Cümə , Aprel 19 2024
azfa

Firudin Cümşüdlü: Ermənilərin Azərbaycan ərazisində məskunlaşmasi prosesi

GADTB: Ermənilərin Azərbaycan ərazisində məskunlaşması prosesi 1441-ci ildə erməni katalikosluğunun Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisi olan Üçkilsəyə köçürülməsindən sonra başlanmışdır.

Ermənilərin İrəvan torpaqlarını hansı vasitələrlə ələ keçirmələri haqqında Matendaranda (əslində, Mətndaran-əlyazma saxlanan yer) qorunan 1687-ci ilə aid tarixi sənəddə göstərilir ki, biz (yəni ermənilər) Azərbaycan türklərinə məxsus olan torpaqları “…Ya satın alır, ya işğal edir, ya sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir, ya da zorla ələ keçiririk”.

Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötrü mövcud Türkmənçay və Ədirnə müqavilələrinin şərtlərinə istinad edərək erməniləri az bir vaxt ərzində İran və Osmanlı imperiyası ərazilərindən tam şəkildə Şimali Azərbaycana köçürməyə başladı. Bununla da, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, rus çarizminin təkidi ilə İranda yaşayan ermənilərin Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirildi.

1829-cu il sentyabrın 2-də Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmış Ədirnə sülh müqaviləsinin 13-cü maddəsinə əsasən, Osmanlı ərazisində yaşayan ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı, elə erməni mənbələri də təsdiqləyir.

Türkmənçay müqaviləsinin imzalanmasının (1828-ci il 20 mart) ertəsi günü rus çarı I Nikolay “erməni vilayəti” yaradılması barədə fərman verdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə, İran hökuməti müharibə vaxtı öz dövlətinə xəyanət edərək ruslara qulluq etmiş şəxslərin (əsasən ermənilərin) Rusiya işğalı və tabeliyində olan torpaqlara köçürülməsinə əngəl törətməməli idi. Belə bir vaxtda-1827-ci ilin mayında rus generalı Paskeviçin xüsusi tələbnaməsi əsasında ermənilər arasında nüfuz sahibi olan polkovnik Lazarev (Qazaros Lazaryan) köçürülmə işlərinə rəhbərlik etmək üçün Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə basqını zamanı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər yenə də xəyanət edərək Təbrizin darvazalarını rus ordusunun üzünə açdılar.

Köçürülən kasıb erməni ailələrinə kömək etmək üçün rus dövlətinin xəzinəsindən 25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il dekabrın 24-də Lazarevin Paskeviçə yazdığı yekun hesabatında göstərilirdi ki, köçürmə işi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də başa çatmışdı. Lazarev 1828-ci il martın 9-da Paskeviçə yazdığı raportunda qeyd edirdi ki, artıq 4500 erməni ailəsi köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir.

1828-ci il mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə təqdim edilən raportda isə bildirilirdi: “Rusiyaya məxsus olan vilayətlərə xristianların köçürülməsi müvəffəqiyyətlə aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində isə 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin vədinə əsasən köçürülən ailələrin sayı 5 minə çatdırılmışdı.

İ.Şopenin yazdığına görə, İrandan köçürülən ermənilərdən yalnız 366 ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində və 36 ailə (482 nəfər) isə Ordubad ərazisində məskunlaşdırıldı. Xaricdən köçürülən ermənilər İrəvan əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin 61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi. Beləliklə, İrəvan əyalətində 4559 ailə (23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə (10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər) yerləşdirildi.

Nəticədə, əzəli Azərbaycan torpaqları hesabına yaradılan qondarma erməni vilayətinə 35560 nəfərdən ibarət erməni ailəsi köçürüldü. Lazarevin hesabatından məlum olur ki, üç ay yarım ərzində İran ərazisindən 8249 xristian-erməni ailəsi İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür ki, bu da ən azı 40 min nəfər demək idi. Həmin illərdə Rusiya dövlətinin xəzinəsindən 14 min manat qızıl və 400 min manat gümüş pul xərclənmişdi. Bununla yanaşı, rus tədqiqatçısı N. Smirnov İrandan 90 min erməninin köçürülərək Azərbaycan ərazilərində məskunlaşdırıldığını yazır.

Tarixi hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İran erməniləri Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə – yeni vətən yaratmaq məqsədilə köçürülmüşdü. Bu işləri həyata keçirməkdə xüsusi canfəşanlıq göstərən hərbçilər və din xadimləri rus çarizmi tərəfindən mükafatlandırılırdılar.

İkinci Rusiya-İran müharibəsində qələbə çalan rus qoşunları 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığında 12 minlik qoşunla Arpaçaydan Şərqi Anadoluya hücuma başladı. İyunun 23-də Qars qalası işğal edildi. Rus qoşunları iyulun 24-də Axalkalakini, avqustun 15-də Axıskanı, 22-də Ərdahanı, 28-də isə Bəyazidi işğal etdilər.

1829-cu ilin yazında müharibənin yenidən alovlanması nəticəsində rus qoşunları Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdilər. İrəvan xanlığından – öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar ən çox Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rus qoşunlarının Şərqi Anadoluya hücumları zamanı qırğınlara və yenidən bu ərazidən köçkün halına düşməyə düçar olan yenə də azərbaycanlılar idi. Onlar bu dəfə də əsasən Türkiyənin içərilərinə köçməyə məcbur oldular.

1829-cu ilin avqustunda rus qoşunları Balkan ətrafından İstanbula irəliləyərkən II Sultan Mahmud Rusiya dövlətinə barışıq təklif etdi. Bu addım 1829-cu il sentyabrın 2-də Ədirnə müqaviləsinin bağlanması ilə nəticələndi. Axalkələk qalası və Axıska şəhəri Rusiyaya birləşdirildi. Ruslar tərəfindən işğal edilmiş Qars, Trabzon, Bəyazid və Ərzurum paşalıqları isə Türkiyəyə qaytarıldı.

Ədirnə sülhünün 13-cü maddəsinə əsasən, Türkiyənin işğal olunmuş torpaqlarındakı ermənilərə 18 ay ərzində daşınan əmlakları ilə bərabər Rusiya təəbəliyinə keçmək hüququ verilmişdi. Türkiyədə yaşayan erməniləri yenicə işğal olunmuş Azərbaycan ərazilərinə köçürmək, həmçinin Türkiyə ilə sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etmək məqsədilə 1829-cu il oktyabrın 10-da Paskeviç rus imperatoru I Nikolaya raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin Gürcüstanda və “erməni vilayətində” yerləşdirilməsinə icazə istədi. 1829-cu il noyabrın 18-də hərbi nazir Çernişev Paskeviçə çar I Nikolayın onun təklifini bəyəndiyini bildirdi.

Türkiyənin Qars və onun ətrafından köçürülən ermənilər yaşadıqları ərazilərin iqliminə uyğun olaraq Ələyəz(Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi. Rus general-mayoru Bercman Qarsdan Gümrüyə yola salınan 400 erməni ailəsinə sənəd təqdim etdiyini bildirirdi. İrəvan yaxınlığında Sərdarabad qalasında olan 270 ev həmin vaxt ermənilər tərəfindən zəbt edilmişdi. Bir qədər keçdikdən sonra M. Vladkin ermənilərin bu əraziyə köçürülməsi haqqında yazırdı: “İrəvan quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-1829-cu illər müharibəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər”.

1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə verdiyi məlumata görə, Qars və ətraf ərazilərdən köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları yerin iqliminə uyğun olan Ələyəz dağı ətrafında – Pəmbək distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi.

Türkiyədən köçürülən ermənilər Axıska, Pəmbək-Şorəyel və “erməni vilayətində” yerləşdirildi. Talış mahalı, Göyçə gölü ətrafı və Baş Abarana 14044 erməni ailəsi köçürülmüşdü. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 500-ü, eləcə də Ərdahandan 67 erməni ailəsi Axıska paşalığı ərazisində, 1050 ailə Borçalı distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şorəyel distansiyalarında yerləşdirilmişdi. Hesablama komissiyasının sayına görə, Osmanlı dövləti torpaqlarından 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş əlahəzrətin buyruğunda rus dövləti tərəfindən Türkiyə vilayətindən köçürülmüş xristianlar, yəni erməni və yunanlardan ibarət 14 mindən çox ailə (90 min nəfərə qədər) üçün 380 min gümüş pulun ayrıldığı bildirilirdi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə görə, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni vilayətinə” Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə) yezidi kürdü köçürülmüşdü. Rusiya imperatorunun fərmanı ilə “erməni vilayəti” yarandığı vaxt İrəvan əyalətində İrəvan, Sərdərabad, Şərur və Sürməli dairələri yaradıldı.

Mənbələr, arxiv materiallarının saxlandığı Matendaranda sənədlərə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edirlər. 1834-cü ilin kameral təsvirinə görə, bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar , yəni Azərbaycan türkləri, 10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi.

20 cilddən ibarət həmin siyahıyaalınmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” adlı əsərində verilmişdi. Bu siyahıyaalınmaya görə, müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahiyaalmanın nəticələrinə görə, köçürülməyən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı.

1832-ci ilin siyahıyaalınmasına görə, İrəvan əyalətindəki kəndlərin 463-də müsəlmanlar ( Azərbaycan türkləri), 98-də ermənilər, 63-də isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı.

1840-cı ildə erməni vilayəti ləğv edildi. Əvəzində İrəvan qəzası yaradıldı və bu qəza Gürcü-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, Ordubad və Novo-Bəyazid (Göyçə mahalının şərq hissəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi və 1917-ci ilə qədər bu quruluş əsasən dəyişməz qaldı.

N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdu və ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. XIX əsrin 90-cı illərində Türkiyə dövlətində baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 minə yaxın erməni yenə də Cənubi Qafqaza – Azərbaycan torpaqlarına köçdü. N.Şavrov qeyd edirdi ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. Beləliklə, XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum – erməni toplumu peyda oldu…

…1988-ci ildə isə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən – Ermənistandan deportasiyası başa çatdı. Azərbaycan toponimləri erməniləşdirildi. Bir sözlə, ermənilər özlərinə saxta tarix yaratmaqda davam edirlər. Tarixi həqiqət bunu deməyi lazım bilir ki, ermənilər Cənubi Qafqaza köçürülüb gətirilmə etnosdur. Onların əcdadları hesab olunan tayfalar təqribən eramızdan əvvəl I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Bura isə onlar Balkan yarımadasından köçüb gəlmişlər.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci il ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazidə 521 türk mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir.

1918-1987-ci illərdə bu torpaqlarda 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqrıma məruz qalmaqla, deportasiya edilməklə və s.) xəritədən tamamilə silinmişdir. Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan çox yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus daha 90 məntəqənin adı erməni toponimləri ilə əvəz olunmuşdur. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir. Rus çarizminin erməniləri köçürməkdə məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən bir vasitə kimi istifadə etmək idi.

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı havadarları Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün zəmin hazırladılar. Daha doğrusu, bugünkü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi qoyuldu.

1946-1948-ci illərdə 100 mindən çox erməni xaricdən köçürülərək Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldı.

Çox təəssüf ki, ikili standartlar dünyasında xalqımıza münasibətdə ayrı-seçkilik siyasəti davam edir, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinə biganə münasibət bəslənilir. Bununla belə, Azərbaycan xalqı ermənipərəst Qərb siyasətçilərinin insan haqları və demokratiya barədə danışdıqları cəfəngiyatlara baxmayaraq, işğal edilmiş Vətən torpağı uğrunda ədalətli, haqlı mübarizəni davam etdirir. Çünki 1918-ci ildə yol verilmiş acı tarixi təcrübədən ibrət götürən xalqımız bilir ki, Vətən torpağından pay olmaz. Torpaqan pay verən isə vətənsiz qalar.

Firudin CÜMŞÜDLÜ, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın