Çərşənbə , Aprel 24 2024
azfa

Firdovsiyyə Əhmədova: Tiflis qəzasında əhalinin 88%-ni azərbaycanlılar təşkil edib

GADTB: Tiflis qəzasında yerləşən, əhalisinin 88%-ni azərbaycanlıların təşkil etdiyi, etnoqrafik və iqtisadi baxımdan Gəncə-Qazax düzənliyi ilə bütöv tam təşkil edən Qarayazı düzü uzun sürən mübahisə və toqquşma zamanı gürcülər tərəfindən zəbt edilmiş və yerli əhalinin böyük narazılığına səbəb olmuşdu. Bu məlumat 1920-ci ildə Azərbaycan Xarici İşlər Komissarlığı informasiya şöbəsinin müdiri A.Şepotyev tərəfindən Moskvaya, RSFSR XXİK-nın müavini Karaxana göndərilmiş 4 məktubun “Qafqaz respublikaları arasında ərazi münaqişələri” adlandırdığı 3-cü məktubda verilir”. Gürcülər Qarayazı düzünə iddia edərkən, buranın inzibati vahid kimi Tiflis qəzasına aid edildiyini əsas göstərirdilər. Həm etnoqrafik, həm də iqtisadi baxımdan Gəncə-Qazax düzənliyi ilə tam təşkil edən bu ərazi də Rusiya imperiyasının inzibati siyasətinin törətdiyi münaqişə mənbəyi oldu. Yaxud Yelizavetpol quberniyasında yerləşən Qazax qəzasının dağlıq hissəsində cüzi sayda erməninin yaşaması artıq bu ərazini Ermənistanın iddia predmetinə çevirmiş və dağlıq hissənin bir tərəfini bəhs edilən dövrdə erməni dəstələri zəbt etmişdilər. Tiflis quberniyası Borçalı qəzasının vəziyyəti daha mürəkkəb olmuşdur. Qəzanın müxtəlif yerlərində gürcü, erməni, yunan, rus, ukraynalı, alman əhalisinin yaşaması ilə yanaşı Axalsıx qəzasının sərhədinə qədər Borçalı qəzasının bütün orta zonası, buranın bütün əhalisinin 93%-ni təşkil edən Azərbaycan türkləri tərəfindən məskunlaşmışdı. Moskvaya verilən məlumatda Azərbaycan Respublikasının bütün orta Borçalıya iddiası təbii səciyyələndirilmişdir. Gürcüstan isə Borçalı qəzasının bütün ərazisinə iddia edərək tarixi ənənələri əsas gətirirdi, bir vaxtlar Borçalının gürcü çarlığının bir hissəsi olduğunu vurğulayırdılar. Tarixdən bəllidir ki, hələ erkən orta əsrlərdən türk tayfalarının, XVI-XVII əsrlərdə isə kütləvi surətdə Azərbaycan türklərinin məskunlaşdığı Borçalı mahalı Qazax mahalı ilə birlikdə XVIII əsrdə Nadir şahın qəzəbinə düçar olduğu üçün Uğurlu Ziyad oğlunun bəylərbəyi olduğu Gəncə bəylərbəyliyinin tərkibindən çıxarılıb Kartli-Kaxeti çarının tabeliyinə verilsə də, XVIII əsrin ortalarında, Azərbaycanda xanlıqlar yaranan zaman Borçalı sultanlıq elan olunmuşdu”. Rusiya idarəçiliyində Tiflis quberniyası tərkibində qəzaya çevrilmiş Borçalıdan, əhalisi Azərbaycan türklərindən ibarət Qarayazı və Qaraçöp rayonları ayrılır, Tiflis qəzasına verilir. Yəni növbəti dəyişikliklə Azərbaycan türklərinin yaşadığı tarixi ərazilər inzibati baxımdan parçalanır və rus idarəçiliyi sistemindən gürcü idarəçiliyinə keçilir. Sonralar gürcülərin Borçalıya iddiası həm də bu qəzanın rus idarəçiliyi zamanı Tiflis quberniyasına aid olmasına söykənirdi. Bu prinsip gürcülərin ermənilərlə də böyük münaqişəsinə səbəb olmuşdur. Almanların bölgəyə nəzarəti zamanı yerli toqquşmalar baş verirdisə də, almanlar gedən kimi ermənilər gürcülərə qarşı müharibə edərək, 1918-ci ilin dekabrında Tiflisə qədər irəliləmiş, bir sıra inadlı döyüşlərdən sonra geri oturdulmuşdular. Ermənilərin başladığı bu müharibə gürcü xalqının ermənilərə qarşı hədsiz qəzəbinə səbəb olmuş, yalnız orta Borçalıda hərbi qüvvələrini yerləşdirmiş ingilis komandanlığının işə qarışması ilə dayanmışdı. Lakin münaqişə ocağı olaraq sonrakı illərdə, o cümlədən bu gün də mütəmadi gərginləşmə davam edir. Bu da rus idarəçiliyindən qalma növbəti miras və səngiməyən erməni ərazi hərisliyinin bir nümunəsidir.

Axalsıx qəzası da üç respublika arasında mübahisə obyektinə çevrilmişdi. “Mesxeti” adı ilə bir vaxtlar gürcü çarlığı tərkibində olmasını əsas tutan gürcülər, Osmanlı qüvvələri Axalsıxı tərk edən kimi, hərbi dəstələri ilə bu vilayətə daxil olmuş, Azərbaycanın və Ermənistanın etirazlarına baxmayaraq, gürcü hakimiyyətini tanımaq istəməyən yerli müsəlman əhali ilə inadlı mübarizədən sonra oranı tuta bilmişlər. Bütün əhalisinin 73,5%-i müsəlmanlar, 8,8%-i gürcülər, 12,5%-i ermənilər olan Axalsıx qəzasında 1919-cu ilin yazınadək partizan müharibəsi davam etmişdir.

Müəyyən müddət vassal asılılığında olması həmin bölgənin gələcək taleyini müəyyənləşdirməli prinsip kimi əsas götürülürdü. Bəhs edilən ərazilər kimi Abxaziya da mübahisəli hesab olunurdu. Yerli Milli Şuranın idarə etdiyi Abxaziya Gürcüstanın ali hakimiyyəti altında muxtariyyət elan edildi. Abxaz milli məclisinin buraxılması, abxaz təşkilatlarına qarşı repressiyalar mübarizəyə rəvac verdi. Həmçinin Tiflis quberniyası ərazisinə daxil edilmiş Osetin torpaqları Gürcüstan hakimiyyətinə tabe edildi.

Rus idarəçiliyi dövründə Tiflis quberniyasına daxil edilmiş bütün əraziləri birmənalı tərzdə gürcü ərazisi hesab edən gürcülər Sığnaq qəzasının 100% yalnız azərbaycanlılarla məskunlaşmış şərq – düzənlik hissəsinə də iddia etmiş və Tiflis quberniyasının tərkibində olduğundan bu ərazini faktiki olaraq ələ keçirmişdilər.

Cənub-Qərbi Qafqaz – Batum və Qars vilayətləri ilə bağlı vəziyyət gərgin olmuşdur. Brest-Litovsk müqaviləsi ilə Türkiyəyə verilmiş bu bölgədə əhalinin 56%-i müsəlman olmuş, hətta müsəlmanlığı qəbul etmiş gürcülər, xüsusən Acar əhalisi “gürcü təbəəliyi haqqında eşitmək belə istəmirdilər”. Buna baxmayaraq Gürcüstan, “müsəlman Gürcüstanı” adlandırılan bu əraziyə iddia ilə, onun Gürcüstanın qalan hissəsi ilə birləşməsi üçün səylə təbliğat aparırdı. Ermənistan nəinki müttəfiqlərin vəd etdiyi Qars vilayətinə, həm də Batumadək bütün Acariyaya iddialarla çıxış etdi. Yerli əhali ayağa qalxdı, müstəqil hərəkət etdi. Seçilən Milli Şura Qarsda, Qafqazda sayca beşinci – “Cənub-Qərbi Qafqaz” respublikasının müstəqilliyini bəyan etdi. Respublikanın tərkibinə müsəlmanların məskunlaşdığı torpaqları – Qars, Batum vilayətləri, Axalsıx, Axalkalaki (Ahalkələk), Şərur, Naxçıvan, Sürməli qəzaları və İrəvan qəzasının cənub-şərq hissəsini daxil etmək nəzərdə tutulurdu.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın