanaşı, əsas diqqəti Almaniya-Türkiyə, Almaniya-Rusiya münasibətlərini izləməyə, Bakı ətrafında formalaşan siyasi ab-havanı öyrənməyə yönəltmişdir. Onun mütəmadi görüşdüyü dövlət rəsmiləri Tələt paşa və Ənvər paşa olmuş, alman səfiri Bernsdorfla söhbətlərində Almaniyanın Bakı ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışmışdır. Diplomatik və qeyri-rəsmi görüşlərinin məzmunu, mətbuat səhifələrində beynəlxalq aləmdə əhəmiyyət kəsb edən hadisələri əks etdirən materiallar haqqında Azərbaycan hökumətinə məlumatlar göndərmişdir. Rəsulzadənin “Bakı məsələsi”ndə gəldiyi qənaət və hökumətə tövsiyəsi qəti idi: “Nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır”. Hərbi əməliyyatları davam etdirməklə yanaşı, diplomatik fəaliyyəti gücləndirmək effektli nəticə əldə etməyin ənənəvi yolu sayılsa da, M.Ə.Rəsulzadə Tələt paşa və Bernsdorfla növbəti görüşlərindən sonra sentyabrın 6-da M.H.Hacınskiyə məlumatında Bakı məsələsinin yeganə həlli yolunu göstərirdi: “Bakı məsələsi yalnız qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan. Hətta alındıqdan sonra belə biz çoxlu diplomatik çətinliklərlə üzləşməli olacağıq. Bunları (qarşıdakı vəzifələri) yerinə yetirmək üçün biz əvvəlcə ordu yaratmalıyıq”.

Azərbaycan hökuməti bu yöndə fəaliyyətini səfərbər etdiyi kimi, M.Ə.Rəsulzadə də hərbi işin təşkili, Azərbaycana qonşularının iddia etdiyi ərazilər haqqında Osmanlı rəsmiləri ilə danışıqlarını davam etdirmiş, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur. Vaxtı itirməmək üçün hökumətdən xüsusi səlahiyyətlər verilməsini gözləmədən sentyabrın 12-də Almaniyanın Osmanlı dövlətindəki səlahiyyətli nümayəndəsi qraf Valdburqa Azərbaycan hökuməti adından nota imzalayaraq təqdim etmişdir. Bakının Azərbaycan ərazisində, Azərbaycan xalqının tarixində tutduğu yerdən, mədəni, iqtisadi, siyasi, milli bağlılıq tarixindən bəhs edərək gətirdiyi konkret faktlara söykənməklə fikrini əsaslandırmış, Rusiyanın Bakıya iddiasının əsassızlığını, həm də yeni rus hökumətinin bəyan etdiyi prinsiplər baxımından Almaniya nümayəndəsinin diqqətinə çatdırmışdır.

“Almaniya imperiyası ilə Böyük Rusiya arasında bağlanmış sazişin Bakıya aid maddəsinə” etiraz olaraq verilmiş nota barəsində Azərbaycan Xarici İşlər Nazirliyini məlumatlandıran M.Ə.Rəsulzadə lazım olarsa, hökumətin notaya uyğun hərəkət etməyini məqsədəmüvafiq saymışdır. Diplomatiyada qarşı tərəfin maraq dairəsindən çıxış etməyin faydasını bilən peşəkar kimi Rəsulzadə neft amilini, sazişin Bakı məsələsində Almaniyanı təmin edəcək şərti nəinki diqqətsiz qoymamış, əksinə, “Almaniya kimi nəhəng sənaye dövlətinin ticari və iqtisadi maraqlarını” Azərbaycan hökumətinin nəzərə alacağını vurğulamışdır. Rəsulzadə təkcə bu nota ilə kifayətlənməmişdir. Osmanlı dövlətindəki Almaniya səfirliyinə etiraz notası təqdim edilmiş, notanın surəti Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə verilmişdir. İstanbuldakı nümayəndəlik adından etiraz edən M.Ə.Rəsulzadə M.H.Hacınskiyə məktubunda “Hökumət də ayrıca olaraq etiraz etməlidir və (mütləq) hay-küy qaldırmaq lazımdır” yazdığı kimi, bir daha bildirirdi: “Bilməlisiniz ki, bu xəyanətkarlığa ən böyük və layiqli cavab Bakının alınmasıdır”.

Bakının alınması barədə rəsmi şəkildə Azərbaycan hökumətindən deyil, Ənvər paşa vasitəsilə xəbər tutan M.Ə.Rəsulzadə növbəti məlumatında Alman bloku dövlətlərindəki vəziyyəti, Rusiya ilə münasibəti təhlil edərək getdikcə daha ciddi şəkil alan siyasi şəraitdə fəaliyyət kursunu müəyyənləşdirmişdi: “Əgər Azərbaycan hökuməti hazırda müstəqil çevik siyasət yeritsə, zənnimcə, bu bizim xeyrimizə olacaqdır”.

Cənubi Qafqaz respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi Rəsulzadənin İstanbulda diqqət verdiyi məsələlərdən olmuşdur. Ermənilər Ənvər paşaya təqdim etdiyi layihə və xəritəyə görə Türkiyə və Azərbaycan ərazilərindən, həmçinin gürcülərdən bir sıra torpaqlar tələb edirdilər. Bu məsələyə dair Ənvər paşa ilə söhbətlərində Rəsulzadə Osmanlı dövlətinin ümumi maraqlarına zidd olmasa da, Azərbaycan dövlətinin mənafeyi əleyhinə olan layihələrə qarşı çıxmış və Ənvər paşa da ən münasib saydığı yolları məsləhət görərək Nuru paşaya müvafiq hərbi göstərişlər vermişdi.

Gənc Azərbaycan dövlətinin demokratik imici faktoruna biganə olmayan M.Ə.Rəsulzadə İstanbuldan göndərdiyi məlumatlarında başlıca problemlər sırasında bu məsələdən də bəhs etmişdir. Azərbaycan hökuməti tərəfindən sol qüvvələrin təqib edilməsi haqqında xəbərlərin yayılması Rəsulzadəni narahat etmiş, “gənc Azərbaycan”ın azadlıqsevər, siyasi baxışlara dözümlü olduğunu təsdiqə yetirməyi hökumətin nəzərinə çatdırmış, yeni qurulan dövlətin vəziyyətini daim diqqətdə saxlamağı ciddi tərzdə tövsiyə etmişdir. M.Ə.Rəsulzadənin Türkiyə dövlət rəsmiləri ilə mütəmadi görüşləri məhz qarşılıqlı münasibətlərin nizamlanması, bərabər səviyyəli məcraya yönəldilməsi baxımından təqdirəlayiq sayıla bilər. M.Ə.Rəsulzadə Azərbaycanın istiqlaliyyəti haqqında hökumət teleqramının surətini bütün konsulluqlara təqdim etməklə yanaşı, Azərbaycanın müstəqil dövlət kimi mövcudiyyətini göstərmək üçün rəsmi dövlət qəzetinin nüsxəsini, qoşunların, bayrağın, dövlət adamlarının fotoşəkillərini, milli ədəbiyyat nümunələrini, Bakı şəhərinin görünüşlərini tezliklə göndərməyi xahiş edirdi. Azərbaycanın hərbi işinin təşkili üçün lazım olan hər şeyi Türkiyədən ürəklə, cəsarətlə tələb etməyə çağırırdı. “Azərbaycanın müstəqil dövlət olduğunu nə qədər çox göstərə bilsəz, o qədər yaxşı olar” sifarişi ilə Rəsulzadə konfransın artıq baş tutmayacağına əminliklə, həm də maliyyə məsrəfi baxımından geniş nümayəndə heyətinin İstanbulda qalmasını mənasız sayaraq, bir nəfərin nümayəndəlik qismində fəaliyyətini kafi bilmiş, yubanmadan paytaxtlarda iş aparmağa üstünlük vermişdi. Azərbaycan dövlətçiliyinin bütün çətinliklərinə baxmayaraq, 1918-ci il oktyabrın 22-dək İstanbulda olmuş Rəsulzadənin diplomatik fəaliyyəti çox faydalı məzmun daşımış, Türkiyə rəsmiləri ilə münasibətlərin qurulması, Azərbaycan üçün hərtərəfli dəstəyə nail olmaq yönündə iş aparmışdır. Azərbaycanın xarici siyasi məsələlərinin tənzimlənməsində, xüsusən də Bakı məsələsində ardıcıl və prinsipial mövqeyi mətbuat tərəfindən də yüksək dəyərləndirilmişdir. Rəsulzadənin İstanbuldan Bakıya dönüşünü salamlayan “Azərbaycan” qəzeti “görkəmli ictimai xadim-publisist”in Azərbaycan türklərinin ictimai hərəkatı tarixində rolunun, doğma xalqının maraqlarının qorunmasında ağır, məsuliyyətli zəhmətinin dərin minnətdarlığa və ehtirama layiq olduğunu yazırdı.

M.Ə.Rəsulzadə 1918-ci ilin noyabrında Bakıya dönən kimi yaranmış yeni siyasi vəziyyətin şərtlərinə müvafiq olaraq hökumət başçısı F.Xoyskinin müraciətinə əsasən Milli Şuranın çağırılması işinə başlayır. Azərbaycan parlamentçiliyi tarixində bilavasitə rolu və izi olan Rəsulzadə 1918-ci il noyabrın 12-də “Azərbaycan” qəzetinə müsahibədə İstanbul səfərindən, parlamentin təşkilindən bəhs etmiş, Qafqazın taleyi ilə bağlı fikirlərini bildirmişdir. Qafqazın gələcəyini Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazın daxil olduğu birləşmiş ittifaq dövləti halında görən Rəsulzadə 1918-ci il noyabrın 29-da “Bütün Azərbaycan əhalisinə” müraciət etmişdir. Muraciətdə “İstiqlal Bəyannaməsi”nin məzmunu bir daha təsbit olunmuş, qarşıda dayanan ən mühüm vəzifələrin həllinə çağırılmışdır: parlamenti təsis etmək, yeni hökumət təşkil etmək və ümumsülh məclisinə hazırlaşmaq.

Azərbaycan parlamentinin özəyini Azərbaycan Milli Şurasının tərkibi təşkil edirdi. Qanunverici hakimiyyət orqanı kimi Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 20-də Azərbaycan parlamentinin yaradılması haqqında qanun verdi və öz tərkibini genişləndirərək Azərbaycan parlamentinə çevrildi.

Yüksək bir statusda fəaliyyət göstərmiş, “Azərbaycan dövlətçiliyində möhtəşəm tarixi rol oynamış Azərbaycan Milli Şurası”nın (Şəfi bəy Rüstəmbəyli) sədri sonadək Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Azərbaycan parlamentinin ilk iclasını da M.Ə.Rəsulzadə “Şurayi-Milli rəisi” səlahiyyətində açıq elan etmişdir. Tarixi sənədlər M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı olduğunun tarixi-hüquqi əsasını təsbit etmişdir.

Bu da əlamətdar idi ki, parlamentin açıldığı gün “Azərbaycan” qəzetində Rəsulzadənin “təyini-müqəddərat” haqqında məqaləsi dərc olunmuşdur. Təyini-müqəddərat prinsipinə fərqli siyasi platformalar prizmasından şərh verən Rəsulzadə Azərbaycan parlamentini açarkən tarixi rəmzi nitq söyləmişdir. Bununla onun bioqrafiyasında yeni mərhələ başlamışdır. Parlament üzvü, “Müsavat” fraksiyasının sədri Rəsulzadə bu mərhələdə nə rəsmi dövlət vəzifəsi tutdu, nə də buna iddialı oldu. Amma cümhuriyyətin taleyində ən ağır, böhranlı sınaq anlarında çevik, cəsarətli qərarı, mövqeyi ilə çıxış yolu tapmış, hadisələrin axarına təsir göstərməyə qadir və nail olmuş, dövlətin ideoloqu missiyasını layiqincə yerinə yetirmişdir. Parlamentdə siyasi partiyaların bəyannamələri təqdim edilərkən M.Ə.Rəsulzadə ilk olaraq fraksiyası adından geniş proqramla çıxış etmişdir. Onun aqrar məsələ, fəhlə məsələsi və b. məsələlərlə bağlı söylədikləri mütəmadi alqışlarla müşayiət olunmuş, çox zaman sol qüvvələr tərəfindən rəğbətlə qarşılanmışdır.

M.Ə.Rəsulzadə parlamentin ən fəal, intizamlı üzvü olmuşdur. İclaslarda ardıcıl iştirak etmiş, demək olar ki, bütün məsələlərin (təşkilati, ərazi, milli münasibətlər, qanun layihələrinin qəbulu, sosial vəziyyət, xarici siyasət, ölkənin müdafiəsi, Qars, Dağıstan məsələləri, Rusiya ilə münasibətlər, fəhlə məsələsi və s.) müzakirəsində nəinki münasibət bildirmiş, professionallıq nümayiş etdirmiş, onların həllinin tapılmasına nail olmuşdur. “Bakı fəhlə konfransı” timsalında bolşeviklərin hakimiyyət səviyyəsində fəallıq göstərən rəqib qurumunu təcrid etmək üçün Rəsulzadə mütəmadi olaraq müsəlman fəhlə konfransının iclaslarında çıxış etmiş, ən mühüm dövləti məsələlərin fəhlələr arasında müzakirəsi və təqdirinə səy göstərmişdir.

Aktiv bir siyasətçi ömrü yaşamış M.Ə.Rəsulzadənin cümhuriyyətin süqutu anlarında ayıq, real mövqeyi və dəqiq proqnozu olmuşdur. Siyasi proseslərin mahiyyətinə misilsiz poetik ifadə ilə təhlil vermiş Rəsulzadə bir çox tarixi məzmun və əhəmiyyətli əsərlərin müəllifidir. Mühacir həyatında azərbaycançılıq ideyasına, milli dövlətçilik əqidəsinə sadiq qalmışdır. Azərbaycan milli dövlətçiliyinin bərpası, Azərbaycanın bütövləşməsi amalı ilə yaşamışdır. Hətta qənim kəsildiyi bir rejimin qurulması hesabına da olsa, Cənublu-Şimallı Azərbaycanın qovuşmasına xeyir-dua vermişdi.

M.Ə.Rəsulzadə yaşadığı mühitdən, milli-mənəvi məfkurə sahiblərinin irsindən qidalandı, yüksək intellektli, peşəkar ziyalılar nəsli ilə birgə yol keçdi, dövlətçiliyimizi bərqərar etdi. Çağdaş cəmiyyətimizdə nə M.Ə.Rəsulzadənin, nə də digər tarixi şəxsiyyətlərimizin siyasi mübarizə vasitəsinə çevrilməsinə yol verilməməli, onların irsi obyektiv elmi-tədqiqat işinə cəlb edilməli, bundan da nəzəri və əməli fayda götürülməlidir.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

Həmçinin yoxlayın

Avstraliya-Azərbaycan Assosasiyası və GADTB Avstrakiyada Xocalı soyqırımı tədbiri Avstrakiya-Türk mətbuatlnda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevral ayının 27-də Avstraliyanın Sidney şəhərində Avstraliya-Azərbaycan Assosasiyası …

İranın Azərbaycanla bağlı mkirli planı Azərbaycan mətbuatında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rəsmilərinin Azərbaycana qarşı ikiüzlü və düşmən siyasəti, …

Bir cavab yazın