Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı fəal Əsgər Əkbərzadənin vəziyyəti ağırlaşdıqdan sonra cərrahi əməliyyat keçirib

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə səhhətinin kəskin pisləşməsi və Ərdəbil Fatimi xəstəxanasına köçürülməsindən sonra, nəhayət, cərrahi əməliyyata məruz qalıb.

Əldə olunan məlumatlara görə, həkimlər müayinələr, müxtəlif analizlər və kompüter tomoqrafiyası apardıqdan sonra bağırsaqda polip və tıxanıqlıq aşkar ediblər və Əkbərzadəni xəstəxanaya yerləşdiriblər. Azərbaycanlı fəalın iki gün dərmanla müalicə olunmasına baxmayaraq, səhhətində yaxşılaşma baş verməyib və həkimlər cərrahi əməliyyatın zəruri olduğu qənaətinə gəliblər.

Əsgər Əkbərzadə xəstəxanaya köçürülməzdən əvvəl şiddətli qarın ağrısı və davamlı qusma ilə üzləşib. Bundan əvvəl də o, bir neçə dəfə həbsxananın tibb məntəqəsinə aparılmışdı. Lakin onun vəziyyətinə ixtisaslaşmış tibbi müdaxilə gecikdirilib.

Azərbaycanlı fəalın səhhətinin əməliyyat mərhələsinə qədər ağırlaşması onun ailəsi və məhbus yoldaşlarının daha əvvəl müalicədən məhrum edilməsi və ixtisaslı həkimə çıxışının olmaması ilə bağlı xəbərdarlıqlarından sonra baş verib.

Əkbərzadə həmçinin üçüncü dərəcəli qaraciyər piylənməsindən əziyyət çəkir və əvvəlki məlumatlara görə, tələb olunan dərmanlara və tibbi xidmətlərə müntəzəm çıxışdan məhrum olub.

Bu azərbaycanlı fəal 7 tir 1405-ci ildə Siyamək Mirzəyi və Əli Vasiqi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onların hər üçü hələ də Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılır.

Xəbər hazırlanarkən Əsgər Əkbərzadənin keçirdiyi əməliyyatın nəticəsi və hazırkı səhhəti barədə əlavə məlumat yayılmayıb. Onun ailəsi və yaxınlarının fəalın sağlamlığı ilə bağlı narahatlığı davam edir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …