Cümə axşamı , Mart 28 2024
azfa

Firidun İbrahiminin şərəfli ömür yolu – 2-ci yazı

GADTB:Kitab Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan Azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından da çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkməmişlər.

F.İbrahiminin yazı üslubuna toxunmadan onun qeydlərinin özəlliyini saxlayaraq müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmasına və səslənməsinə çalışan Səməd bəy bir sıra ərəb-fars ifadələrinin Azərbaycan dilində qarşılığını verməklə oxucunun bəhs edilən mətləbləri tamamilə anlamasına yardımçı olur…

Etiraf edək ki, xalqın sevdiyi milli qəhrəmana, azad dövlət quruculuğuna imza atdığı bir il boyunca misli görünməmiş işlər görmüş ictimai-siyasi və mədəni xadimin 100 il – bir əsrlik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi!.. Bu, qəhrəmanı öz dilindən, yazılarından təqdim etmək yenidən doğuluşunun, könüllərə yenidən qayıdışının ən unikal variantıdır…

“Firudin İbrahimi və Azərbaycançılıq” adlı giriş məqaləsində Firudin İbrahiminin ömürnaməsi oxunur, yaşamının ayrı-ayrı səhifələri böyük məhəbbətlə vərəqlənir. S.Bayramzadənin sevgi toxunuşlu sunumundan diqqətli oxucu öyrənir ki, o, 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına qoşulub, 1 oktyabr 1945-ci il tarixində ADF-nin Təbrizdə təşkil olunmuş I qurultayında iştirak edən Azərbaycan xalqının 237 nəfərlik təmsilçisindən biri olub, Azərbaycan Milli Məclisi təşkil olunduqdan sonra isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil edilmiş 39 nəfərdən oluşan Azərbaycan Milli Hökumətinin tərkibində Baş prokuror vəzifəsinə təyin edilib. O vaxt, yəni 1945-ci ildə Firudin gəncəcik bir oğlandı və Tehran Universitetinin hüquq fakültəsindən yenicə məzun olmuşdu. Və bu tarixi təyinatdan sonra gənc prokuror bütün şüurlu ömrünü “Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edərək istər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq Azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib”, bu yolda əlindən nə gəlirsə, əsirgəməyib.

* * *

Kitabdan öyrənirik ki, F.İbrahimi 21 noyabr 1918-ci il tarixində Astaranın İran tərəfindəki hissəsində dünyaya gəlib. 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsinin tələbəsi ikən İran Xalq Partıyası (İXP) sıralarına qoşulan gənc milli fəal tələbə hərəkatında aktiv şəkildə iştirak edib. Ədəbi fəaliyyətinə də tələbə adını qazandığı ildən start verib və tez bir zamanda siyası məqalələr yazmağa başlayıb. 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra gənc tələbə bu mətbu nəşrlə əməkdaşlıq edib. Həmin ildə də redaksiya heyətinin üzvü seçilib. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını kəskin boyalarla ifşa edib. “Ajir” qəzetində aktiv fəaliyyət göstərməklə yanaşı, yazılarını ardıcıl surətdə İXP-nin rəsmi orqanının “Rəhbər”, antifaşist ruhlu “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyi Birləşmiş Mərkəzi Şurasının “Zəfər” qəzetlərində və b. mütərəqqi mətbuat orqanlarında dərc etdirib. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq edib və günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr qələmə alıb. 1945-ci ilin mayında ali təhsilini başa çatdıran F.İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi almasına baxmayaraq, xalqına şərəflə xidmət göstərməyi özünün əsas vəzifəsi hesab edib və çoxlarına cazibədar görünən bu təklifləri qəbullanmayıb. Öz ana yurdu, uğrunda göz qırpmadan ölməyə belə hazır olduğu doğma Azərbaycana qayıdıb.

* * *

Şərqşünas alim ön söz xarakterli giriş məqaləsində yazır: “5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunub və elə həmin tarixdən də F.İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayıb. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli hissinin oyanmasında mühüm rol oynayıb. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır. F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır”.

* * *

Oxucu bu kitablardakı məqalə və çıxışlardan Firudinin parlaq şəxsiyyətinin xarakter özəlliklərini, ruhundakı əsintiləri, ardıcıl mübarizə xəttini, amal və arzularını, həyatdakı amaclarını da öyrənmiş olur. Gənc prokurorun mərdanə xarakteri, qorxmalığı, fədakarlığı, ümummilli məsələləri şəxsi istək və arzularından nə qədər yüksək tutduğu onu heyrətləndirir. Həqiqətən sonsuz zindan əzablarına, ağlasığmaz işgəncələrə mərdliklə dözən qanun keşikçisinin istintaq zamanı etdiyi son çıxışları çox təsirli və ibrətamizdir:

Müstəntiqin sorularına prokurorun verdiyi cavabları indiki nəsillərə görk üçün kitabda olduğu kimi verməyi məqsədəuyğun sayırıq:

– Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?

– Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik.

– Bəs o xalq haradadır, niyə sizin ölümünüzü istədilər?

– Mənim kimilərin ölümünü istəyənlər imperialist ağalarının göstərişlərini yerinə yetirən mürtəce Tehran hökumətidir. Bu gün xalqımızın əl-ayağı, fəhlə, kəndli, zəhmətkeş və həmçinin əli qələm tutan ziyalıların dili bağlanmışdır. Amma bu əsarət zəncirləri əbədi deyil və onların qüdrətli əlləri ilə açılacaqdır. Mən öz ömrümü Azərbaycan zəhmətkeşlərinin və bütün İranın azadlığı, səadəti yolunda sərf etmişəm. Bu zaman içərisində çalışdım ki, öz vəzifəmi şərəflə yerinə yetirim. Mən xalq mübarizəsinin şölələri içərisində tərbiyə olunmuşam. Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün fəxr edirəm. Mübarizəmin bu axır mərhələlərində də öz iradə və cəsarətimi qoruyacağam!..

Və ədalətsiz məhkəmə qərarı ilə ölümə məhkum edilən nakam qəhrəmanın dar ağacına gedərkən doğmalarından son istəyi, zənnimcə, dünya xalqlarının həyatında və ədəbiyyatında rast gəlinməyən nadir hadisədir. Bu hadisəni Səməd bəy ürək ağrısı ilə, əminəm ki, həm də aramsız axan göz yaşlarının müşayiəti ilə o qədər təsirli bir dillə təsvir edib ki!..

“Edamdan iki gün öncə F.İbrahimi Paris Sülh Konfransına gedərkən aldığı kostyumun zindana göndərilməsini istədi. Sübh tezdən, üzünü qırxdıqdan sonra ağ köynəklə kostyumunu geyindi, qırmızı rəngli qalstukunu boynuna taxdı. Səliqəsinə xüsusi diqqət yetirdi. Bəzi yoldaşlarının təəccübünü görüb: “Biz öz həyatımızı bütünlüklə paklıq və şərəf içərisində keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik? – dedi” F.İbrahimi. 1947-ci ilin 23 may gününün səhəri saat 4-də Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısındakı meydanda edam olundu. Kəndir boynuna salınmamışdan öncə gözlərini qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutdu, təzim etdi və sonra cəlladların cəkic zərbəsi kimi fərqinə vardıqları uca səslə dedi: “Yaşasın Azərbaycan! Yaşasın azadlıq! Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!.. Həmin gün bütün Azərbaycan xalqı matəmə qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri, “intiqam komitələri” təşkil etdilər. İnanırıq ki, F.İbrahimi şəxsiyyəti, sürdüyü ömür, Azərbaycanın azadlığı uğrunda keçdiyi mübarizə yolu, göstərdiyi qəhrəmanlıq, milli kimliyimizi və varlığımızı bütün dünyaya tanıtdırmaq işində qələmindən çıxan yazıları günümüzün gəncliyi və gələcək nəsillərimiz üçün örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir”.

* * *

“12 Şəhrivər” bəyanatındakı 12 maddədən oluşan milli məsələlərin – Azərbaycanın daxili muxtariyyət məsələsi, milliyət məsələsi, ana dilinin bərqərar olunması və milli ədəbiyyatın inkişafı məsələsi, “əyalət əncümən” – yerli dövləti idarəetmə orqanı, yerli parlamentin təsisi və s. kimi böyük məsələlərin həlli və ən əsası, uluyurdda daimi sülhə nail olmaq uğrunda silahdaşları ilə çiyin-çiyinə mübarizə aparan F.İbrahimi “həm yazıları, həm də əməlləri ilə millətinin layiq olduğu yeri bütün dünyaya tanıtdıra bildi, Azərbaycanın şəhidlik tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir”.

Tarixi faktlara söykənərək çox dəqiqliklə hazırlanıb ərsəyə gətirilən bu kitablar bir dərsdir. Tarixin ibrət dərsi. Tariximizin açılmamış qatlarına baş vurmaq, bir sıra gizli məqamları açmaq, ən yaxın keçmişimizin qaranlıq səhifələrinə işıq salmaq istəyən möhtərəm oxucu! Buyur, əlində iki mötəbər, ən yeni qaynaq var!.. Oxu, öyrən, faydalan və çağdaşlarına, səndən sonra gələn soydaşlarına da öyrət!.. Axı keçmişini, tarixini bilməyən, özünü tanımayan, milli kimliyini dərk etməyən bir fərdin, toplumun və xalqın gələcəyi də sual altına düşür… Aydın səma, günəşli göy üzü, mutluluqlar içində keçən yaşama sahib olmaq üçün öncə tariximizə, dünənimizə və milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, Firudin İbrahimi kimi özünü xalqın, millətinin bağımsızlığı yolunda fəda etmiş əfsanəvi qəhrəmanlarımızı, ictimai-siyasi xadimlərimizi tanımalı və bütün dünyaya tanıtdırmalıyıq!..

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın