GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə azərbaycanlı milli fəal və sənətçi Əlirza Amanbəylinin dünyasını dəyişməsi münasibətilə başsağlığı mesajı yayıb.
Başsağlığı mesajının bir hissəsində deyilir:
“Daşıdığı milli əqidəsinə görə, fars-molla rejiminin təzyiqləri ilə qarşılaşıb, məcburən vətənin müstəqil hissəsi- Azərbaycan Respublikasına sığınan azərbaycanlı fəal Əlirza Amanbəyli gənc yaşlarında vəfat edib. Bu acı xəbər hər kəs kimi bizi də üzdü.
Müstəqil Azərbaycanına sığınmaq məcburiyyətində olub, lakın sivil ölkələrə sığınan şəxslərə verilən bütün hüquqlardan məhrum olub və faktiki olaraq Azərbaycan Respublikasında sürgün statusunda yaşayan güneylilər kimi Əlirza Amanbəyli də ehtiyaclar içərisində ölkədən çıxmaq statusuna malik olmamaqla sürgün şəraitində çürüyüb dünyasını dəyişdi. Minlərlə başqa şəxslərə verilən statusdan onsuz da Azərbaycan Respublikasında barmaq sayda qalan və Azərbaycanı canlarından çox sevən güneylilər üçün də əgər verilsəydi, bəlkə də Əlirza Amanbəyli də rahat xaricə gedib müalicə alıb və vaxtsız dünyasını dəyişməzdi. Hazırkı bu arzu olunmaz şərait isə bizim istəyib, istəməyimizdən asılı olmayaraq müstəqil Azərbaycanımızin bu mərhələ tarixində qara ləkə kimi dəyərləndirilə bilər. Bu isə bizi üzən və arzu etmədiyimiz bir məsələdir. Ümid edirik canımızdan çox sevdiyimiz Azərbaycan dövləti öz sevimli övladlarına layiqincə sahib çıxsın.
GADTB hər zaman Azərbaycan dövlətini yeganə müstəqil dövlətimiz hesab edərək, dəstəkləyib və dəstəkləyəcək. Azərbaycan Respublikasında vaxtsız dünyasını dəyişən güneyli fəal və sənətçi Əlirza Amanbəyliyə isə rəhmət və yaxınlarına səbr diləyirik.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı