Azərbaycanlı fəallar Babək Kiyumərsi və Səid Sultani cərimə cəzasına məhkum edildilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı Apelyasiya Məhkəməsinin 11-ci bölməsi Culfa şəhərindən olan azərbaycanlı milli-mədəni fəallar Babək Kiyumərsi və Səid Sultanini cərimə cəzasına məhkum edib.

Azərbaycanlı fəalların vəkili Əsgər Məhəmmədiyə şifahi olaraq bildirilib ki, bundan öncə iki fəal barəsində çıxarılan 3 aylıq həbs cəzası dəyişdirilib və həbs cəzası qarşılığında fəallar 24 milyon tümən cərimə cəzasına məhkum ediliblər.

Bundan öncə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı fəallara qarşı “Qanunsuz qruplara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq” ittihamı irəli sürmüş və onları 2 il həbs cəzasına məhkum etməyi istəmişdi.

Qeyd edək ki, Culfa şəhərində oktyabr ayının 4-də Azərbaycana dəstək mitinqləri ilə əlaqədar həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın Kəşfiyyat qurumunun təcridxanasında və Təbriz həbsxanasında nəzarət altında saxlanılmışdılar.

Təhlükəsizlik qüvvələri Səid Sultanini iş yerində tutub, daha sonra onun evində apardıqları axtarış zamanı şəxsi əşyalarını o cümlədən kompüteri, cib telefonu, kitablarını və maşınını da aparmışdılar.

Babək Kiyumərsinin həyat yoldaşı milli fəal həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilir.

Sulatani və Kiyumərsi keçən il dekabr ayının 1-də və 2-də ayrı-ayrı kəşfiyyat nazirliyinin təcridxanasından Təbrizin Mərkəzi Həbsxanasına köçürüldükdən sonra 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Fəallar indiyədək dəfələrlə mədəni fəaliyyətlərinə görə həbs edilib. Babək Kiyumərsi 2011-ci ilin iyun ayının 6-da Culfa şəhərinin Şuşa bölgəsində yerləşən atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Səid Sultani isə keçən illərdə də müxtəlif mitinq və etiraz aksiyalarına qatıldığı üçün həbs və mühakiməyə məruz qalıb.

İkinci Qarabağ Müharibəsi əsnasında Cənubi Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalmışdı.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …