Cümə , Aprel 26 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadə ilə müsahibə: “İran xaotik inqilaba gedir”

Əjdər Tağızadə:“Heç bir mollaya da rəhm etməyəcəklər”

İranın bir sıra əyalətlərində, o cümlədən, Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb. Virtualaz.org İLHA agentliyinin məlumatlarına istinadən bildirir ki, ən irimiqyaslı aksiya ötən gün Əhvaz əyalətində keçirilib.“Ahvaz Polad” şirkətinin təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.Əhvaz Valiliyinin rəsmisi Gulamrza Şəriəti bildirib ki, şirkətlərin Əhvazda və bir neçə başqa əyalətdə fəaliyyət göstərən metallurgiya şirkətlərində işçilərin əmək haqlarını gecikdirməsi məsələsini Daxili İşlər Nazirliyi araşdırır.Valilik bildirib ki, məsələnin həlli üçün nazirlik işçi təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır.

Xəbərlərə görə iranlıların Novruz bayramına hazırlaşdıqları bir vaxtda əmək haqlarının aylardır gecikdirilməsi işçilər arasında kütləvi narazılıqlara səbəb olur.Yaranmış vəziyyətlə bağlı İranın Ali Dini lideri Ayətullah Əli Xamneyi özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı işçi hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib.Dini lider ölkəsinin “daxildən və xaricdən fövqəladə təzyiqlərə məruz qaldığını” bildirərək bütün tərəfləri dialoqa çağırıb.

İranda 2017-ci ilin sonundan başlayaraq ara-sıra səngiyən aksiyaların sosial etirazlar fonunda yenidən genişlənməsi ilə bağlı vəziyyət barədə ətraflı məlumat almaq üçün suallarımızı Güney Azərbaycan Demokratik Türk Birliyinin sədri Əjdər Tağızadəyə ünvanladıq.

-İran adlanan ölkədə millətlərin və insanların sosial hüquqları ilə bağlı tələbləri, üzləşdikləri səhiyyə, təhsil və digər sahələrlə bağlı çətinliklər həqiqətən var. İlk növbədə, təəssüflə qeyd etmək istərdim ki, İranda baş verən etirazlara, həmçinin Güney Azərbaycandakı vəziyyətə Azərbaycan mediası kifayət qədər diqqət ayırmır. Sanki Azərbaycan və Türkiyə mediası İran adlı yerdə baş verən hadisələrdən xəbərsizdir.Amma nəzərə almaq lazımdır ki, İranda baş verən belə hadisələrin təsiri Yaxın və Orta Şərqin bütün ölkələrinə, o cümlədən, Azərbaycana ciddi təsir göstərə bilər.İndi də İran adlanan ölkədə insanlar hakimiyyətə tabe olmaq istəmir.Bəziləri yanlış olaraq, bunun ABŞ tərəfindən təşkil olunduğunu deyir.

Bunlar əsassız və boş söhbətlərdir.Çünki İran vətəndaşları bir neçə qat aclığa, səfalətə, zorakılığa, işgəncəyə məruz qalıb.Şah rejiminin inqilab yolu ilə devrilməsinin də səbəbi bu idi.İnqilab da sunamiyə bənzəyir, yavaş-yavaş qaynayır və dağıdıcı hala gəlir.Bunun ilk əlamətləri ilin əvvəlində özünü göstərdi.Biz SSRİ-nin dağılması zamanı bunun şahidi olmuşuq.İndi də İran böyük bir xaosla qarşı-qarşıyadır.Hakimiyyətin içərisində didişmə gedir.Bir-birinin ailələrini, qohumlarını həbsxanalarda çürüdürlər.Rejimə rəhbərlik edən adamlar və onların ailə üzvləri başdan-ayağa korrupsiyaya bulaşıb.Söhbət milyonlardan deyil, milyardlardan gedir.Yalnız bir nəfər fəhlələrin, müəllimlərin və ya həkimlərin pulunu bankdan çıxarıb qaça bilməz.Əgər bu gün fəhlə sinfi aylarla maaşını ala bilmirsə və ayağa qalxıbsa, deməli, haqqını istəyir.Onları ki, Tramp qışqırtmır.Maraqları olan böyük ölkələr də siyasətini belə hadisələrin üstündə qurur.Sabah İran adlı yerdə bir hadisə baş versə, bunu ABŞ təşkil etməyəcək ki. Sadəcə olaraq, Amerika da İranda insan haqlarının pozulmasına göz yuma bilmir. Barak Obama prezident olduğu dövrdə İrana maliyyə yardımı ayırmaqla kasıb xalqa zülm etdi.İrandakı millətlər isə artıq bezib.İnsanlar özünün Allahın yer üzündəki təmsilçisi, Ayətullah adlandıran insanların şəklini cırır, yandırır, üzərinə tüpürür, onun zindanından da qorxmur.Azərbaycan türkləri də məhz həmin tələblərlə küçələrə çıxır. Azərbaycanlılar iş də istəyir, çörək də, yemək də, təhsil də, səhiyyə də, azadlıq da.

– Həm prezident Ruhani, həm də Ayətllah Xamneyi insanların sosial durumunun ağır olduğunu etiraf edən açıqlamalar verib. Amma tədbir görülmək əvəzinə, Tehran rejimi çıxış yolunu həbslərdə görür…

– İran adlanan yerdə vaxtilə Məhəmməd Rza Şah hakimiyyətdə olanda heç kimi saymırdı. İnqilaba bir il qalanda dedi ki, mən sizin inqilabınızın səsini eşidirəm. İndi də Ayətullah Xamneyi üzr istəyir və deyir ki, məni də tənqid edə bilərsiniz.Çünki cəmiyyət irticaçı və şovinist rejimdən narazıdır.İranın iqtisadiyyatı çöküb. Barak Obama nüvə proqramına dair sazişdən sonra 250 milyard dolları bunlara verdi. Amma Tehran rejimi iqtisadiyyatı düzəltmək əvəzinə həmin pulları qaçqın əfqanlara, başqa şiələrə verib göndərdilər Suriyada, Yəməndə döyüşməyə və həmin ölkələri fəlakət meydanına çevirdilər.Ruhani prezident və dərin dövlətin adamı olsa da İranda ciddi səlahiyyətə malik deyil. Həsən Ruhani 10 il Xamneyinin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurasının katibi olub. Bütün siyasətlərdə əli var. Ölkəni susuzluq, quraqlıq, basıb, göllər quruyur.Artıq özləri məcbur olub bunu etiraf edir.İnqilabın ildönümündə Həsən Ruhani referendum keçirməyi təklif etdi.Amma ətrafındakılar buna qarşı çıxdı.Bildirdilər ki, xalq bu rejimi istəmir.Əgər gənc qız hündür bir yerə çıxıb baş örtüsünü açırsa, onu tutub aparanda, yerinə başqası gəlib çadrasını tullayırsa, pensionerlər yağış altında dəyənəklə döyülməsinə baxmayaraq, etiraz edirsə, eləcə də Azərbaycan türkləri stadionlarda “haray, haray, mən türkəm!”-deyə qışqırırsa, deməli, qurtuluş istəyir.Rejim də bunu görür və üstünü örtmək istəyir.Yəni aşağılar köhnə şəkildə idarə olunmaq istəmir, yuxarılar da köhnə qaydada idarə edə bilmirlər.Yəni bu ölkə böyük bir inqilaba tərəf gedir.Çünki İranda hamı çətinlik içərisində yaşayır. Azərbaycan türkləri isə yalnız iş və çörək uğrunda deyil, həm də milli istiqlalı uğrunda mübarizə aparır. Heç kim də bunun qarşısını ala bilməyəcək. Yalnız, Azərbaycan türkləri deyil, digər millətlər və etnik azlıqlar da molla rejiminə inanmır.Ona görə ki, kasıbın, yoxsulun, rejimin dayağı olan orta sinfin də beli qırılıb.Hakimiyyətdə olanlar bu ölkənin milyardlarla sərvətini talayıb qaçıb.İran çox keçmədən partlayacaq və bu Qafqaza qədər yayılacaq.Biz istəsək də, istəməsək də İran adlanan yer dəhşətli bir inqilaba gedir.Bu xaosla müşahidə olunan bir inqilab olacaq.Bütün dünya inqilabdan qaçır.Lakin İranda inqilab qaçılmazdır.Ona görə də çalışırıq ki, inqilab Güney Azərbaycan üçün dağıdıcı olmasın.Xalq dükanları, bankları yandırmasın, azərbaycanlılar bir-birini öldürməsin.Biz millətimizi oyatmalıyıq.Kürdləri Urmiyədə məskunlaşdırırlar.PKK-ya Qəndildən yol verirlər.İran hakimiyyəti terrorçularla əlbirdir.İran “Əl-Qaida” ilə gizli işbirliyində olub.Üsəma bin-Ladenin ailəsi İranda gizlənib.Hikmətyardan tutmuş Molla Ömərə qədər səxavətlə pul xərcləyirlər. Heç kim soruşmur ki, İran rejimi, sənin Afrində, Əyn ül-Ərəbdə nə işin var? İranın da guya Suriyada Həzrəti Zeynəbin məzarını, İraqda Nəcəfi, hardasa bir məscidi qoruması barədə dedikləri bəhanədir, yalandır.Əhmədinejad prezident olduğu dövrdə 900 milyard dollar yoxa çıxmışdı, indi qalxıb özünü xalqın müdafiəçisi kimi təqdim edir.Belə bir korrupsioner indi çıxıb deyir ki, siz hakimiyyətdən gedəcəksiniz, sonunuz gəlib.Halbuki, Əhmədinejad özünə bəlkə 100 dollar xərcləməyib.Ölkənin bütün gəlirləri terrorçuların maliyyələşdirilməsinə sərf olunub.

Mən təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda bəzi adamlar bu gün İranın dəstəyi ilə dini şüarlar altında özünü müxalifət kimi təqdim etməyə çalışır.Bu gün Azərbaycan dövlətini İran təhlükəsindən qorumalıyıq.Tehran rejimi öz problemlərinin bir hissəsini din adı altında ölkəmizə köçürür.Azərbaycan vətəndaşlarını təbliğat məqsədilə Məşhədə, Kərbəlaya aparırlar.Sən necə müxalifətçisən, demokratsan ki, Azərbaycan dövlətçiliyinin təhlükə altına düşdüyünü düşünmürsən?İran hətta Türkiyə Cümhuriyyətini də özünə düşmən hesab edir. Türkyə cəmiyyəti soruşmur ki, Ruhani ilə biz necə dost ola bilərik? Tehran rejimi turistləri doldurub Qarabağa və işğal olunmuş Azərbaycan torpaqlarına göndərir.Erməninin buynuzunu bir gündə sındırmaq olar.Əgər Qarabağ problemini bizim başımızın üstündə Domokl qılıncı kimi saxlayıblarsa, bunun əsas səbəbkarlarından biri İran rejimidir.Biz bunları görməliyik və bir olmalıyıq.

-Son vaxtlar İranda sosial tələblərlə başlanmış etiraz aksiyaları siyasi, o cümlədən, milli müstəvidə mübarizə mərhələsinə keçə bilərmi?

-İranda xalq həm normal yaşayış, güzəran, həm bu rejimdən canını qurtarmaq istəyir, Azərbaycan türkü də milli –azadlıq istəyir.Azərbaycan türkü sanki pusquda oturub.Millətimiz də gərək bunu bilsin və başqa istiqamətə yönəlməsin.İran adlanan yer bir inqilaba hamilədir.Elə bir xaotik inqilab baş verəcək ki, heç bir mollaya, İslam İnqilabı Keşikçiləri Qvardiyasının üzvlərinə, ETTELAATA rəhm etməyəcəklər.Ən təhlükəlisi odur ki, insanlar bir-birindən qisas almaq fikrinə düşsün.Çünki hamıda silah var. Bu məmləkət inqilaba gedir.

Müşfiq Abdulla

Cebhe.info

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın