GADTB: Güney Azərbaycanın Marağa şəhərində “Kave Soda” şüşə zavodunun ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələni ictimailəşdirdiyi üçün azərbaycanlı milli fəal Səid Minai prokurorluğa çağırılıb.
Azərbaycanlı fəal özünün sosial media hesabında bu barədə paylaşım edərək yazıb:
“Əziz dostlarıma və həmfikirlərimə salamlar və ən xoş arzularımı çatdırıram.
Hörmətli dostlar və həmfikirlər, bildiyiniz kimi, təxminən bir il əvvəl, məni haqsız yerə və qanunsuz həbs etdilər və o vaxtdan bəri bizim işimiz ya istintaqda, ya da Tehran İnqilab Məhkəməsində dolaşır. Bu kifayət etmədi, mən Kave soda zavodundan şikayət aldım. Bu fabrik Marağa və Binab şəhərlərinin ətraf mühitini çirkləndirib və Binab şəhərinin Marağa Ələvi bəndindən 60 faizini təşkil edən su hüququnu əlindən alıb və onlara pul ödəmir. Əslində bu fabrik rayonun ən yaxşı içməli suyunu öz fabrikinə yönəldir və onu çirkləndirici tullantı sularına çevirir. Həm də zavod düzgün təmizləyici sistemlə təchiz olunmayıb və təmizlənməmiş tullantı sularını borularla Urmiya gölünə göndərir, yatağındakı duzları prinsipsiz şəkildə çıxarıb toz halına gətirir…”
Azərbaycanlı fəal məsələni ətraflı izah etdikdən sonra bu həqiqətləri ifşa etdiyinə görə belə çətinliklərlə qarşılaşdığını bildirib.
Qeyd edək ki, azərbaycanlı fəalın prokurorluğa çağırılması, şirkətin ötən ilin noyabr ayında ondan əhkəməyə şikayət etməsi ilə bağlıdır.
Minai keçən ilin yayında “Kave Soda” şirkətinin tullantı sularını Urmu gölünə axıtmaq üçün Binab şəhəri və ətrafında qazma işləri aparmasının təhlükələri və gələcəkdəki fəsadları haqqında yazılar paylaşdığına görə, şirkət tərəfindən məhkəməyə verilmişdi.
Bir neçə il əvvəl adı çəkilən zavodda çirkab sularının təmizlənməsi üçün buxarlanma laqonlarının qırılması və tullantı sularının yeraltı su mənbələrinə sızması nəticəsində Binabın 500, Marağanın isə 300 hektar əkin sahəsi məhv olub.
Bundan sonra zavodun fəaiyyəti dayandırılsa da, qısa müddət sonra yenidən fəaliyyətə başlayıb.
Zavodun yaratdığı ekoloji problem səbəbindən onlarla təsərrüfatçı zərər görüb, zavod və hakimiyyət isə onlara kompensasiya ödəməkdən imtina edir.