
GADTB: ABŞ gecə və sübh saatlarında İranın cənub və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə raket zərbələri endirib.
Məlumatlara görə, gecə saat 03:19 radələrində Xürrəmabadda bir neçə güclü partlayış səsi eşidilib. Yerli sakinlər partlayışların təsirindən binaların və pəncərələrin güclü şəkildə silkələndiyini bildiriblər.
Saat 03:05 radələrində isə Mərkəzi ostanın Xəndab rayonunda da güclü partlayışlar qeydə alınıb.
Vətəndaşlardan daxil olan məlumatlarda İsfahan ostanının Nayin şəhəri yaxınlığındakı Ənarak Hərbi Hava Qüvvələri bazasına, Yəzd ostanında Bam-e Təft və Şirkuh istiqamətlərinə hücum edildiyi, həmçinin Bürucerd şəhərində ardıcıl iki partlayışın baş verdiyi qeyd olunur.
Fars xəbər agentliyi Əndimeşk və Xuzistan ostanının Ümidiyyə bölgəsində də bir neçə partlayış səsinin eşidildiyini bildirib.
ABŞ ordusunun İranın hərbi hədəflərinə qarşı 13-cü gecə ardıcıl əməliyyatlara başladığını açıqlaması ilə eyni vaxtda Əhvaz və Bəndər-Abbas şəhərlərindən də çoxsaylı partlayış xəbərləri yayılıb.
Vahid Online kanalına daxil olan məlumatlara əsasən, gecə saat 02:20-dən etibarən Əhvazın müxtəlif bölgələrində ardıcıl partlayış səsləri eşidilib. Şahidlər partlayışların yerin və binaların silkələnməsinə səbəb olduğunu bildiriblər.
Bəndər-Abbas sakinləri də şəhərin qərb hissəsində bir neçə güclü partlayışın baş verdiyini, bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyini qeyd ediblər.
Xürrəmşəhrdən daxil olan məlumatlarda isə səhər saat 04:40 radələrində bir neçə partlayışın eşidildiyi, bəzi şahidlərin isə şəhərə raket düşdüyünü bildirdiyi qeyd olunur.
Təsnim xəbər agentliyi Yəzd ostanının Təft və Şirkuh bölgələrində, eləcə də İsfahan ostanının Ənarak bölgəsində partlayış səslərinin eşidildiyini xəbər verib.
Bundan başqa, Hörmüzgan ostanının Cask və Kənərək şəhərlərində də çoxsaylı partlayışların baş verdiyi bildirilir.
Hələlik hücumların dəqiq hədəfləri, eləcə də dəyən zərərin miqyası barədə rəsmi məlumat açıqlanmayıb.
İRNA agentliyinin xəbərinə görə, Luristan ostanı qubernatorunun müavini Xürrəmabadda bir məntəqənin ABŞ tərəfindən hədəfə alındığını təsdiqləyib. Rəsmi şəxs hadisə nəticəsində dəyən ziyanın araşdırıldığını bildirib.
Mərkəzi ostanın qubernator müavini Həsən Qəməri də Xəndab şəhəri yaxınlığında yerləşən bir nöqtənin iki mərmi ilə vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, hadisənin insan tələfatı və maddi ziyanı ilə bağlı qiymətləndirmə davam edir.
Şəhər sakinlərinin məlumatına əsasən, gecə saat 03:45–04:00 radələrində Fars ostanının Firuzabad şəhəri və ətrafında da bir neçə güclü partlayış baş verib. Bəzi sakinlər partlayışların evlərdə hiss olunduğunu bildiriblər.
Fars xəbər agentliyi həmçinin Hörmüzgan ostanının şərqində yerləşən Cask şəhərində də bir neçə partlayışın qeydə alındığını yazıb. Hadisələrin dəqiq yeri, mümkün itkilər və dağıntılar barədə hələlik əlavə rəsmi məlumat verilməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi