
GADTB: Azərbaycan milli hərəkatı fəalları Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti Tehranın baş prokuroru Əli Salehiyə və Evin həbsxanasının rəisinə ayrıca məktublar göndərərək, onlara qarşı tətbiq olunan zorakılıq nəticəsində yaranan xəsarətlərin qeydə alınması üçün təcili olaraq tibbi ekspertizaya (pəznəşki qanuni) köçürülmələrini tələb ediblər.
“Abbas Lisaninin məlumat səhifəsi”nin bildirdiyinə görə, fəallar onlara qarşı elektrik şok cihazı və dəyənəklərdən həddən artıq istifadə edilməsi nəticəsində bədənlərinin müxtəlif nahiyələrində ciddi göyərmələr yarandığını qeyd ediblər. Məlumata əsasən:
Abbas Lisaninin qabırğaları və boynu zədələnib, habelə sərt məftil qandalın sıx bağlanması səbəbilə onun bir əlində hissiyat azalması yaranıb.
Behzad Dəştinin burnu sındırılıb.
Əli Xeyircunun bir dişi qırılıb və boynu saxlanılma zamanı təpik zərbələri və bir neçə dəqiqə davam edən dizlə basılma səbəbilə zədələnib.
Yusif Karının bədəninin müxtəlif yerlərində də göyərmələr və zədələr müşahidə olunub.
Bundan əlavə, Evin həbsxanasının qarşısında yerləşən təhlükəsizlik qüvvələrinin rəhbəri burnunun sındırılması iddiası ilə Abbas Lisanidən şikayət etdiyi bildirilir.
Həbs və ittihamlar
Fəallar 20 aban 1404 səhəri Evin həbsxanasının qarşısında saxlanılıblar. Onlar ailələri ilə qısa telefon danışığında təhlükəsizlik və polis qüvvələri tərəfindən şiddətli döyülməyə məruz qaldıqlarını bildiriblər.
Bir neçə saat sonra onlar Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə (hakim Vahid Nasirinin rəhbərliyi ilə) aparılıb və aşağıdakı ittihamlar elan olunub:
Abbas Lisanı üçün:
“Qeyri-qanuni qrup yaratmaq və idarə etmək”,
“Ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma”,
“İctimai asayişi pozma”.
Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti üçün:
“Qeyri-qanuni qrupa üzvlük”,
“Ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma”,
“İctimai asayişi pozma”.
Məlumatlara görə, “ictimai asayişi pozma” ittihamı üçün 1 milyard tümən girov, digər ittihamlar üçün isə həbs-qətimkan qərarı çıxarılıb.
Tibbi ekspertizaya göndərilmə tələbi rədd olunub
Həbs edilənlər dindirmə zamanı özlərinin döyülməsi ilə bağlı şikayət edərək tibbi ekspertizaya göndərilmələrini tələb etsələr də, istintaqçı onlara belə cavab verib:
“Siz müqavimət göstərmisiniz, məmurlar da öz işlərini görüblər.”
Fəallar dindirmədən sonra Evin həbsxanasının tibb məntəqəsinə aparılıb, qısa müayinədən və ağrıkəsici verildikdən sonra Evin həbsxanasının 7-ci bölməsinin karantin hissəsinə köçürülüblər.
Lisaninin xəbərdarlığı
Abbas Lisanı bir neçə gün əvvəl yaydığı mesajda xəbərdarlıq etmişdi:
“Əgər sabah gecəyədək məhbusların və ailələrin tələblərinə cavab verilməsə, birigün Evin həbsxanasının qarşısında onlara qoşulacağam.”
Hazırda azərbaycanlı siyasi məhbuslar Tahir Naqəvi və Vüud Əsədi aclıq aksiyasını davam etdirir. Onlar aylardır Evin həbsxanasında saxlanılır və ailələri onların tibbi xidmətə çıxışı, hüquqi vəziyyətlərinin aydınlaşdırılması və qanuni haqlarının təmin edilməsini tələb edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi