
GADTB: Azərbaycanlı milli fəallar İranın Evin, Təbriz, Ərdəbil və digər həbsxanalarında ağır və narahatedici şəraitdə saxlanılır.
Həbsxana kameralarında məhbus sıxlığının yüksək olması, havalandırmanın yetərsizliyi, məhbusların törətdikləri əməllərə görə ayrılmaması, zərərverici həşəratların yayılması, müxtəlif xəstəliklərin meydana çıxması, eləcə də tibbi və sanitariya xidmətlərindən məhrumetmə məhbusların hüquqlarının sistemli şəkildə pozulduğunu göstərən əsas hallardandır.
Bununla yanaşı, son aylarda və günlərdə azərbaycanlı milli fəalların saxlanma kameralarının tez-tez dəyişdirilməsi, onların təhlükəli cinayətlərdə ittiham olunanların və ya narkotiklərlə bağlı cinayətlərdə təqsirləndirilən şəxslərin saxlanıldığı kameralara köçürülməsi məhbuslara psixoloji təzyiq göstərilməsi ilə bağlı narahatlıqları artırıb.
Avqustun 19-da «İranda siyasi məhbusların azadlığı komitəsi»nin rəsmi kanalı Evin həbsxanasının 7-ci kamerasının bir neçə bölməsində tənəffüs əlamətləri ilə müşayiət olunan xəstəliyin yayıldığı barədə məlumat yayıb.
Kanalın məlumatına görə, bir sıra məhbuslarda şiddətli boğaz ağrısı, halsızlıq və zəiflik müşahidə olunub. İndiyədək xəstəliyin növü və yaranmasına səbəb olan amil müstəqil şəkildə müəyyən edilməyib və xəstəliyin səbəbini müəyyənləşdirmək üçün heç bir tibbi müayinə aparılmayıb.
Məlumatlara görə, həbsxanada güclü istilik, yüksək məhbus sıxlığı və bölmələrdə havalandırmanın yetərsiz olması hər hansı virus xəstəliyinin yayılması və yoluxmanın artması üçün əlverişli şərait yaradır.
Bundan əlavə, taxtabiti və digər zərərverici həşəratların mövcudluğu, qaşınma, sanitariya və tibbi imkanların yetərsizliyi, məhbusların ixtisaslaşmış tibbi yardımdan məhrum olması Evin həbsxanasında saxlanılan azərbaycanlı fəalların vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb.
Abbas Lisanlı və Yusif Kari noyabrın 20-də həbs edildikdən və istintaq mərhələsinin başa çatmasından sonra Evin həbsxanasının 7-ci kamerasına köçürüldükləri vaxtdan artıq 9 aydır burada saxlanılırlar.
Mahmud Ocaqlu, Vədud Əsədi, Tahir Nəqəvi, Mürtəza Pərvin, Əbdüləziz Əzimli Qədim, Baqir Hacızadə, Araz Aman, Ayaz Seyfxah, Kərəm Mərdanə, Baqir Hacızadə və Salar Tahir Əfşar da həbs cəzalarını Evin həbsxanasının 7-ci kamerasında çəkən digər azərbaycanlı fəallardır.
Abbas Lisanlı bel nahiyəsində fəqərəarası disk yırtığından əziyyət çəkir. O, həbsindən əvvəl dörd dəfə ozon müalicəsi alıb. Hazırda isə ixtisaslaşmış həkimə, ağrıkəsici dərmanlara, vitaminlərə və qida əlavələrinə çıxışdan məhrum olduğu bildirilir.
Bu kamerada saxlanılan digər məhbuslar, o cümlədən Mahmud Ocaqlu, Tahir Nəqəvi, Vəduud Əsədi, Mürtəza Pərvin, Araz Aman, Ayaz Seyfxah və Salar Tahir Əfşarın da müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və həbs olunduqları vaxtdan etibarən lazımi tibbi yardımdan məhrum qaldıqları bildirilir.
Ayaz Seyfxah Tehran bombardmanı zamanı İsrail qırıcılarının Evin həbsxanasının bəzi hissələrinə raket zərbələri endirməsi nəticəsində qulaq nahiyəsindən yaralanmışdı. Ailəsinə yaxın mənbələrin məlumatına görə, onun bir qulağında eşitmə qabiliyyəti getdikcə zəifləyir. Onun təcili şəkildə ixtisaslaşmış tibbi müayinədən keçirilməsinə və həbsxanadan kənarda müalicəyə göndərilməsinə ehtiyac var. Lakin həbsxana rəhbərliyinin bunun qarşısını alması nəticəsində vəziyyətinin gündən-günə ağırlaşdığı bildirilir.
Təbriz həbsxanasında da vəziyyət ağırdır
Ayət Mehrəlibəyli, Əli Babayi, İbrahim Asimani, Əli Əmanzadə, Yunis Mərami, Səməd Heydəri, Əmin Təqizadə və Rza Səlimi Təbriz Mərkəzi Həbsxanasında müxtəlif problemlərlə üzləşirlər.
Məhbusların həddindən artıq çoxluğu, ittihamların xarakterinə görə ayrılmaması və məhbusların təzyiq göstərilməsi məqsədilə bir kameradan digərinə köçürülməsi Təbriz həbsxanasındakı ağır şəraitdən xəbər verir.
Bu azərbaycanlı fəallara yaxın mənbələrin məlumatına görə, Ayət Mehrəlibəyli müəyyən müddət ərzində təzyiq göstərilməsi məqsədilə həbsxananın xüsusi bölməsinə köçürülüb. Əli Babayi də kameranın dəyişdirilməsi ilə üzləşib. Bu azərbaycanlı fəal tibbi yardım və müalicəyə çıxışının olmaması səbəbindən belindəki disk xəstəliyindən yaranan ağrılardan əziyyət çəkir.
Həbs cəzalarını bu həbsxanada çəkən Səməd Heydəri, Əmin Təqizadə və Rza Səlimi də son günlərdə narkotiklərlə bağlı cinayətlərdə ittiham olunan şəxslərin saxlanıldığı 15-ci kameraya köçürülmüşdülər.
Səməd Heydəri iki gün əvvəl həmin həbsxananın 12-ci kamerasına köçürülüb.
Görünən odur ki, İran həbsxanalarında milli fəalların saxlanma yerlərinin tez-tez dəyişdirilməsi bu fəallara təzyiq və təqib göstərilməsinin yeni üsuluna çevrilir.
Ərdəbil həbsxanasında da fəalların saxlanma yerləri dəyişdirilir
Ərdəbil Mərkəzi Həbsxanasında da Azərbaycan Milli Hərəkatı fəallarının saxlanma yerlərinin tez-tez dəyişdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi bu il iyulun 7-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən və istintaq mərhələsinin başa çatmasından sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüblər. Onların burada telefonla müntəzəm əlaqə imkanından, tibbi xidmətdən və lazımi havalandırmadan məhrum vəziyyətdə, keyfiyyətsiz qida ilə saxlanıldığı bildirilir.
Bu fəallar ailələri və yaxınları ilə telefon danışıqları zamanı bəzi kameralarda məhbus sayının tutumdan iki dəfə çox olduğunu, taxtabiti və digər zərərverici həşəratların yayıldığını, qidanın həm keyfiyyətinin aşağı, həm də miqdarının az olduğunu, havalandırmanın və sanitariya vasitələrinin, eləcə də tibbi xidmətlərin yetərli olmadığını bildiriblər.
Əsgər Əkbərzadə və Əli Vasiqi həbsxana rəhbərliyi tərəfindən dəfələrlə başqa kameralarına köçürülüblər.
Bu fəallar həbsxanaya köçürüldükləri vaxtdan əvvəlcə 9-cu, daha sonra 7-ci və 10-cu kameralara, bundan sonra isə narkotik və maliyyə cinayətlərində ittiham olunan şəxslərin saxlanıldığı 16-cı kameraya köçürülüblər. Hazırda onların həmin kamerada saxlanıldığı bildirilir.
Ərdəbilli Tirəxtur tərəfdarı Əhməd Seyfi də dekabr etirazları zamanı həbs edilmiş və daxili təhlükəsizliyə qarşı toplaşma və əlbirlik, rejim əleyhinə təbliğat və müqəddəslərə təhqir ittihamları ilə həbs cəzasına məhkum olunmuşdu. O, hazırda Ərdəbil Mərkəzi Həbsxanasının siyasi məhbusların saxlanıldığı 7-ci kamerasında 3 il 6 ay 1 günlük icra edilə bilən həbs cəzasını çəkir.
Siyamək Mirzayi sağ dizində çarpaz bağ əməliyyatı və meniskin bərpasına təcili ehtiyac duyur. Əsgər Əkbərzadə isə 3-cü dərəcəli qaraciyər piylənməsindən əziyyət çəkir. Hər iki fəalın həbsxanada ixtisaslaşmış tibbi müayinə və müalicədən məhrum qaldığı bildirilir.
Məhbusların həddindən artıq sıxlığı, dünya standartları ilə müqayisədə qeyri-kafi havalandırma, qidanın miqdar və keyfiyyətinin aşağı olması, lazımi sanitariya imkanlarının olmaması, həbsxanadan kənarda olan şəxslərlə bərabər səviyyədə tibbi xidmətlərə çıxışın təmin edilməməsi, ailə ilə müntəzəm telefon danışığı və görüşlərin olmaması, mədəni və təhsil imkanlarının məhdudluğu, şəffaf məhkəmə araşdırmasının aparılmaması, vəkilə çıxış imkanlarının məhdudlaşdırılması, işgəncə və cəzalandırma halları İranda həm ümumi, həm də siyasi məhbusların hüquqlarının sistemli şəkildə pozulmasının əsas göstəriciləri kimi qiymətləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi