GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Tehranda İran hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlarda həbs edilən 22 yaşlı dinc aksiyaçı Sina Qənbəri Evin zindnında işgəncələr altında öldürülüb.
Tehran şəhərinin millətvəkilləri Təyyibə Siyavuşi və Mahmud Sadiqi gənc aksiyaçının həbsxanada öldüyünü təsdiq edib, “Kəhrizək ssenarisinin yenidən təkrar olunması” barədə xəbərdarlıq ediblər.
Sadiqi deyib: “Mən, təhlükəsizlik qurumlarından biri ilə əlaqə saxlayıb məsələni araşdırdım. Onlar da bu gəncin ölümünü təsdiqlədilər. Mən isə buradan üzümü ölkə prezidentinə, təhlükəsizlik və Məhkəmə Sistemi rəsmilərinə tutub onlara ölkədə ikinci bir “Kəhrizək” olayının təkrar oluna biləcəyi barədə xəbərdarlıq edir, bu məsələnin qarşısının alınması üçün tədbir görmələrini tələb edirəm”.
Tehran zindanlarının baş direktoru Mustafa Mohebbi isə yanvarın 8-də jurnalistlərə açıqlamasında gənc aksiyaçının ölümünü təsdiqləyib. O, deyib: “Təəssüflər olsun ki, bu düz xəbərdir. Hüquq-mühafizə qüvvələri tərəfindən tutulan və Evin zindanının karantin bölməsində saxlanılan Sina Qənbəri ötən şənbə günü səhər saatlarında naməlum səbəblərə görə ayaq yolunda özünü asıb”.
Qeyd edək ki, 2009-cu ildə Yaşıllar Hərəkatının yatırılmasında tutulan aksiyaçıları Tehranın ətrafında yerləşən qanunsuz və gizli “Kəhrizək” zindanında işgəncə edib öldürmüşdülər.