GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, yeni miladi ili ərəfəsində İranın Beyrutdakı mədəniyyət mərkəzinin rəhbəri Livandakı Silisium hövzəsi ermənilərinin lideri, katolikos Aram Keşişyanla görüşüb və ona xristianların müqəddəs kitablarından sayılan Əhdi-Cədidin ən qədim əlyazmalarından biri olan Besittanı hədiyyə edib.
“Khabaronline” saytı İranın Livandakı səfirliyinin mədəniyyət mərkəzinə istinadən bildirib ki, görüş zamanı tərəflər 2022-ci ildə ermənilərlə İran arasında birgə illik konfransın keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, habelə İran İslam Respublikası və Ermənistan arasındakı əlaqələri və Tehranın regionda müxtəlif məsələlərin müdafiəsində əsas və təsirli rolunu müzakirə edərək, təxribatlara və fitnəçiliyə qarşı mübarizədə əməkdaşlıq və konsensusun zəruriliyini vurğulayıblar.
Katolikos Aram Keşişyan Ermənistan-İran münasibətlərinin kökləri və tarixi bağlarına toxunaraq deyib: “Biz İranı Livanın dostu və qardaşı hesab edirik. Buna görə İran İslam Respublikasından bu çətin vəziyyətdə Livana dəstəyini və yardımını davam etdirməsini gözləyirik”.
İranda yaşayan ermənilərin vəziyyətinə toxunan İran mədəniyyət mərkəzinin rəhbəri Xameyar isə deyib: “İranın dini azlıqları arasında ermənilərin xüsusi yeri var”.
Öz növbəsində, Livan ermənilərinin rəhbəri də İran İslam Respublikasının dünyanın hər yerində ermənilərə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Qeyd edək ki, İranda çox sayda qeyri-fars millətlərin yaşamasına baxmayaraq, Tehran rejimi daim ölkədə yaşayan erməniləri, necə deyərlər, əl üstündə tutub. İran əhalisinin, demək olar, yarısını təşkil edən Güney Azərbaycan türkləri başda olmaqla digər etnik xalqlara qarşı düşmən mövqedə olan, dərdləri ilə maraqlanmayan, söz haqqı verməyən, həbslərə, işgəncələrə, təhdidlərə məruz qoyan molla rejimi nədənsə eyni münasibəti qeyri-din “qardaşları” ermənilərə qarşı göstərmir.