Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Bakıda Əbülfəz Elçibəyin 80 illik yubileyi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin “Musavat” saytına istinadən yaydığı məlumata görə, Bakıda Əbülfəz Elçibəyin 80 illik yubileyi keçirilib. Tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar və digər ictimai xadimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə açılış nitqi ilə çıxış edən Elçibəyin mətbuat katibi vəzifəsində çalışmış və onunla bağlı çoxsaylı yazıların müəllifi Ədalət Tağızadə 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslərdən, Azərbaycanın yenidən müstəqil olmasından danışıb.

O, bildirib ki, 1988-ci ildə fevral ayında öncə Qarabağda “Topxana” meşəsinin qırılmasına etirazla başlayan hərəkat, sonradan xalq hərəkatına çevrildi və onun lideri Əbülfəz Elçibəy oldu: “20-ci yüz il iki şəxsin adı ilə əbədi olaraq bağlıdır. Onlardan biri yüz illiyin əvvəlində müsavatçılar və Məhəmmədə Əmin Rəsulzadə, ikincisi isə yüz illiyin sonunda Əbülfəz Elçibəydir”.

O, tədbiri aparmaq üçün sözü komitənin sədr müavini, zamanında Elçibəyin köməkçisi olmuş Oqtay Qasımova verdi. Oqtay Qasımov bildirdi ki, tədbir 3 hissəsən ibarətdir: “Birinci hissə rəsmi çıxışlara həsr olunacaq. Sonra Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabının təqdimatı, daha sonra isə “Elçibəy-80” yazı müsabiqəsinin qalibləri elan ediləcək. İlk sözü istiqlalçı millət vəkili KXCP sədri Mirmahmud ağaya verirəm”.

Mirmahmud Mirəlioğlu bildirdi ki, Əbülfəz Elçibəy deyəndə Azərbaycanda və Türk dünyasında ilk olaraq millət, dövlət, vətən, torpaq, bayraq canlanır: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin heykəli, simvolu olaraq gözümüzün qarşısına gəlir. Elçibəy deyəndə, insanların özləri də böyük olurlar, bağışlamağı bacarırlar. Elçibəy deyəndə insan Allahını, yaradanını nəzərdə tutur. Tədbiri düzənləyən təşkilat komitəsinə, burada iştirak edənlərə təşəkkürümü bildirirəm. Elçibəy bütövlükdə “sevgim millətə” deyirdi və sevgisində millət öncə idi. “İtaətim müəllimlərimə” deyirdi və xoş halına o müəllimlərim ki, onlar Elçibəyin müəllimi olublar. “Vurğunluğum azadlığa və ədalətə” deyirdi, özü azadlıq və ədalət deyirdi. “Borcum dostlarıma və məsləkdaşlarıma” deyirdi, xoş hallarına o dostların ki, onlar Elçibəyin dostlarıdır. Nifrətim yalançılığı və simasızlara deyirdi. Elçibəy kimi şəxsin haqqında danışmaq çox çətindir. Ancaq Azərbaycanımızın bu günü də ortadadır. Elçibəyin böyüklüyü onda idi ki, o, Azərbaycanı bütöv sevirdi. Ona görə də ömrünün sonlarında həyatını bütövlükdə Azərbaycana həsr etdi”.

Daha sonra söz Elçibəy hakimiyyəti dövründə daxili işlər naziri olmuş istiqlalçı deputat İsgəndər Həmidova verildi. İ.Həmidov qeyd etdi ki, Əbülfəz bəyin bizə sevdirdiyi 3 məqamı sizə çatdıracam: “Əbülfəz bəy bizə xalqı və milləti sevməyi öyrətdi. Həmçinin o, ərazi bütövlüyümüzü qoruyub, o yolda şəhid olmağı öyrətdi. Əbülfəz bəy bizə qurduğu dövləti sevməyi tövsiyə etdi və biz, bunun üçün bacardığımız qədər çalışdıq. Dünyada ikinci bir şəxs tanımıram ki, onu siyasətçilər lider kimi, ədəbiyyatçılar ədəbiyyat lideri kimi, millətçilər isə rəhbər kimi qəbul edir”.

Çıxış edən şair Ramiz Rövşən söylədi ki, Əbülfəz bəy həmişə bildirirdi ki,  hər şeyin zamana ehtiyacı var: “Zamanın isə bəzən hansısa şəxsiyyətlərə ehtiyacı olur. Əsas da ona görə ki, həmin şəxsiyyətlər zamanı onun özünə tanıdırlar. Həzrət Əli deyib ki, insanlar valideynlərindən çox, öz zəmanələrinə bənzəyirlər. Ancaq bu, həqiqətdir. Əbülfəz bəyə sevgi günbəgün artır”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, istiqlalçı deputat İsa Qəmbər söyləyib ki, Azərbaycan xalqı dünya xalqlarının içərisində ən ləyaqətli, qəhrəman xalqlardan biridir: “Bu xalq tarixən hər zaman müstəqilliyə və ləyaqətə can atıb. İlk imkanda müstəqillik və ləyaqət uğrunda mübarizənin ön sıralarına çıxıb. Bu, 1918-ci ildə də belə olub, 1991-ci ildə də həmçinin. Hər dəfə imkan yaranan kimi millət azadlığı, ləyaqəti uğrunda mübarizəyə qalxıb, qalib gəlib. Bu qələbə uzun çəkməyib və səbəbləri də çoxdur. Təbii ki, xəyanətləri də qeyd etmək lazımdır. Bunlar olacaq. Həll edici məsələ isə Rusiya faktorudur və bu faktor dövlətin yaşamasına imkan vermir. Çünki 1918-20-ci illərdə olan hökumət də, Elçibəy hakimiyyəti də süquta gedənə qədər olan dövr də təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün həlledici dərəcədə önəmli hadisə idi. Bu millətin 20-ci əsrin əvvəlində Rəsulzadə kimi böyük lideri olub və bu millətin 20-ci əsrin sonunda o yolu davam etdirəcək Əbülfəz Elçibəy kimi böyük lideri yaşayıb. Hesab edirəm ki, Rəsulzadə və Elçibəy irsi hələ kifayət qədər öyrənilməyib. Bu, ciddi şəkildə araşdırılmalı və həqiqətlər ortaya çıxarılmalıdır”.

Daha sonra söz Milliyətçi Hərəkat Partiyasının nümayəndəsi  Bülent Başaoğluna verildi. O da üzvü olduğu qurum adından hər kəsi salamlayıb, Elçibəy haqqında fikirlərini söylədi.

Müsavat Partiyasının başqanı Arif Hacılı da çıxış edib,öz fikirlərini bildirdi. Arif Hacılı çıxış edən zaman Ədalət Tağızadə bildirdi ki, bu yaxınlarda Müsavat Partiyasının tanınmış üzvlərindən biri deyib ki, Əbülfəz Elçibəy yolu yoxdur. O, xahiş etdi ki, Arif Hacılı bu məsələyə münasibətini bildirsin. Arif Hacılı isə cavab verdi ki, hazırda mətbuat konfransı keçirmir, tədbirdə Elçibəylə bağlı çıxış edir. O, cavab verməsə də çıxışı zamanı tez-tez “Elçibəy yolu” ifadəsindən istifadə etdi.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, istiqlalçı deputat Sabir Rüstəmxanlı da çıxış edərək, Elçibəy dövrü ilə bağlı fikirlərini söylədi. O, həmçinin atılan replikalara da münasibət bildirdi: “Uzun müddətdir ki, bir-birindən aralı düşmüş, hətta bir-biri ilə rəqib kimi danışan, ancaq vaxtilə meydandanlarda bir olan insanları burada göyməyə çox sevinirəm. Hesab edirəm ki, Elçibəyin böyüklüyü də bundan ibarətdir ki, onun ruhu da barışdırıcıdır. Bu yubiley münasibətilə hər kəsi təbrik edirəm. Elçibəyi, Rəsulzadəni danmaq ideallarımızı danmaqdır. Hesab edirəm ki, fikir ayrılıqları ilə barışmaq olar. Ancaq bununla barışmaq olmaz. Çünki bu ideologiya ilə yetişməyən gənclik, Azərbaycan gəncliyi olmayacaq. Bir dövlətçilik əxlaqı var. Bu əxlaq tələb edir ki, keçmişinə sayğı ilə yanaşmalısan. Bu, sənin bünövrə daşın, təməlindir. Məncə Elçibəyin qurduğu dövlətdə ona kiçik bir salonun ayrılması, bizim üçün ayıb olan məsələdir”.

Daha sonra isə AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçiləri Novella Cəfəroğlu , yazıçı publisist Mehriban Vəzir və digər şəxslər də çıxış edərək, Elçibəylə bağlı xatirələrini bölüşdülər.

Tədbirin ikinci hissəsində yuxarıda da qeyd etdiyimiz kimi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabının təqdimatı oldu, ardınca isə “Elçibəy-80” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar. Mükafatlandırma zamanı da kiçik qalmaqal yaşandı. Belə ki, yazısına görə 4-cü yerə layiq görülən gənc yazar Kəramət Böyükçöl, mükafatdan imtina etdi.

O, bildirdi ki, yazısı birinci yerə layiqdir: “Mən bundan öncə Elçibəylə bağlı status yazmışdım və o status yanlış anlaşılmışdı. İndi də mənə yazıma görə yox, statusuma görə yer veriblər. Mən bu mükafatdan imtina edirəm. Çünki qiymətləndirmə ədalətsiz olub”.

Mükafatı təqdim edən jurnalist Əvəz Zeynallı isə söylədi ki, Kəramət Böyükçölün fikirlərinə hörmət edir, lakin qiymətləndirmənin ədalətsiz olması iddiası ilə razılaşmır: “Kəramət bəy istəsə, onun yazısına kimlərin neçə bal verməsini də göstərə bilərik”.

44 yazının təqdim olunduğu müsabiqədə birinci yeri Ləman Ələşrəfqızı, ikinci yeri Jalə Mütəllimova, üçüncü yeri isə Səbuhi Məmmədli tutdu.

 

 

 

 

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan Qarabağ açıqlaması: Sülhməramlılar çıxarılır?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və …

Bir cavab yazın