Cümə axşamı , Mart 28 2024
azfa

Cümhuriyyət irsinin tədqiqinə sanballı töhfə: Bir daha “Türkçülüyün üçlü formulu” haqqında

GADTB: Müsəlman Şərqinin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində dünyada, xüsusilə bir əsrə yaxın müddətdə tərkibində olduğu Rusiya imperiyasının milli ucqarlarından sayılan və onun da yerləşdiyi Cənubi Qafqaz bölgəsində gedən və müstəqilliyin əldə edilməsinə zəmin olan proseslər, bu müstəqil dövlətin mövcud olduğu zaman kəsiyində dövlət quruculuğunun bütün istiqamətlərində atılan addımlar, süqutuna gətirib çıxaran səbəblər və digər məsələlər, eləcə də onun qurucuları barədə kifayət qədər tədqiqatlar aparılıb.

Bu mövzuda ensiklopediyalar, elmi monoqrafiyalar, elmi-publisistik və publisistik kitablar çap olunub, məqalələr, oçerklər yazılıb, sənədli filmlər çəkilib, müxtəlif səpkili tele-radio verilişlər, videoçarxlar və sair hazırlanıb. Azərbaycan xalqının çoxəsrlik zəngin tarixi və dövlət qurmaq ənənələrindən qaynaqlanan, onun məntiqi nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyəti irsinin öyrənilməsinə, elmi-nəzəri baxımdan qiymətləndirilməsinə, çağdaş tələblər səviyyəsində təqdim olunmaqla dünyaya tanıdılmasına xidmət edən bütün bu işlərin əhəmiyyətini azaltmadan bir cəhəti vurğulamaq lazımdır. Arxiv sənədlərinə, həmçinin, XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid nəşrlərə, o cümlədən, mətbuata istinadla dövriyyəyə daxil edilən bu əsərlərin mütləq əksəriyyətində diqqət proseslərin, hadisələrin, məlumat və faktların ideya, nəzəri aspektlərdən daha çox, faktoloji baxımdan dəyərləndirilməklə təhlilinə yönəlmiş və bu yanaşmaya müvafiq də nəticələr çıxarılıb. Əlbəttə, elmi-metodoloji baxımdan yanlış hesab edilməsə də, bu tendensiya xüsusilə xalqın gələcəyinə yönəlik ideyaların hadisə və proseslərlə müqayisədə ikinci planda qalmasına gətirib çıxarmış, onların bir çoxu hətta təhlil obyektinə çevrilməyib. Beləliklə, xalqın siyasi, müəyyən mənada mədəni inkişafı üçün stimul ola biləcək ideyalar sonrakı mərhələdə ya unudulmuş, ya da sxematik tezislərə çevirilib. Bu tendensiya eyni zamanda, mövcud bazanın qiymətləndirilməsində birtərəfli, səthi yanaşmalara səbəb olub.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin 2019-cu ilin əvvəlində “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Türkçülüyün üçlü formulu (nəzəri və tarixi aspektləri)” adlı monoqrafiyası məhz türkçülük, cümhuriyyətçilik, islamçılıq (türkləşmək, müasirləşmək, islamlaşmaq) irsini yeni baxış bucağından, faktoloji deyil, elmi-nəzəri baxımdan qiymətləndirmək nümunəsi kimi diqqəti cəlb edir. Monoqrafyanın elmi redaktoru filologiya elmlər doktoru, professor Əsgər Rəsulov, rəyçiləri doktor Səbahəddin Şimşir (Türkiyə), filologiya elmlər doktoru Bəsirə Əzizəliyeva və türkoloq Əli Şamildir.

Müəllif Azərbaycan, ümumiyyətlə, türk dövlətçiliyi ideyasının nüvəsində dayanan, onun əsasını təşkil edən və bir əsrdən artıq müddətdə milli-ideoloji sistem səviyyəsinə yüksəlmiş türkləşmək, müasirləşmək, islamlaşmaq formulunun tarixi, nəzəri, praktik cəhətdən keçdiyi yolu, onun bu gününü və gələcək perspektivlərini elmi-nəzəri dəyərləndirməklə bir ilkə imza atıb. Doğrudur, üçlü formulun formalaşmağa başladığı ilk illərdən dövrümüzədək həm Türkiyədə, həm də Azərbaycanda ideya və elm adamları, ictimai-siyasi xadimlər, tanınmış ziyalılar, ümumiyyətlə, müasir türk dövlətçiliyinin təməl prinsipləri, o cümlədən, üçlü formul barəsində kifayət qədər bəhs edib, bu məsələlərlə bağlı cəmiyyətə öz dəyərli mülahizə və düşüncələrini çatdırıblar.

Monoqrafiyada bu barədə sistemli və geniş bəhs olunduğundan, eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə bir daha aktuallıq qazanmış mövzunun çağdaş tədqiqatçıların bu və ya digər formada araşdırma predmetinə çevrildiyindən onları təkrarlamağa ehtiyac duymuram.

Monoqrafiyanın quruluşu ilə bağlı qısa şəkildə bir neçə qeydi çatdırmaq istəyirdim. Əsər 6 bölümdən, 7 yarım bölümdən ibarətdir. “Üçlü formul nəzəri kontekstdə” adlanan birinci bölümdə Ə.Süavinin, Ə.Hüsenzadənin, İ.Qaspıralı, Y.Akçuranın, Z.Göyalpın, Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin və türk dünyasının digər düşüncə nəhənglərinin əsərlərinə, irəli sürdükləri ideyalara istinadla bütövlükdə üçlü formulun və onun təməl prinsiplərinin nəzəri baxımdan formalaşması ilə bağlı keçilən yol araşdırılıb, müqayisəli təhlil metodu ilə elmi nəticələr çıxarılıb. Bu məqsədə nail olmaq üçün müəllif xarici, xüsusilə rus və Avropa nümayəndələrinin milli ideyanın, milli təəssübkeşlik ruhunun müəyyənləşməsinə, cəmiyyətin hərəkətverici gücünə çevrilməsinə yönəlik fikir və mülahizələrini də təhlilə cəlb edib, uğurlu paralellər aparıb.

Monoqrafiyanın sonrakı üç bölümündə formulun təməl prinsiplərinin (müasirləşmək, türkləşmək, islamlaşmaq ardıcıllığı ilə) ayrı-ayrılıqda formalaşması prosesini çoxsaylı müəlliflərin əsərləri, mövcud mənbələr əsasında hərtərəfli tədqiq edən alim bədii, publisistik, nəzəri, elmi fikirləri ümumiləşdirməyə, düzgün nəticələr çıxarmağa nail olub. Bu ardıcıllığa və məntiqə uyğun olaraq beşinci bölüm “İdeyadan nəzəriyyəyə – formula doğru” adlandırılmışdır. Adından da göründüyü kimi, bu bölümdə üçlü formulla bağlı bu və ya digər formada irəli sürülmüş bütün fikir və ideyalar dəyərləndirilərək formulun necə təşəkkül tapdığı nəzəri baxımdan əsaslandırılıb.

Professor Bədirxan Əhmədli monoqrafiyanın altıncı, “Gələcəyə baxış” adlı bölümündə gəldiyi nəticələrdə mövcud irs yenidən dəyərləndirilməklə bu işin təxirə salınmadan aparılması zərurətini ortaya qoyur. Doğrudur, müəllif mövzu ilə bağlı olduğundan burada əsasən türklüyün üçlü formulunun gələcək perspektivlərini təhlil süzgəcindən keçirir və öz qənaətlərini təqdim edir. Elmi-nəzəri baxımından təqdirəlayiq sayıla biləcək bu yanaşma digər ideya-nəzəri məsələ və tezislərlə bağlı da keçərli və aktual hesab oluna bilər.

Monoqrafiyanın digər məziyyətləri ilə bağlı təkcə onu qeyd etməyi vacib sayıram ki, əvvəl aparılmış tədqiqat işləri, bir qayda olaraq, müntəzəm, sistemli xarakter daşımayıb, məzmun və mahiyyət baxımından əhəmiyyətli sayılsa da, həcmcə kiçik, əsasən məqalə və qeydlərdən ibarət olub. Təbii ki, bu cəhətlərinə görə həmin dəyərli mülahizələr və tədqiqatlar üçlü formulun günümüzə qədər gəldiyi tarixi yolun hərtərəfli təhlili, müxtəlif aspektlərdən qiymətləndirilərək müvafiq nəticələrin çıxarılması, gələcək inkişafı, qazandığı yeni çalarlarla bağlı fikirlərin sistemləşdirilməsi və perspektivlərinin müəyyən edilməsi baxımından yetərli sayıla bilməzdi. Bu boşluğun aradan qaldırıldığı monoqrafyada üçlü formulun təməl prinsiplərinin tarixən keçdiyi inkişaf yolu mərhələlər üzrə, Azərbaycan və türk aydınlarının bu istiqamətdə fəaliyyəti araşdırılır, yeni elmi qənaətlərə gəlinir.

Cümhuriyyət irsi, ümumiyyətlə, cümhuriyyətçiliklə bağlı bir çox sahələrdə olduğu kimi, bu sahədə də milli-ideoloji qiymətləndirmədə faktoloji dəyərləndirmədən ideya-nəzəri dəyərləndirməyə keçidə zəruri ehtiyac var idi. Bu fikir nə qədər cəsarətli, bəlkə də mübahisəli səslənsə də, onu müəyyən mənada Xalq Cümhuriyyəti qurucularının ideya-nəzəri, elmi-publisistik irsinin qiymətləndirilməsinə də şamil etmək olar. Bəzi istisnalarla, bu işlərin Azərbaycanda çağdaş elmin tələbləri səviyyəsində görülməsinin vaxtı artıq çatmışdır. Zənnimcə, xüsusilə bu sahənin mütəxəssisi olan elm adamlarımız və ziyalılarımız tərəfindən hətta qeyd edilən kontekstdə daha çox araşdırılma predmeti olmuş M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov irsinin və həmin dövrün başqa fikir, ideya adamlarımızın əsərlərinin də milli-ideoloji fikir qaynaqları kimi elmi-nəzəri baxımdan yenidən tədqiqata cəlb edilməsinə, günümüzlə tarixi paralellərin aparılmasına və gələcəyə yönəlik düsturların sistemləşdirilərək təqdim edilməsinə diqqət yetirilib. Əlbəttə, söhbət yalnız ideya yükünə malik tezislərdən, yaxud bir çox hallarda aforizm kimi qəbul edilən deyimlərdən getmir. Biz tarixi şəxsiyyətlərimizin ideya-nəzəri fikirlərini kompleks təhlil və tədqiqat obyektinə çevirməli, onları müqayisəli şəkildə qiymətləndirməyi bacarmalıyıq. Məsələn, Azərbaycan ziyalılarının Birinci dünya müharibəsi ərəfəsində muxtariyyət ideyalarını necə formalaşdırdıqlarını və sonra yaranmış əlverişli tarixi şəraiti düzgün qiymətləndirərək onu müstəqillik ideyasına transfer etmələrini və bu qəbildən hesab etmək olar.

Professor Bədirxan Əhmədlinin araşdırması hər şeydən əvvəl, məhz bu sahədə ilk addımlardan olduğuna görə xüsusi əhəmiyyt kəsb edir. Çünki biz tariximizi əsasən faktoloji çərçivədə öyrənmək səviyyəsindən, onu xalq, millət olaraq yeni inkişaf mərhələsinə daşımaqda mühüm vəsilə rolunu oynaya biləcək ideya, fikirlər bazası kimi öyrənməyə və qiymətləndirməyə keçid etmədən həmin zəngin irsin həqiqi dəyərini tam aça, ən başlıcası ondan lazımi səviyyədə yararlana bilmərik. Təkcə günümüz üçün deyil, həm də gələcək üçün hansı milli ideyaların bizi xalq, millət olaraq indiki vəziyyətimizdən daha arzuolunan, məmnun qala biləcəyimiz bir mərhələyə yüksəldə biləcəyini düzgün müəyyənləşdirmək baxımından da bu zəruridir. Milli maraqlarının təminatı məqsədi ilə milli ideologiyalarını mükəmməl və hərtərəfli şəkildə hazırlamağı və həyata keçirməyi bacarmış xalqların tarixən və günümüzdə nail olduqları bizim üçün digər hərəkətverici stimula çevrilməlidir. Yaxın tariximizin fikir və ideya nəhəngləri bu mənada bizə əvəzsiz bir miras qoyub getmişlər. Bu mirasın fərqli yöndən qiymətləndirilməsi bizə türklüyün üçlü formuluna bənzər, sabahımız üçün gərəkli olacaq başqa formullar da verə bilər (onlar nə vaxtsa tezis, yaxud düstur kimi səsləndirilməsə də). Yaxud bütün bu təhlillər sayəsində çıxarılan nəticələr hansısa mərhələdə qarşılaşa biləcəyimiz məsələlərin daha düzgün qoyuluşunda və həllində istiqamətverici rol oynaya bilər.

Ötən il Türkiyənin Ankara Universitetində keçirilən bir çox alimlərimizin qatıldığı “Yüz yaşlı Azərbaycan Cümhuriyyəti” beynəlxalq elmi konfransında iki təqdimat bu baxımdan iştirakçıların diqqətini daha çox cəlb etdi. Bunlardan birincisi professor Bədirxan Əhmədlinin oxuculara təqdim edilən kitabda da tezislər şəklində yer almış məruzəsi, ikincisi isə filologiya elmləri doktoru Nazim Muradovun “M.Ə.Rəsulzadənin insanlara hürriyyət, millətlərə istiqlal söyləmi” adlı məruzəsi idi. N.Muradov M.Ə.Rəsulzadənin bu məşhur siyasi tezisini elmi təhlil obyektinə çevirməklə, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və baş memarının insanlara hürriyyət, millətlərə istiqlal fikrinin ideya-nəzəri qaynaqlarını aça bilmiş, potensialnı və inkişaf xəttini lazımınca çatdırmışdı. Müəllifin M.Ə.Rəsulzadənin həmin tezislə bağlı ideya baxışlarının sonrakı mərhələdə inkişafını düzgün əsaslandırması da təqdirəlayiq sayılmalıdır.

Monoqrafiya barədə bir qədər də aydın təsəvvür yaransın deyə, üçlü formulla bağlı müəllifin mübahisəsiz qəbul edilə biləcək tezislərindən bir neçəsini təqdim etməyi vacib sayıram.

Üçlü formul:

– demokratik prinsipləri, milli və liberal cəmiyyət dəyərlərini dövlətçilik xəttinə gətirən ideoloji sistemdir;

– kökə qayıdışla gələcəyin sintezidir;

– millətin siyasi mövcudluğunun ifadəsidir.

Tezislərin davamı da var, ancaq onlarla tanışlığı oxucuların öz öhdəsinə buraxır, milli kimlik, milli birlik, milli dirilik naminə bütün təşəbbüslərə uğurlu olsun, deyirəm.

Professor Bədirxan Əhmədlinin xüsusilə son 10 ildə yazdığı fundamental tədqiqat əsərləri müasir mərhələdə ədəbiyyatşünaslığımıza, həqiqətən, sanballı töhfə olmaqla, elmi dairələrdə ciddi marağa və müzakirələrə səbəb olub. Onun 3 cildlik “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi, “XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər, istiqamətlər, problemlər”, “Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyat tarixi”, “Azərbaycan mühacir ədəbiyyatı. Təşəkkülü, problemləri, şəxsiyyətləri” elmi monoqrafiyaları, mövcud materialın dərin təhlili, məsələlərin qoyuluşu və şərhi baxımından fərqli və olduqca dəyərli əsərlərdir.

Əminəm ki, professor Bədirxan Əhmədli maraqlı, yüksək səviyyəli monoqrafiyaları, elmi-tədqiqat işləri ilə gələcəkdə də elmi və ədəbi ictimaiyyətin diqqət mərkəzində olacaqdır. Sonda onu da qeyd etməyi lazım bilirəm ki, professor Bədirxan Əhmədlinin və digər görkəmli alimlərimizin heç olmasa ortaq maraq doğuran elmi işlərinin qardaş Türkiyədə nəşri barədə düşünməyin vaxtı çatıb.

Lətif BABAYEV (ŞÜKÜROĞLU)

Tarix üzrə fəlsəfə doktoru

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın