Şənbə , İyul 25 2026
azfa

İran həbsxanalarında saxlanılan azərbaycanlı milli fəalların son vəziyyəti ilə bağlı hesabat

GADTB: Hazırda Azərbaycan Milli Hərəkatının çoxsaylı fəalları qanunsuz məhkəmə hökmləri və ya yetərli hüquqi əsas olmadan həbs olunaraq məhkəmə təqibi altındadır və İran həbsxanalarında saxlanılır.

Məlumatlara görə, bu fəallara qarşı cinayət işlərinin qondarma şəkildə hazırlanması, qeyri-şəffaf və ədalətsiz məhkəmə prosesləri, əksər hallarda müstəqil vəkilə çıxış imkanının məhdudlaşdırılması, təhlükəsizlik orqanlarının istintaq prosesinə müdaxiləsi, həbsxanalarda əlverişsiz saxlanma şəraiti, tibbi yardım və müalicə hüququndan məhrum edilmələri, həmçinin qanuni tələblərinin rədd olunması onların hüquqlarının pozulması kimi qiymətləndirilir.

Hüquq müdafiə təşkilatlarının hesabatları, media məlumatları və həbs olunanların ailələrinin açıqlamalarına əsasən, hazırda İran həbsxanalarında azı 25 azərbaycanlı mülki fəal saxlanılır.

Fəalların bir qismi barələrində hökm çıxarılmadan müvəqqəti həbs qətimkan tədbiri ilə həbsdə saxlanılır, digərləri isə qeyri-şəffaf məhkəmə prosesləri nəticəsində müxtəlif müddətlərə azadlıqdan məhrum edilərək cəzalarını çəkirlər.

Son həbslər

Cari ilin 7 tirdə Ərdəbildə Əsgər Əkbərzadə və Əli Vasiqi, Xiyavda (Meşkinşəhr) isə Siyamək Mirzayi saxlanılaraq Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıblar.

Siyamək Mirzayi və Əli Vasiqi 11 tirdə, Əsgər Əkbərzadə isə 29 tirdə istintaq başa çatdıqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsinə köçürülüblər və hazırda istintaq altında saxlanılırlar.

Onların ailələrinə verdikləri məlumata görə, Ərdəbil Prokurorluğunun 10-cu şöbəsinin müstəntiqi Həsən Kərimi tərəfindən onlara “qanunsuz təşkilata üzvlük”, “İran İslam Respublikasına qarşı təbliğat” və “media fəaliyyəti” ittihamları irəli sürülüb və barələrində bir aylıq həbs qətimkan tədbiri seçilib.

Təbrizdə həbsdə olan fəallar

Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi cari ilin iyun ayından Təbriz Mərkəzi Həbsxanasında cəzalarını çəkirlər.

Onlar “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamı ilə 3 il 7 ay, “rejim əleyhinə təbliğat” ittihamı ilə isə 8 ay azadlıqdan məhrum ediliblər. Hökm apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bu fəallar 2025-ci ilin fevralında Təbrizdə saxlanılmış, sonradan girov müqabilində məhkəməyə qədər azadlığa buraxılmışdılar.

Yaşar Həsənpur

Yaşar Həsənpur mart  2026-cı ildən həbsdədir. O, saxlanıldığı gündən bu günədək vəkilə çıxış imkanı olmadan Təbriz Mərkəzi Həbsxanasında saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar barədə rəsmi məlumat açıqlanmayıb.

Əli Babayi və Yürüş Mehrəlibəylu

Əli Babayi dekabrda, Yürüş Mehrəlibəylu isə dekabr 2026-cı ildə saxlanılıb. Onlar əvvəlcə Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına, daha sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər.

Onlar daha 11 azərbaycanlı fəalla birlikdə ümumilikdə 85 il 9 ay həbs cəzasına məhkum ediliblər.

Yürüş Mehrəlibəylu “Demokratlar qrupu yaratmaq” ittihamı ilə əlavə 6 il 2 ay, digər fəallar isə həmin qrupa üzvlük ittihamı ilə 2 il 9 ay həbs cəzası alıblar.

Abbas Ləsani və Yusif Kari

Abbas Ləsani, Yusif Kari, Əli Xeyircu və Bəhzad Dəşti noyabr 2025-ci ildə Evin həbsxanası qarşısında keçirilən etiraz zamanı saxlanılıblar.

Bəhzad Dəşti bir ay, Əli Xeyircu isə təxminən iki ay sonra girov müqabilində azadlığa buraxılıb.

Abbas Ləsani və Yusif Kari isə artıq doqquzuncu aydır Evin həbsxanasında saxlanılır. Bildirilir ki, onlar vəkilə çıxış, müvəqqəti azadlıq və tibbi xidmət imkanından məhrum ediliblər.

Yunis Mərami və Əbulfəzl Rəncbəri

Yunis Mərami və Dr. Əbulfəzl Rəncbəri müvafiq olaraq iyul və may 2025-ci ildə saxlanılıblar.

Onlar ilk 40 gün ərzində ailələri ilə görüş və telefon danışığı hüququndan məhrum ediliblər.

Əvvəlcə onlara “rejim əleyhinə təbliğat”, sonradan isə “düşmən dövlətlərin xeyrinə casusluq” ittihamı irəli sürülüb. Məhkəmə prosesində ittiham “yer üzündə fəsad törətməyə yardımçılıq” maddəsi ilə əvəz edilib.

Yunis Mərami hazırda Təbriz həbsxanasında saxlanılır.

2025-ci ilin fevral həbsləri

2025-ci ilin fevral ayında Təbriz, Urmiya, Ərdəbil, Tehran, Kərəc, İslamşəhr, Rəşt və Astarada 29 azərbaycanlı fəal saxlanılmışdı.

Hazırda aşağıdakı şəxslər həbsdədir:

Araz Aman

Ayaz Seyfxah

Fatimə Atəşi Xiyavi

Kərəm Mərdanə

Vədud Əsədi

Tahir Nəqəvi

Mürtəza Pərvin

Əbdüləziz Əzimi Qədim

Baqir Hacızadə

Salar Tahir Əfşar

Ayaz Seyfxah “casusluq” ittihamı ilə 9 il, Araz Aman və Baqir Hacızadə 8 il, Kərəm Mərdanə isə 6 il həbs cəzasına məhkum olunub.

Bundan əlavə, həmin şəxslərin hər biri “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamı ilə 5 il həbs, həmçinin iki il ölkədən çıxış və ictimai-siyasi fəaliyyət qadağası cəzası alıb.

Mürtəza Pərvin, Əbdüləziz Əzimi Qədim, Salar Tahir Əfşar və Fatimə Atəşi Xiyavi də “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum ediliblər. Fatimə Atəşi Xiyavinin cəzası apellyasiya məhkəməsində 2 il icra olunan, 3 ili şərti olmaqla 5 ilə endirilib.

Digər məhkumlar

İbrahim Asimani (Azəroğlu) və Əli Amanzadə Başmaqçı elektron qandalla məzuniyyətə buraxılıblar. İbrahim Asimani 30 aylıq, Əli Amanzadə isə 1 illik həbs cəzasını çəkir.

Mahmud Ocaqlı dekabr 2022-ci ildə Tehranda saxlanılıb. Apellyasiya məhkəməsi onun barəsində ümumilikdə 11 il həbs cəzasını qüvvədə saxlayıb. O, hazırda Evin həbsxanasında saxlanılır.

Həbs cəzasının icrasına çağırılan fəallar

Son günlər daha iki azərbaycanlı fəal həbs cəzasının icrası üçün məhkəmənin icra şöbəsinə çağırılıb:

Yusif Səlahşur – “rejim əleyhinə təbliğat” ittihamı ilə 1 il həbs cəzasının icrası üçün Təbriz məhkəməsinə çağırılıb.

Kərim İsmayılzadə – “ictimai rəyi çaşdırmaq” ittihamı ilə 1 il azadlıqdan məhrum edilmə cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına çağırılıb.

Hesabatın sonunda qeyd olunur ki, burada adı çəkilən şəxslər hüquq müdafiə təşkilatlarının və fəallara yaxın mənbələrin əldə edə bildiyi məlumatlar əsasında hazırlanıb. Məlumatlandırılmayan digər saxlanılan və ya həbsdə olan şəxslərin də mövcud ola biləcəyi istisna edilmir.

Həmçinin yoxlayın

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …

Axios: ABŞ və Böyük Britaniya Hörmüz boğazında dəniz koalisiyasının yaradılması üçün toplantı hazırlayır

GADTB: Axios portalının jurnalisti Barak Ravid iki avropalı diplomat və iki məlumatlı mənbəyə istinadən xəbər …