Şənbə , Aprel 20 2024
azfa

İranın Azərbaycan planı: İçində nələr var?

GADTB: İran Azərbaycandan ikitərəfli qaydada viza rejiminin ləğvini istəyir. Prezident Həsən Ruhani Bakıya sonuncu səfəri zamanı vizanın qarşılıqlı qaydada aradan qaldırılması məsələsini müzakirə edib. Lakin rəsmi Bakı bu məsələ ilə bağlı qərar verməyə tələsmir.

Xatırladaq ki, İran Azərbaycanla viza rejimini 2009-cu ilin noyabr ayında ləğv edib. Ekspertlərin fikrincə, Azərbaycanın bu məsələdə ehtiyatlı mövqe tutması daha çox təhlükəsizlik məsələləri ilə bağlıdır. Azərbaycan coğrafi mövqeyinə görə, Asiya ilə Avropanın qovşağında yerləşdiyindən rəsmi Bakı İrandan narkotik vasitələrin, terrorçu qrupların ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün viza rejimini aradan qaldırmağa tələsmir.

Digər tərəfdən, Tehran rejimi də Azərbaycanda dini-ideoloji cərəyanların, əsasən də radikal şiəliyin yayılmasına çalışır. Viza rejiminin qalması isə dini missionerlərin Azərbaycana gəlişinin qarşısını alan vasitə hesab edilir. Bundan başqa, İran Azərbaycanın bölgələrində investor kimi fəaliyyətini artırmaqla dini təsirini gücləndirməyə çalışır. İranın son illər Bakının Pirallahı rayonunda əczaçılıq zavodu, Neftçalada avtomobil istehsalı müəssisəsi inşa etməsində də daha çox siyasi və ideoloji maraqlar güddüyünü söyləmək olar. Çünki İranın Astara şəhərindən Rəştə qədər dəmiryolunun çəkilməsi üçün Azərbaycandan 500 milyon dollar kredit istəyən rəsmi Tehranın Pirallahıda, yaxud Neftçalada hansı investisiya vəsaiti hesabına fəaliyyət göstərdiyi təzadlı görünür. Eləcə də İran avtomobil istehsalı sahəsində heç bir müasir texnologiyaya malik olmadığı halda, bunu Azərbaycanda necə tətbiq edə bilər? Əslində Tehran rejimi bu məsələlərə daha çox insanları dini təbliğatla ələ almaq və Azərbaycan üzərində geosiyasi təsirini artırmaq vasitəsi kimi baxır.

Güney Azərbaycan Demokratik Türk Birliyinin sədri Əjdər Tağızadənin fikrincə, İranla viza rejiminin ləğvi Azərbaycanın bütövləşməsi baxımından vacibdir. Belə bir qərarın qəbulu quzeyli və güneyli Azərbaycan türkləri arasındakı siyasi maneələri aradan qaldıra bilər:

“İran adlanan ölkənin prezidenti icra hakimiyyətinin başçısıdır. Ona nə deyirlər, onu da icra edir. Dövlətin əsas başçısı “Beytül-rəhbər”, yəni “Evin rəhbəri ” adlanan ali dini liderdir. Prezidentin bağladığı müqavilələrin, yaxud imzaladığı sərəncamların heç bir qüvvəsi yoxdur. Məsələn, Xəzər dənizinin statusuna dair nə qədər müqavilə imzalansa da heç bir nəticəsi olmayacaq. Tehran rejimi erməni ilə əlbirdir və Azərbaycana zidd mövqedədir. Tehran rejimi Azərbaycan dövlətinin varlığını qəbul etmir və etməyəcək. Viza məsələsinə gəlincə, Güney Azərbaycan türklərinin hamısı-təbrizli, muğanlı, həmədanlı, urmiyalı, qoşaçaylı, meşkinli, miyanalı, savalı, əraklı, qəzvinli, hər birimiz Azərbaycanın güneyi və quzeyi arasında sərhədlərin olmasını istəmirik. Xalqımızı iki hissəyə bölən bu tikanlı məftillərin qalxmasını istəyirik. Millətimiz rahat gəlib-getsin. Bəzən Bakıda qiymətlərin baha olduğunu desələr də, İran adlanan yerdə iqtisadiyyatın çökməsinə, dolların məzənnəsinin 5 min tümənə qalxmasına baxmayaraq, Güney Azərbaycanda insanlar manatı dəyərli valyuta kimi xərcləyirdilər. Bunun nə ziyanı var? Güney Azərbaycan türkləri hamısı quzeyə gəlir. Bahar bayramında insanlar Bakıya üz tutur. Rejim onları Gürcüstana, Ermənistana yönləndirir. Amma güney türkləri deyir ki, quzeydəkilər öz milllətimizdir, özümüzü qərib hiss etmirik. Ona görə də Azərbaycan dövləti İran adlanan ölkənin casus göndərəcəyindən ehtiyat edirsə, həmin casuslar onsuz da gəlir. Hətta Tehran rejiminin diplomatik pasportu ilə gəlir. Bu baxımdan, viza rejiminin qaldırılmasının çox faydası var.

İnsanlar Təbrizdən, Ərdəbildən, yaxud Miyanədən durub quzeyə gələr, alar, satar, naharını edər, pul xərcləyər. Ərəb ölkələrindən kimlərisə dartıb gətirmək, onların pul xərcləyəcəyinə ümid bəsləməyə ehtiyac yoxdur. Bizim ərəb millətinə hörmətimiz var. Lakin səmərəli turizm siyasəti olmalıdır. Bu gün Azərbaycanın güneyindən 10 minlərlə insan Türkiyəyə gedir və orada çox gözəl istirahət edərək qayıdır. Onların Türkiyə Cümhuriyyətinə sevgiləri artır. Əgər Güney Azərbaycana gəlmək imkanları artarsa, həmin sevgi və maraq da artar, iqtisadiyyata da faydası olar. Viza rejimi ləğv olunarsa və turizm qiymətləri də sərfəli olarsa, Güneydən gələnlər ərəblər kimi çoxlu dollar gətirməsələr də, həmişə gələr. Bu da Azərbaycana xeyli miqdarda valyuta axını deməkdir. Həm də millət bir-birinə qaynayıb-qarışar. Ərəblər isə ovu qadağan edilmiş quşları, heyvanları qırır, nalayiq hərəkətlər edirlər. Təbrizdən, Ərdəbildən gələnlər isə öz millətini görməyə, sevməyə gəlir. Onlar həm də Azərbaycan dövlətinin inkişafını görür. Baxır ki, dövlətçilik, müasirlik, dünyəvilik nədir. Hamısı da qayıdıb deyir ki, Tehran rejiminin zəhərli reklamlarına baxmayaraq, Azərbaycan inkişaf edib, qadınlar azaddır. Ona görə də sərhədlər götürülməlidir. Doğrudur, Azərbaycan böyük bir müharibənin içərisindədir. Ölkəmiz böyük bir təcavüzə məruz qalıb. Onun da arxasında Rusiya, Tehran rejimi dayanıb. Ali dini lider Seyid Əli Xameneyi dəfələrlə deyib ki, biz erməniyə kömək etməsəydik, indi Təbrizdə savaşırdıq. Erməniyə silah da veriblər, kömək də ediblər. Mən demişəm, yenə də deyirəm ki, səhəri gün erməniyə TIR-larla  gələn yardımın qarşısını almaq təbrizlinin, ərdəbillinin, miyanalının borcudur. Biz öz millətimizə yad kimi baxmayaq, “Soyuq müharibə” dövrü arxada qalıb. Biz gərək Gülüstan və Türkmənçay müqavilələrinin izlərini silək. Ədəbiyyatımızda “Təbriz” deyiriksə, bunu siyasətimizdə də göstərməliyik”.

Əjdər Tağızadə bildirdi ki, İran viza rejiminin mövcud olduğu indiki şəraitdə də Azərbaycanın müxtəlif bölgələrində radikal dini ideologiyanı yaymaqla məşğuldur. Bakı və Bakıətrafı kəndlərdən, digər bölgələrdən insanları turist adı altında Qum, Məşhəd və digər yerlərə aparır: “Azərbaycanın güneyindən quzeyinə gələnlər dinçiliyi gətirməz. Mən demirəm ki, güneydəki soydaşlarımız ateistdir, xeyr. Güneydəkilər sinə vurmaqdan, baş yarmaqdan imtina edir və bu düşüncəni quzeyə də daşımayacaqlar. Amma Bakıda, Bakıətrafında, rayonlarda elə mollalar, lotular çıxıb ki, güneydəkilər onları görəndə heyrətə gəlir. Bütün günü əyyaşlıq edənlər molla paltarını geyib özünü şiəiliyin tərəfdarı kimi təqdim edir. Bakıya gələn özü ilə geridə qalmışlıq, cəhalət, irticaçılıq gətirməz.

Tehran rejiminin mollalarını da, terrorçularını da, sinə vuranlarını da Kərbəlaya onlar götürüb aparır. Yəni onlar istədiklərini Azərbaycan Respublikasında törədirlər. Əgər gənclərimiz bu gün Suriyada, İraqda döyüşüb məhv olursa, zindanlarda onları ölüm hökmü gözləyirsə, arvad-uşağı küçələrdə qalırsa, bunları edən kimdir? Əlbəttə, Tehran rejimidir. İran adlanan ölkə bir tərəfdən bazarı qızışdırır, amma hesab edir ki, bütün bunlar islamın xeyrinədir. Ona görə də terrorçuları göndərən Tehran rejimidir. Güneylilər bunu etməz. Millət bilməlidir ki, bu dövlət, bu vətən ona məxsusdur. Bir millətin öz vətəninə viza ilə gəlməsinə ehtiyac yoxdur. Bu əməldə özünü göstərməlidir. Əgər viza götürülsə, baxın, görün, Təbrizdə,Ərdəbildə, Urmiyada insanlar necə sevinəcək”.

M. Abdulla

Cebhe.info

 

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın