GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Yasəmin Zəfərini həbsə atıb, terrorçu sepahın təcridxanasında işgəncə etdikdən sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıb.
Həmçinin İranın təhlükəsizlik qüvvələri Azərbaycan Respublikasına dəstək aksiyası zamanı həbs edilən milli fəal Yasəmin Zəfərinin evinə hücum edərək evdə axtarış aparmış və onun şəxsi əşyalarını qarət etmişlər.
Azərbaycanlı fəal xristianların müsəlmanlara təcavüzünü pislədiyi üçün İran rejimi tərəfindən “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “İctimai asayişi pozmaq” da ittiham olunub. Görünür antiislam İran rejimi üçün xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “ictimai asayişi pozmaq” anlamına gəlir.
Hazırda Təbriz şəhərində Azərbaycana dəstək aksiyasında həbs edilən Həkimə Əhmədi və Məqsud Fəzli Çimənzəmin hələ də Təbriz Mərkəzi zindanında saxlanırlar.
Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.