Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və ordu quruculuğu məsələləri

GADTB: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinin çox səmərəli və dəyərli istiqamətlərindən birini də ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi və milli ordu quruculuğu məsələləri təşkil edirdi. Çünki Azərbaycan xalqı öz müstəqilliyini elan edəndə son dərəcə mürəkkəb bir hərbi-siyasi şəraitlə qarşılaşmışdı və ona görə də bu mürəkkəb şəraitdə ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi həyati əhəmiyyət kəsb edirdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra milli qırğınlar törətməklə Bakıda hakimiyyəti qəsb etmiş Bakı Sovetinin bolşevik-daşnak qoşunları Bakı-Gəncə dəmir yolu xətti boyunca Ucara yaxınlaşmış, Bakı-Şamaxı-Göyçay şose yolu boyunca isə Qaraməryəmə yetişmişdilər. Bakı Sovetinin rəhbəri, Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş Stepan Şaumyan heç də gizlətmirdi ki, Gəncəni tezliklə ələ keçirmək və Azərbaycanın müstəqilliyini elə beşiyindəcə boğmaq onun əsas vəzifəsidir. Bu məqsədlə o öz ətrafına bolşevik Rusiyasının birbaşa yardımı ilə böyük sayda hərbi qüvvə də toplamışdı.

Azərbaycanın müstəqilliyinə qənim kəsilən yalnız Bakı Soveti və onun qoşunları deyildi. Ölkənin cənub bölgəsinə bir vaxtlar İranla sərhəddə yerləşdirilmiş çar Rusiyasının sərhəd briqadasının tör-töküntüləri, Qarabağa isə erməni daşnak qüvvələri nəzarət edirdi. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi sərhədlər daxilində olan ərazilərin az qala yarıdan da çoxu yad qüvvələrin işğalı altında idi. Bu vəziyyətə son qoyulması və AXC-nin ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və bütünlükdə xalqın real qırğınlardan xilas edilməsi üçün milli hərbi qüvvələrə ehtiyac var idi. Ona görə də müstəqillik elan edildikdən sonra bu istiqamətdə mümkün addımların atılmasına başlandı.

Müstəqil milli ordunun təşkilatlandırılması istiqamətində görülməli olan ilk işlərdən birini isə bu ordunun hüquqi bazasının yaradılması, onun müvafiq qanunlarının hazırlanaraq qəbul olunması təşkil edirdi.

Milli Şuranın 1918-ci il 28 may tarixli qərarı ilə Nazirlər Şurasının ilk kabinəsinin tərkibində Hərbi Nazirlik də yaradılmış və Xosrov bəy Sultanov hərbi nazir vəzifəsinə təsdiq olunmuşdu. Amma Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən az sonra yaranmış tarixi şərait üzündən ilk qanunverici orqan olan Milli Şura buraxılmalı oldu və onun səlahiyyətləri hökumətə verildi. Ona görə Azərbaycanda ordu quruculuğu və ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ilk qərarlar və hüquqi aktlar da Azərbaycan hökuməti tərəfindən qəbul edildi. Məsələn, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə ölkə ərazisində hərbi vəziyyət elan edildi, 26 iyun 1918-ci ildə Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu elan edildi, 3 iyul 1918-ci il tarixli qərarı ilə orduya çağırış yaşında dəyişiklik edildi, 15 iyul 1918-ci il tarixli qərarı ilə hərbi vəziyyət haqqında qanuna dəyişiklik edildi və s.

Milli Şuranın buraxılmasından sonra Nazirlər Şurasının elan edilmiş yeni tərkibində hərbi nazir vəzifəsi də artıq yox idi. Hökumətin qərarı ilə Azərbaycanda ordu təşkilatlandırılmasına rəhbərlik rəsmi dəvət əsasında hərbi yardım üçün Azərbaycana göndərilmiş məhdud saylı türk hərbi qüvvələri ilə milli hərbi qüvvələrin bazasında yaradılan Qafqaz İslam Ordusuna komandan təyin edilmiş Nuru paşaya həvalə olunmuşdu.

Məlumdur ki, Qafqaz İslam Ordusu tapşırılan vəzifələri uğurla yerinə yetirdi və Azərbaycan parlamenti bərpa olunan kimi onun elə ilk iclasında bu barədə hökumətin sədri Fətəli xan Xoyski millət vəkillərinə də məlumat verdi. Yəni Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətinə parlamentdə də münasibət bildirildi. F.Xoyski parlamentdəki müzakirələr zamanı Türkiyə hərbi qüvvələrinin Azərbaycana göstərdiyi köməyə belə qiymət verirdi: “Türkiyə ilə sülh əqdnaməsi tezlik ilə bağlandı. Bununla bərabər, hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməz idik. Ona binaən bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir fəsil var ki, Azərbaycan hər vaxt lazım görsə, müdafiə hüququ üçün Türkiyə bir qədər əsgər versin. Hökumət bu çarəyə təvəssül etdi. Özünüz bilirsiniz, Türkiyə öz borcunu yerinə yetirdi. Qonşumuzun köməkliyi ilə mümkün olmayan bir çox şeylər çətinlik ilə yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də, bir fayda olmaz idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik”.

Türkiyə hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra milli ordu quruculuğu bütünlüklə Azərbaycanın üzərinə düşdü və bu sahədə görülən işlərin bir istiqamətini də hərbi qanunvericiliyin yaradılması təşkil edirdi.

Ümumən ordu quruculuğu məsələləri ilə bağlı Azərbaycan parlamentinin fəaliyyətini bir neçə istiqamətə ayırmaq mümkündür. Bura ordu quruculuğu siyasətinin hazırlanması, ordu quruculuğu ilə bağlı qanunvericilik aktlarının qəbul edilməsi, hərbi sahədə beynəlxalq sazişlərin ratifikasiyası, hərbi büdcənin müəyyənləşdirilməsi, parlament üzvlərinin hərbi hissələrə səfərləri, hərbi vəziyyətin müzakirəsi və s. aid idi.

Azərbaycan hökuməti bölgədə sülhün tərəfdarı idi

Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında çıxış edərkən hökumətin sədri F.Xoyski cümhuriyyətin ordu quruculuğu ilə bağlı hökumətin fəaliyyətinin əsas istiqamətlərini açıqladı, bu prosesin məqsəd və vəzifələrini ortaya qoydu və onları millət vəkillərinin müzakirəsinə çıxardı. O vurğulayırdı ki, ölkənin suverenliyinin qorunması üçün milli müdafiə qüvvələri təşkil olunmalıdır və buna nail olunması üçün hökumət tərəfindən artıq lazımi tədbirlər həyata keçirilməkdədir. Yəni milli hərbi qüvvələrin yaradılmasında məqsəd ölkənin suverenliyinin qorunmasıdır. Onun sözlərinə görə, hətta qarşıya çıxan problemlərin sülh yolu ilə həlli mümkün olsa belə, müdafiə qüvvələrinin təşkilinə diqqət azaldılmamalıdır: “…Amma sülh ilə əmələ gətirmək o deyildir ki, hökumət özü üçün bir qüvvə hazırlamayacaq. Gərək hər bir dövlət daima özünü müdafiə etmək üçün qüvvə hazırlasın. Ona görə bizim də həm xarici düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum edənlərə qarşı müdafiə edəcək bir qüvvəmiz olsun. Keçmişdə sabiq hökumət belə bir qüvvə təşkili üçün çalışmışdır”.

Parlamentin 20 dekabr 1918-ci il tarixli iclasında isə F.Xoyski bildirirdi ki, Azərbaycan təcavüzkar siyasətin tərəfdarı deyildir və silahlı qüvvələri yaratmaqda da məqsəd heç də öz siyasətini təcavüzkarlıq yolu ilə həyata keçirmək deyil. Onun sözlərinə görə, Azərbaycan hökuməti bölgədə sülhün tərəfdarı idi. Ona görə də ordu yalnız Azərbaycana qarşı təcavüz olduğu təqdirdə silahlı mübarizəyə cəlb edilə bilərdi: “…Azərbaycan hökuməti nə keçmişdə, nə də indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək arzusunda olmamışdır. Hərgah belə məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmiş isə də, biz özümüz deyil, bizi məcbur etmişlər. …Lazımi təqdirdə silaha sarılsaq, hamı bunu bilir ki, bizi belə vəsiləyə əl uzatmağa məcbur ediblər. Hökumət tərəfindən ərz edirəm ki, mümkün qədər zərərsiz, qansız, sülh yolu ilə hər bir məsələnin xitama yetişməsinə çalışmaq. Hökumət şimdi də belə müamilədə bulunacaqdır. Əks təqdirdə hökumət öz gücü ilə, qüvvəsi ilə Azərbaycan hökumətini hər bir təcavüzdən mühafizə edəcəkdir”.

Ordu quruculuğu sahəsində hökumət tərəfindən müəyyənləşdirilən siyasət cümhuriyyət parlamentində təmsil olunan milli qüvvələr tərəfindən də qətiyyətlə müdafiə olunurdu. Belə milli qüvvələr müstəqil milli ordu quruculuğunu Azərbaycanın istiqlaliyyətinin qarantı kimi qəbul edir və bunu çıxış və bəyanatlarda da ifadə edirdilər. “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadə parlamentin ilk iclaslarının birində verdiyi bəyanatında milli ordunun qurulmasını hökumətin və xalqın qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirirdi: “Əlbəttə, unutmamalıdır ki, hökumət qurmaq bir tərəfdən xalqın etimadını qazanmaqla olursa, digər tərəfdən dəxi …qüvvəyə istinad etməkdə olur. Bunun üçün də əsgəri təşkilata son dərəcə əhəmiyyət verilməlidir. Dövlətin xaricən müdaxiləsi, daxilən müsaliməti bunu iqtiza edir”.

“Əhrar” fraksiyasının parlamentdə verdiyi bəyanatda isə güclü və sağlam milli ordu milli istiqlalın birinci sütunu kimi dəyərləndirilirdi. Bəyanatda bildirilirdi ki, Azərbaycana sahib olmağın ən real yollarından biri milli ordunun yaradılmasıdır. Güclü ordu fraksiya tərəfindən millətin əmin-amanlıq içində tərəqqiyə doğru inkişafının əsası sayılırdı: “İstiqlaliyyəti-milliyyənin birinci sütunu ədd olunan sağlam və müdhiş bir orduya malik olmasıdır, ümumən məlumdur ki, yeni doğulmuş əsgəri təşkilatımız aqilanə bir surətdə icra edilməklə bərabər, bir çox təbii və ərazi fəlakətlərə uğrayıbdır. Buna görə camaatımız bu işdən mütəəffir olubdur. Əsgərlik vəzifəsi vətənin ən müqəddəs olduğunu nəzərdə tutub, yeni təşkilati əsgəriyyəyə mükəmməl bir əsgəri qanun düzüb qoşmalıdır. Əsgərlərin yeyəcəyinə, yatacağına, libasına və həkim-dərmanına böyük diqqət yetirilməlidir, dövlətliyə, fəqirə, kiçiyə təfavüt qoymamalıdır. Bu qədər bilməlidir ki, bizləri Azərbaycana sahib edəcək qüvvə bizim milli ordumuz olacaqdır. Ordu sağlam və möhkəm bir qüvvə təşkil edərsə, hökumət də ona istinadən iş görə bilər, millət də onun sayəsində tərəqqiyə üz tutub mədəni millətlər sırasına keçər”.

Parlamentdə təmsil olunmuş bitərəf millət vəkilləri də qüvvətli ordunu istiqlaliyyətin dayağı hesab edir və onun qurulmasını hökumətin başlıca vəzifələrindən biri kimi qəbul edirdilər. Onların adından verilmiş bəyanatda deyilirdi: “Tez bir zamanda istiqlalımızı müdafiə edə biləcək qüvvətli ordu təşkil edilsin”.

Milli ordunun tez bir zamanda formalaşmasını parlamentdə təmsil olunan digər milli qüvvələr də zəruri sayırdılar. Xüsusilə cümhuriyyət parlamentinin işə başladığı günlərdə Qarabağda vəziyyətin mürəkkəbləşməsi, quldur Andronikin bu bölgədə silahsız azərbaycanlı əhaliyə qarşı qırğınlara əl atması müdafiə qüvvələrinin tez bir zamanda formalaşdırılmasına ehtiyac yaradırdı. “İttihad” partiyasının lideri Qara bəy Qarabəyli parlamentdə çıxışı zamanı digər milli qüvvələr kimi, ordunun formalaşdırılmasını zəruri sayırdı və əlavə edirdi ki, mövcud tarixi şəraitdə hökumət bu məsələdə fəallıq göstərməli və müdafiə qüvvələrinin formalaşmasını nəzarət altında saxlamalıdır. Q.Qarabəylinin bu çıxışına münasibətini bildirən F.Xoyski ordu təşkili işlərinin məşhur general Səməd bəy Mehmandarova tapşırıldığını xatırlatdı. Hökumətin sədri onu da əlavə edirdi ki, ordu qurulması uzun sürən bir prosesdir və bunun üçün zəruri olan maliyyəni hökumət əsirgəmir.

AXC-nin ordu quruculuğu prinsipi: ordu siyasətə qarışmamalıdır

Azərbaycan parlamentində təmsil olunmuş milli qüvvələr müxtəlif siyasi cərəyan və hərəkatların ordu quruculuğuna öz siyasi maraqları mövqeyindən müdaxilə etməsini, ordu daxilində öz siyasi məqsədlərinə dayaq axtarmalarını yolverilməz sayırdılar. Qırmızı bolşevizmin, denikinçi qüvvələrin ordu daxilində Azərbaycanın müstəqilliyinə əks olan təbliğatın gücləndirilməsinə, ordunun şəxsi heyətinin siyasi baxışlarına görə qruplaşmasına çalışdığı bir dövrdə bu məsələ xüsusi bir aktuallıq kəsb edirdi. Cümhuriyyət parlamenti və hökuməti ordu quruculuğunu müstəqil dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirərək onun daxilində hər hansı bir siyasi qüvvənin ümumdövlət maraqlarına qarşı çıxmasını, ordunun şəxsi heyətinin siyasətə qarışmasını mümkünsüz hesab edirdi. Ordunun siyasətə qarışmaması prinsipi cümhuriyyətin ordu quruculuğunun mühüm prinsiplərindən biri idi və bütün səviyyələrdə bu prinsipə riayət olunmasına cəhd göstərilirdi. Hökumətin sədri F.Xoyski parlamentin ilk iclasındakı çıxışında onu da bildirirdi ki, qarşıda dayanan ilk və ən başlıca vəzifə Azərbaycanın müstəqilliyidir. Yəni ordu heç bir siyasi cərəyana qarışmadan və hökumətə hansı siyasi qüvvələrin rəhbərlik etməsindən asılı olmayaraq məhz bu ali vəzifəyə xidmət etməli idi. Parlamentin sədr müavini Həsən bəy Ağayev gənc zabitlərlə görüşündə də bu fikri xüsusi olaraq qabardırdı: “Siz bizim ordumuza qatılacaq dirilik suyu kimi onu canlandıracaqsınız. İnanıram ki, müəllimləriniz və komandirləriniz tərəfindən aşılanan Azərbaycanın müstəqilliyi ideyasından ruhlanaraq bu ideyanı bizim ordumuza da təlqin edəcəksiniz. Bu ideyadan kənarda bizim milli qurtuluşumuz yoxdur. Siyasətdən kənarda olmaqla, inanıram ki, siz hamınız yalnız gənc ordumuzun möhkəmləndirilməsinə və bununla da bizim gənc, müstəqil dövlətimizin möhkəmləndirilməsinə xidmət edəcəksiniz”.

Cümhuriyyət parlamenti tərəfindən birmənalı şəkildə dəstəklənən ordunun siyasətdən kənarda qalması prinsipi Hərbi Nazirliyin rəhbərliyi tərəfindən də əsas götürülür və belə bir mövqe şəxsi heyətə də təlqin edilirdi. Hərbi nazir Səməd bəy Mehmandarov da cümhuriyyət parlamenti və hökuməti tərəfindən ordu quruculuğunda əsas götürülən bu prinsiplə bağlı bildirirdi ki, müxtəlif məqsədlərə yox, məhz Azərbaycanın müstəqilliyinə sadiq olan möhtəşəm ruhlu ordunun yaradılması hər bir hərbi qulluqçunun qarşısında dayanan ali məqsəddir. Ordunun baş qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç də hərbi hissə komandirlərindən tələb edirdi ki, hər cür siyasətbazlıqdan uzaq olsunlar və yalnız öz vəzifə borclarını icra etsinlər. Bu baxımdan onun Zaqatala piyada alayının komandirinə göndərdiyi teleqramın məzmunu da ordunun siyasətdən kənar olmasının əyani təsdiqi idi: “Hər vasitə ilə siyasətdən uzaq olun. Bunun üçün başqa orqanlar mövcuddur”.

Ordu quruculuğunun möhkəm özül üzərində aparılması üçün milli maraqlara cavab verən hərbi qanunvericilik bazasının işlənib hazırlanması parlamentin bu sahədə fəaliyyətinin mühüm tərkib hissəsi idi. İstiqlaliyyətini yenicə əldə etmiş cümhuriyyətin milli dəyərlərə dayaqlanan hərbi qanunvericilik bazası ordu quruculuğu sahəsində əməli fəaliyyətin də səmərəliliyini şərtləndirən zəruri bir amil idi. Parlament öz fəaliyyətini bərpa edəndən sonra Nazirlər Şurası zəruri qanunların qəbul edilməsi üçün onun qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edir və parlament də müvafiq qərarlar qəbul edirdi. Hökumətlə parlament arasında əlaqələrin tənzimlənməsi və hərbi qanunvericilik aktlarının hazırlanması üçün parlamentdə Müdafiəyi-milli (Milli müdafiə) komissiyası da yaradılmışdı. Müsavatçı Musa bəy Rəfiyev bu komissiyanın sədri, ittihadçı Qara bəy Qarabəyli və bitərəf Behbud bəy Cavanşir bu komissiyanın üzvləri seçilmişdilər. Müvafiq qanun layihələrini hazırlayıb parlamentin müzakirəsinə təqdim etməklə bərabər bu komissiyanın üzvləri, habelə parlamentin digər üzvləri ümumordu miqyaslı tədbirlərə də qatılırdılar. Bütün bunlar ölkənin müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı hökumətin fəaliyyəti barəsində geniş məlumatlar əldə etməyə imkan verirdi. Milli müdafiə komissiyasının bir çox iclasları müzakirə edilən məsələlərin xarakteri ilə bağlı qapalı şəkildə təşkil edilir və sonra onun yalnız nəticələri barəsində parlamentə müxtəsər məlumat verilirdi. Yaxud məqsədəuyğun bilinən qərar layihəsi təsdiqlənmək üçün parlamentin müzakirəsinə təqdim olunurdu.

Hərbi məsələlərin müzakirəsi zamanı yeri gəldikcə Nazirlər Şurasının sədri və hərbi nazir də parlamentə dəvət edilir, müzakirə olunan məsələlərlə bağlı onların fikir və mülahizələri, habelə görülmüş işlərlə bağlı məlumatları dinlənilirdi.

9 qanun layihəsi qəbul edildi

Cümhuriyyət parlamentinin mövcud olduğu dövrdə ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsi üzrə müvafiq qərarlar qəbul edilmişdi. Cümhuriyyət parlamentinin ordu quruculuğu ilə bağlı qəbul etdiyi ilk qanun layihəsi “Hərbi Nazirliyin ştatları haqqında” idi. Bu qərar parlamentin 25 fevral 1919-cu il tarixli iclasında qəbul edilmişdi. Bu qanun layihəsinin müzakirəsinə hərbi nazir Səməd bəy Mehmandarov da dəvət edilmişdi. O, parlament üzvləri qarşısında müzakirə olunan qanunun mahiyyəti haqqında məlumat vermiş və ümumən Hərbi Nazirliyin bərpa edildiyi vaxtdan bəri (1 noyabr 1918-ci il) ordunun təşkilatlandırılması sahəsində görülən işlərdən, mövcud çətinliklərin aradan qaldırılması sahəsində atılan addımlardan və əldə edilən nəticələrdən danışmışdı. Onun çıxışı parlament üzvləri tərəfindən hərarətli alqışlarla qarşılandı və bununla Hərbi Nazirlik tərəfindən ordu quruculuğu sahəsində görülən işlərə dəstək verildi. Qeyd edilməlidir ki, Səməd bəy Mehmandarovun rəhbərliyi altında milli ordunun yaradılması sahəsində aparılan işlər parlament üzvləri tərəfindən qətiyyətlə təqdir edilirdi və 1919-1920-ci illərdə təşkil edilmiş bir neçə hökumət kabinəsinin hamısının tərkibində Səməd bəy Mehmandarov hərbi nazir kimi təsdiq edilmişdi. Bununla onun hərbi nazir kimi səmərəli fəaliyyətinə parlament tərəfindən də davamlı dəstək verilmişdi. 1919-cu ilin yayında S.Mehmandarov özü də Lənkəran bölgəsindən cümhuriyyət parlamentinə üzv seçilmişdi.

Parlament tərəfindən ordu quruculuğu ilə bağlı qəbul edilmiş digər qanunlar bunlar idi: “Hərbi məhkəmələr haqqında” (14 aprel 1919-cu il), “Əxzi-əsgər şöbələrinin təşkili haqqında” (26 may 1919-cu il), “Azərbaycanda yaşayan həkimlərin həqiqi hərbi xidmətə çağırılması haqqında” (16 iyun 1919-cu il), “1915-ci ildə qəbul edilmiş Hərbi mükəlləfiyyət nizamnaməsinin 20-ci maddəsinə əlavələr edilməsi haqqında” (31 iyul 1919-cu il), “Əsgərlikdən azad olunanlardan əsgəri vergilərin ləğvi haqqında” (2 oktyabr 1919-cu il), “Bakı mövqe komandanlığının təşkili haqqında” (16 oktyabr 1919-cu il), “Gəncə hərbi zavodunun ştatlarının və smetasının təsdiqi haqqında” (23 fevral 1920-ci il), “Şuşa şəhərində hərbi feldşer məktəbi açmaq haqqında” (26 aprel 1920-ci il).

Cümhuriyyət parlamentinin ordu quruculuğu ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biri hərbi büdcənin ayrılması ilə bağlı idi. Bu prosesin uğurla aparılması üçün parlament 1919-cu ildə ordunun formalaşdırılmasına 399,4 milyon rubl vəsait ayrılması haqqında qərar qəbul etmişdi. Həmin vəsait dövlət büdcəsinin 27,7 faizini təşkil edirdi. Məhdud imkanlar olmasına baxmayaraq, ordu quruculuğuna lazımi vəsaitin ayrılması ilə bağlı Sosialistlər fraksiyasının sədri Aslan bəy Səfikürdski parlamentdəki çıxışı zamanı öz mövqeyini belə açıqlayırdı: “Əsgəri məmurlara lazımi miqdarda məvacib verilməlidir. Artıq da vermək lazım gəlsə, verilməlidir. Veriləcək də. …Sosialistlər fraksiyası tərəfindən deyirəm ki, namuslu, qeyrətli, şücaətli əsgər və zabitlərimizdən ötrü hər nə lazım olsa, verəcəyik”.

Ordu quruculuğunun və ölkənin müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan hökuməti ilə digər dövlətlər arasında imzalanmış sazişlər də parlament tərəfindən ratifikasiya olunurdu. Bu baxımdan Azərbaycan hökuməti ilə Gürcüstan hökuməti arasında 1919-cu il iyun ayının 16-da imzalanmış hərbi saziş xarakterikdir. Cümhuriyyət parlamenti belə bir sazişin imzalanmasını əhəmiyyətli bir hadisə kimi dəstəkləmiş və qısa müddətdən sonra, yəni həmin ilin iyun ayının 27-də keçirilən fövqəladə iclasda bu sazişi ratifikasiya etmişdi. Məsələ ilə bağlı parlamentdə geniş müzakirə aparılmış və cümhuriyyət ordusunun möhkəmləndirilməsi üçün hökumət tərəfindən atılan addımlar təqdirlə qarşılanmışdı.

Ölkədə mövcud olan hərbi-siyasi durumun müzakirəsi, bu sahədə hökumətin fəaliyyətinə nəzarət edilməsi və hökumətə müvafiq kömək göstərilməsi məsələsi də parlamentin işində böyük yer tuturdu. Azərbaycanın daxilində və ətrafında yaranmış təhlükəli vəziyyət parlament üzvlərindən bu məsələyə geniş yer ayrılmasını tələb edirdi. Bir tərəfdən çar Rusiyasının sərhədlərini bərpa etməyə çalışan denikinçi qüvvələrin Azərbaycanda yaratdığı hərbi təhlükə, bir tərəfdən Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı istiqamətlənmuş təcavüzkar fəaliyyəti, bir tərəfdən də bolşevizm təhlükəsi dəfələrlə parlamentin iclaslarında ətraflı şəkildə müzakirə olunmuş və bu təhlükələrin qarşısının alınması üçün hökumət qarşısında müvafiq tapşırıqlar qoyulmuşdu. Konkret olaraq parlamentin 6 may və 5 iyun 1919-cu il tarixli iclaslarında Azərbaycanın şimal sərhədlərində yaranmış Denikin təhlükəsi, 4 sentyabr 1919-cu il tarixli iclasında Lənkəran bölgəsində vəziyyət və bu bölgənin milli ordu hissələri tərəfindən cümhuriyyət hökumətinin nəzarəti altına gətirilməsi, 22 dekabr 1918-ci il tarixli, 7 iyul, 8 iyul 1919-cu il tarixli və 1 aprel 1920-ci il tarixli iclaslarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyət və bu vəziyyətin aradan qaldırılması yolları müzakirə edilmişdi. Əslində, parlamentin iclaslarının çoxunda mövcud hərbi-siyasi şəraitlə bağlı fikir mübadiləsinə rast gəlmək mümkündür. Parlamentin iclaslarında sadəcə olaraq gərgin hərbi-siyasi şərait müzakirə olunmurdu, həm də bu vəziyyətdən çıxmaq üçün konkret vəzifələr müəyyənləşdirilirdi.

1919-cu ilin yayında Azərbaycana qarşı Denikin təhlükəsi xeyli güclənəndə Azərbaycan parlamentinin qəbul etdiyi qərarlardan biri Bakı şəhərində könüllü müdafiə dəstələrinin yaradılması oldu. Nəzərdə tutulmuşdu ki, milli hərbi qüvvələr hərbi təhlükənin qarşısının alınmasına cəlb edildiyi halda Bakı şəhərində asayişin təmin edilməsini bu könüllü dəstələr öz üzərinə götürə biləcəkdir. Bu könüllü dəstələrin rəhbərliyinin maaşları da parlamentin büdcəsi hesabına ödənilməli idi.

1919-cu il fevral ayının 12-də parlamentin qərarı ilə parlament mühafizə dəstəsi də yaradıldı. Bu dəstə xüsusi olaraq parlamentin mühafizəsi üçün yaradılsa da, məlumdur ki, 1920-ci ilin mart-aprelində Qarabağda Ermənistanın təcavüzünə qarşı aparılan mübarizədə milli ordu qüvvələri ilə bərabər həmin döyüşlərdə iştirak edirdi.

* * *

Nəhayət, ordu quruculuğu və ölkənin müdafiəsinin təşkili ilə bağlı cümhuriyyət parlamentinin dəyərli təcrübələrindən birini də millət vəkillərinin hərbi hissələrə səfərləri təşkil edirdi. Məsələn, məlumdur ki, 1918-ci ilin sonu və 1919-cu ilin ilk günlərində Ağdam ətrafında yerləşdirilmiş milli hərbi bölmələrin bəzilərində intizamsızlıq və komandanlığa tabe olmaqdan imtina halları baş verdikdə həmin bölgəyə bir sıra millət vəkilləri də getmişdi. Həmin halın qarşısının qətiyyətlə alınmasında bu millət vəkillərinin məlumatları da nəzərə alınmışdı.

1919-cu ilin əvvəllərində parlamentin sədr müavini Həsən bəy Ağayev Gəncədə yerləşən hərbi hissələrə baxış keçirmiş və gördüklərindən razı qalmışdı. 1920-ci ilin əvvəllərindən başlayaraq Qarabağda hərbi-siyasi vəziyyət pisləşəndə bu bölgəyə ilk gələn rəsmilərdən biri də parlament üzvü Cəlil Sultanov olmuşdu. Bu səfərlər ordu quruculuğu sahəsində görülən işləri yaxından müşahidə etməyə və bu prosesin gücləndirilməsi üçün lazımi qərarların qəbul edilməsinə kömək edirdi.

Cümhuriyyətin mövcudluğu dövründə dövlət quruculuğu sahəsində Azərbaycan hökumətinin əldə etdiyi böyük uğurlardan biri, şübhəsiz ki, güclü milli ordunun yaradılması idi və belə bir ordunun yaradılmasında Azərbaycan parlamenti də üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmişdi.

Mehman SÜLEYMANOV,

tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın