GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Ermənistan sərhədində ermənilərin mövqelərimizi sürəkli atəşə tutmaları səbəbindən Söyüdlü- Zod qızıl mədəninin ermənilər tərəfdə olan hissəsində bütün işlər dayandırılıb.
Mədənin istismarı ilə məşğul olan “GeoProMining Gold” şirkəti bütün əməkdaşlarını və texnikanı mədəndən çıxarıb.
Son məlumatlara görə, ermənilər mədəndə çalışan 200 nəfər işçini təcili təxliyə ediblər.
Xatırladaq ki, Söyüdlü-Zod qızıl yatağı Kəlbəcər rayonu ərazisində yerləşir.
Kəlbəcər rayonu erməni işğalında olarkən rayon ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistanın işğalçı rejimi tərəfindən talan edilib. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6-22,6 q/t) dəyişir. Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda “sərhəd darvazası” quraşdırmışdı. Ertəsi gün Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.
Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhədində yerləşən Söyüdlü-Zod qızıl yatağının ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Ermənistanın Basarkeçər rayonunun ərazisində idi.
Yatağın istismarına 1976-cı ildən başlanıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə “GeoProMining” şirkəti rəhbərlik edir. 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton hasil edilib. Bu dövrdə qızıl mədənində 350-400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Filizin dəmiryolu nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. İkinci Qarabağ müharibəsi başlandıqdan sonra yataqdakı hasilət işləri dayandığından Ermənistan dəmiryolları sistemində kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən GeoProMining şirkəti Ermənistanda 4-cü ən böyük vergi ödəyicisi idi.