
GADTB: Azərbaycan Elm və Təhsil Nazirliyinin yaydığı bəyanatına əsasən, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı təhsillə bağlı səsləndirdiyi fikirlər təəccüb və təəssüf doğurub.
Nazirlik vurğulayıb ki, belə şərhlər ölkənin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Azərbaycan tərəfi bildirib ki, İran rəsmiləri başqa dövlətlərin işlərinə qarışmaq əvəzinə, öz ölkələrindəki problemlərin həllinə diqqət yetirməlidirlər.
Sitat: “İranın yürütdüyü siyasət nəticəsində bu ölkədə tədrisin Azərbaycan dilində aparıldığı bircə məktəb belə yoxdur. Bundan əlavə, ali təhsil müəssisələrində də Azərbaycan dili tədris dili kimi istifadə olunmur. Halbuki, İran əhalisinin təxminən 40 milyon nəfərini etnik azərbaycanlılar təşkil edir – bu əhali onilliklərdir ki, öz doğma dilində təhsil almaq hüququndan məhrum edilib”.
Qeyd edək ki, İranın Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib, eyni zamanda deyib ki, İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi