
GADTB: “Reuters” xəbər agentliyinin araşdırması göstərir ki, İslam Respublikasının ixrac etdiyi reaktiv təyyarə yanacağı saxta və yanlış məlumatlar ehtiva edən ticarət sənədlərindən istifadə edilməklə, “Cənubi Afrika dizel yanacağı” adı altında Myanmaya göndərilib. Myanma ordusu dinc sakinlərə qarşı ölümcül bombardmanlar həyata keçirməkdə ittiham olunur.
Sənədlər və peyk görüntüləri göstərir ki, sanksiyalara məruz qalmış bir neft tankeri 2025-ci ilin dekabrında təxminən 113 min barel, 15 milyon 800 min dollar dəyərində reaktiv təyyarə yanacağını Bəndər-Abbas limanından Myanmaya daşıyıb.
Araşdırmaya əsasən, Myanmanın hərbi xuntasının valyuta əməliyyatlarına nəzarət edən qurumu da yükün əsl mahiyyətinin gizlədilməsində rol oynayıb və aviasiya yanacağının dizel yanacağı kimi qeydiyyata alınmasına icazə verib.
“Reuters” həmçinin oxşar üsulla İrandan Myanmaya göndərilmiş, 26 milyon dollar dəyərində başqa bir yanacaq partiyasını da müəyyən etdiyini bildirib.
Bu ticarət əməliyyatları ABŞ-ın Myanma ordusunun dinc sakinlərə qarşı hava hücumlarına görə ölkənin reaktiv təyyarə yanacağı sənayesinə sanksiyalar tətbiq etdiyi bir vaxtda həyata keçirilib. Birləşmiş Millətlər Təşkilatı da 2021-ci ildə baş vermiş hərbi çevrilişdən bəri Myanma ordusunun hücumları nəticəsində minlərlə insanın öldürüldüyünü açıqlayıb.
İslam Respublikası və Myanmanın hərbi xuntası rəsmiləri “Reuters”in şərh almaq üçün göndərdiyi sorğuya cavab verməyiblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi