
GADTB: Ermənistan ordusunun hərbi asılılığı diversifikasiya etmək və arsenalını yeniləmək məqsədilə həm İrandan, həm də Çindən müasir hərbi texnikalar tədarük etdiyi rəsmən ortaya çıxıb.
İrəvanda keçirilən hərbi parad zamanı Ermənistanın eyni vaxtda hər iki ölkədən gizli şəkildə ağır silahlar aldığını rəsmən təsdiqləyib.
İran tərəfindən Ermənistana ötürülən əsas silah AD-08 “Majid” qısamənzilli hava hücumundan müdafiə (HHM) sistemidir. Tamamilə passiv infraqırmızı (IIR) axtarış başlığı ilə işləyən və radar dalğası yaymayan bu sistem Ermənistanın alçaq hündürlükdə uçan PUA və helikopterlərə qarşı “pusqu müdafiəsi” qurmaq cəhdidir. Tədarükün iki ölkə arasında 2024-cü ildə imzalanmış 500 milyon dollarlıq gizli sazişin tərkib hissəsi olduğu bildirilir.
Digər tərəfdən, Ermənistan ordusunun Çin istehsalı olan məşhur CH-4 “Rainbow” (Göy qurşağı) zərbə və kəşfiyyat tipli Pilotsuz Uçuş Aparatlarını (PUA) da rəsmən arsenalına qatdığı bəlli olub. CH-4 PUA-ları Ermənistanın ilk dəfə bu miqyasda ağır Çin hərbi aviasiya texnologiyasına sahib olduğunu göstərir.
Ermənistanın yeni əldə etdiyi Çin istehsalı CH-4 pilotsuz təyyarəsi uzunmüddətli uçuş qabiliyyətinə malikdir və müxtəlif lazer idarəolunan raketlər, tank əleyhinə idarə olunan sursatlar və ağıllı bombalar daşıya bilir. Bu aparatlar cəbhə xəttindən uzaq məsafədə kəşfiyyat aparmaq, artilleriya atəşini korreksiya etmək və dəqiq nöqtə zərbələri endirmək imkanına malikdir.
Hərbi ekspertlər qeyd edirlər ki, Ermənistanın eyni vaxtda həm İrandan “Majid” sistemini, həm də Çindən CH-4 PUA-larını alması onun Rusiyadan hərbi asılılığı tamamilə azaltmaq strategiyasının sübutudur. Lakin Azərbaycan Ordusunun sərəncamındakı müasir Radioelektron Mübarizə (REM) vasitələri və daha yüksək mənzilli strateji zərbə sistemləri qarşısında bu yeni silahların Qafqaz relyefindəki effektivliyinin olduqca məhdud olacağı dəyərləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi