Azərbaycan cümhuriyyətçilərinin varisləri

GADTB: Bir neçə gündən sonra tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 99-cu ildönümünü qeyd edəcəyik. Gələn il isə Cümhuriyyətin 100 illik yubileyi rəsmi şəkildə qeyd olunacaq. Ölkə başçısı bununla bağlı artıq  sərəncam verib.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik müsəlman respublikası kimi tarixə düşüb. Azərbaycanda dövlətçilik ənənəsinin bərpası üçün çətinliklərə baxmayaraq, yoxdan bir bayraq var edən Cümhuriyyət qəhrəmanlarının, liderlərinin xidməti danılmazdır. Bu gün də həmin liderlərin nişanələri, varisləri az da olsa, yaşamaqdadırlar. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əli bəy Hüseynzadə, Nağı bəy Şeyxzamanov, Əhməd bəy Pepinov, Ceyhun Hacıbəyli və digər AXC qəhrəmanlarının varisləri indi dünyanın ayrı-ayrı ölkələrində ömür sürürlər.

Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu özünün şəxsən görüşdüyü, təmasda olduğu və ataları barədə lazımı sənədlər aldığı cümhuriyyətçi varislərin adlarını çəkib:

“Özüm şəxsən Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanımla İstanbulda görüşmüşdüm. Evlərində də olmuşam. Rəsulzadənin oğlu Azər bəylə Qazaxısıtanda, Karakandada görüşmüşəm. Təəssüf ki, onların heç biri indi həyatda yoxdu. Əlimərdan bəy Topçubaşun nəvəsi Zərifə Kürdəmirlə də təmasımız olub. Fətəli xan Xoyskinin qızı var idi, Tamara xanım, Əlyazmalar İnstitutunun qarşısındakı binada yaşayırdı. Onunla görüşəndə 87 yaşı var idi, 10 il də həbsxanada olmuşdu.

Həsən bəy Ağayevin nəvəsi, Əhməd bəy Pepinovun qızı Sevda Pepinova ilə görüşmüşdüm. O, həm də bizim böyük gülüş ustası olan Lütfəli Abdullayevin həyat yoldaşı olub. Onlardan ataları ilə bağlı çox vacib sənədlər, faktlar toplamışıq”.

Araşdırmaçı alim cümhuriyyətçilərin hazırda həyatda olan varislərindən də danışıb:

“Əksəriyyətinin hazırda nəvə-nəticələri və uzaq qohumları yaşayırlar. Övladları sağ olan AXC liderləri demək olar ki, yoxdu. Nağı bəy Şeyxzamanlı, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Həsən bəy Ağayev, Əhməd bəy Pepinov kimi AXC liderlərinin hazırda nəvələri həyatdadırlar”.

Mətbuat tarixinin araşdırıcısı, “Şərq” qəzetinin başı redaktoru Akiş Aşırlı da mövzuya münasibət bildirərkən, Cümhuriyyət qəhrəmanlarından bir neçəsinin övladının həyatda olduğunu bildirib. Çoxlarının varisləri isə nəvə-nəticə, bəzilərində isə uzaq qohumlarıdır:

“Nəsib bəy Yusifbəylinin nəvəsi Şaiqə xanımıla əlaqəmiz var. Amma təəssüf ki, Nəsib bəy Yusifbəylinin adını daşıyan nəvəsi, Şaiqə xanımın qardaşı Nəsib dünyasını dəyişdi. Mənim o ailə ilə gözəl münasibətim var. Əhməd bəy Ağaoğunun nəvəsi Təkdaş Ağaoğlu Türkiyədə yaşayır, orada məşhur şəxslərdən biridir. Əhməd bəyin qızı Təzə Ağaoğlunun övladları var. Onlar da Almaniyada yaşayır. Ömər Faiq Nemanzadənin qızı bu yaxınlarda dünyasını dəyişdi”.

Cümhuriyyət qəhrəmanlarının varisləri haqqında bəzi əlavələrimizi də qeyd edək. Təbii ki, öncə Məhəmməd Əmin Rəsulzadədən başlamaq lazımdır. Rəsulzadənin yalnız bir nəvəsi – əməkdar rəssam Rəis Rəsulzadə həyatdadır. O, babasının irsini, fəaliyyətini hər zaman öyrənməyə, qorumağa can atır. Siyasi RepressiyaQurbanları Assosiasiyasının sədridir. Rəsulzadənin cəmi 2 yaşında tərk etməli olduğu sonbeşik övladı Azərin oğludur.

Əli bəy Hüseynzadə Cümhuriyyət dönəmində heç bir vəzifə sahibi olmasa da (Türkiyədə yaşayırdı) ideologiya baxımından onlara yaxın olub və dəstəyini əsirgəməyib. Üçrəngli Azərbaycan bayrağının da ideya müəllifi odur. Onun kiçik qızı Feyzavər xanım hazırda İstanbulda yaşayır. Yaşı 90-ı ötsə də, bu gün də atası Əli bəyin və qardaşı Səlim Turanın irsini mühafizə edir.

Əlimərdan bəy Topçubaşovun  nəvəsi Gülnarə Kürdəmir da hazırda İstanbulda yaşayır. 93 yaşı var. Qeyd edək ki, o, həm də böyük maarifçi Həsən bəy Zərdabinin nəticəsidir.

Almas İldırımın oğlu Azər Almas hazırda Türkiyənin İzmir şəhərində yaşayır. Onun iki oğlu var. Böyük oğlu İldırım Rutil Almas Bakıdakı xarici neft şirkətlərindən birində çalışır. İkinci oğlu Səlcuk Almas isə Türkiyədədir. Dərman satışı ilə bağlı şirkət qurub.

Versal Sülh Konfransındakı nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin nəvəsi Klement Hacıbəyli musiqiçidir. Hazırda Laosda yaşayır.

AXC hökumətinin Türkiyə və Ukraynadakı səfiri olmuş yazıçı Yusif Vəzir Çəmənzəminlinin iki nəvəsi var. Leyla Vəzirova hazırda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiridir. Leyla xanımın qardaşı Yusif Vəzirov isə diplomat kimi fəaliyyət göstərir.

Xudadat Bəy Rəfibəylinin oğlu Kamil Aran Türkiyədə yaşayıb. O, Azərbaycanın ilk təhlükəsizlik naziri Məmmədbağır Şeyxzamanlının qızı Ruqiyyə xanımla ailə həyatı qurub. Aydın Aran adlı övladları dünyaya gəlib.

Azərbaycanın ilk “çekisti”, Əks Kəşfiyyat İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri hazırda ABŞ-da yaşayır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın