Şənbə , Aprel 20 2024
azfa

Bu gün 21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan edib.

Bu günün tarixi isə illər öncəyə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması haqqında müraciət ediblər. UNESCO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Beynəlxalq Ana Dili Gününün builki mövzusu dayanıqlı inkişafa nail olmaqda, sülh və barışıq əldə etməkdə yerli xalqların dilinin qorunmasının vacibliyinə həsr olunub. Bu əlamətdar gün münasibətilə UNESCO-nun baş direktoru Odre Azule dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə diqqətə çatdırılır ki, dünya əhalisinin təxminən 40 faizinin öz ana dilində təhsil almaq imkanı yoxdur. Bilik qazanmaq və digər dilləri öyrənmək prosesinin asanlaşmasında ana dilini yaxşı bilməyin əhəmiyyəti elmi cəhətdən əsaslandırılsa da, təəssüf ki, təhsilin ilk illərində ana dilindən çox az halda istifadə edilir. Müraciətdə Dayanıqlı İnkişafın Məqsədlərinə nail olmaq baxımından yerli xalqların öz ana dillərində təhsil almasını təmin etməyin vacibliyi vurğulanır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.

Millətin dilinin dövlət statusuna yüksəlməsi qürurverici tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi və millətin millət olaraq təsdiqidir. Bu gün Quzey Azərbaycanda Azərbaycan türkcəsi dövlət dilidir. Lakin Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan irqçi və işğalçı fars rejimin işğalı altındadır. Rejim Azərbaycan türkcəsini qadğan edib və onu məhv etmək üçün əlindən gələni edir. Azərbaycan türk milləti isə dilini qorumağın millətin diriliyi üçün lazım olduğunu dərk edib bu yolda mübarizəsinə davam edir.

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın