GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibb nəhayət vəsiqə qarşılığında zaminə buraxılıb
Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əfşar Mühibb 19 yanvar axşam saatlarında 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəal yanvarın 2-də ailəsi ilə telefon dənışığında bildirmişdi ki, müstəntiqin onun azadlığa buraxılmasına dair məhkəmə qərarını icra etməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O bir neçə gün sonra aclıq aksiyasını dayandırmışdı.
Daha öncə azərbaycanlı milli-mədəni fəal Əfşar Muhibbin ailəsi rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə meüraciət edərək azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilən 50 milyon tümənlik vəsiqəni təqdim etmişdilər. Lakin rejimin məhkəmə rəsmilər buna qarşı çıxmışdılar. Xüsusilə həmin şöbənin rəisi Hatif Qasımzadə onlarla vəhşicəsinə davranmışdı.
Azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.
Azərbaycanlı milli fəal həmçinin bildirmişdi ki, rejimin Ərdəbildəki zindanının karantin bölməsinə salınıb və zaminə buraxılması üçün 50 milyon tümənlik girov qərarı çıxarılıb.
Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.
Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.
Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.