Bazar ertəsi , İyun 22 2026
azfa

Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal və məhbus mühəndis Vədud Əsədinin cəzası artırılıb

GADTB: Gilan vilayətinin Apellyasiya Məhkəməsinin 11-ci şöbəsi çıxardığı qəti qərarla Vədud Əsədinin cəzasını 6 il 1 ay həbsə qədər artırıb.

Məhəmmədsadiq İran Əqidə və İsmayıl Rüstəmi Tarməsərinin hakimlik etdiyi Gilan Apellyasiya Məhkəməsinin 11-ci şöbəsi Vədud Əsədinin cəzalarının birləşdirilməsi ilə bağlı müraciətə baxıb. Məhkəmə onun barəsində əvvəllər Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi və Rəşt İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən çıxarılmış hökmləri ləğv edərək yeni cəzalar müəyyən edib.

Qərara əsasən, Vədud Əsədi:

“Ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və sövdələşmə” ittihamı ilə 6 il 1 ay həbsə,

“Sistem əleyhinə və müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamı ilə 8 ay həbsə,

“Ali rəhbəri təhqir etmək” ittihamı ilə isə 16 ay həbsə məhkum edilib.

Bundan əlavə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar barəsində “İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti” ittihamı ilə yeni cinayət işi açılıb. İşin müstəntiqi Nasir Cəlairinin sözlərinə görə, bu iş 1404-cü il 5 esfənd tarixində həbsdə olan Azərbaycan Milli Hərəkatı fəallarının Prezident Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra başlanıb.

Həmin məktubda məhkəmə sistemində saxta ittihamların irəli sürülməsi, qanundan kənar davranışlar, ədalətsiz məhkəmə araşdırmaları və bəzi hakimlərin əvvəlcədən müəyyənləşdirilmiş qərarları tənqid olunmuşdu.

Lakin bu iddiaların araşdırılması və mümkün qanun pozuntularının qarşısının alınması əvəzinə, məktubun özü onu imzalayanlara qarşı yeni cinayət işinin açılmasına səbəb olub.

Həmçinin 1404-cü ilin 9 esfənd tarixində İran İslam Respublikasına qarşı hücumlardan sonra bu iş yeni ittiham aktı ilə genişləndirilib, dörd cildlik material hazırlanıb və təqsirləndirilən şəxslər 1405-ci il 6 ordibehişt tarixində məhkəməyə çağırılıblar.

Təqsirləndirilənlərdən bəziləri, o cümlədən mühəndis Vədud Əsədi, Mürtəza Pərvin, vəkil Tahir Nəqəvi və Mahmud Ocaqlu bu məhkəmə iclaslarında iştirakdan imtina ediblər.

Bu, həbs dövründə həmin fəallara qarşı ilk dəfə açılan cinayət işi deyil. Ümumilikdə, Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatı fəalları müxtəlif ittihamlarla yeni cinayət işlərinin açılması prosesi ilə üzləşirlər. Onların fikrincə, bu addımlar milli hüquqlar, insan haqları və vətəndaş tələblərindən geri çəkilməyə məcbur etmək məqsədi ilə atılır.

Həmçinin yoxlayın

Sato: ABŞ–İran razılaşmasında xalq və insan hüquqları məsələsi diqqətdən kənarda qalmamalıdır

GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ …

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …