Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkmənçay müqaviləsinin ildönümü münasibətilə bildirişi

GADTB: Rusiya-Qacar müharibələri Azərbaycan tarixi üçün faciələrin başlanğıc nöqtəsi hesab edilir. Bu faciənin səbəbi Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasəti idi. Həmin dövrdə Qacarların bölgəni işğaldan qorumaq üçün Rusiya imperyası ilə müharibə aparmaqdan başqa yolu qalmamışdı. Əslində həmin dövrdə Rusiyaya qarşı mübarizə aparan Abbas Mirzənin rəhbərlik etdiyi Azərbaycan olmuşdur.

Hələ Ağaməhəmməd şahın göstərişi ilə vəliəhd seçilən Azərbaycan valisi Abbas Mirzə Azərbaycan torpaqlarını itirməmək üçün əlindən gələni etsə də, fars, erməni və xain ünsürlərin xəyanəti nəticəsində Rusiya imperiyasına yenildi. İlk öncə Gülüstan müqaviləsi ilə, daha sonra isə 10 fevral 1828-ci ildə müharibənin II dövrünün başa çatması ilə nəticlənən Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölündü. Azərbaycanın quzeyi Rusiya işğalı altına keçdi, güneyi isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarəsi altında qaldı.

Azərbaycan ərazisinin parçalanması Azərbaycan Türk Millətinə parçalanmış millət taleyi yaşatdı. Beləliklə Azərbaycanın faicələri başlandı. Türkmənçay müqaviləsinin XV maddəsinə əsaslanan Rusiya işğal olunmuş Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq bölgələrinə, eləcə də keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə kütləvi surətdə erməniləri köçürdü. Həmin dövrdən Azərbaycan ərazilərində Azərbaycan türk millətinə qarşı soyqırımlar, fəlakətlər dövrü başladı. Azərbaycan torpaqları hesabına rusun əlilə erməni dövləti yaradıldı. Bu fəlakətin başlıca səbəbkarı məhz ruslar olmuşdur.

Azərbaycanın quzey hissəsini Rusiya işğal etdikdən sonra Azərbaycan-türk dövləti olan Qacarlara qarşı Rusiyanın və Qərb imperyalistlərinin fitnəkarlığı davam etdi və nəhayət onların köməyi ilə Pəhləvilər çevriliş etdi və Azərbaycanın güneyi də fars əsarətinə salındı. Artıq Azərbaycan və Azərbaycan Türk Milləti parçalanmış ölkə və parçalanmış millət kimi günümüzdə bu faciəni yaşamaqdadır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu faciənin sona çatmasının təkcə yolunun Güney Azərbaycanın müstəqilliyini əldə etməsi və Bütöv Azərbaycanın yaranmasında görür və bu istiqamətdə bütün millətimizi mübarizəyə və birləşməyə səsləyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …