Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

İranın Yaxın Şərqdə yetişdirdiyi terrorçu proksi qrupları Tehrandan uzaqlaşır

GADTB: “The Economist” nəşri İran İslam Respublikasının Yaxın Şərqdəki «Müqavimət oxu» adlandırılan terrorçu proksi qruplarının xarakterində baş verən dəyişikliklərlə bağlı məqalə dərc edib.

Analitik məqalədə İranın regionda dəstəklədiyi əsas qrupların, o cümlədən Livanın Hizbullahı, Yəmən husiləri, İraqdakı şiə silahlı qrupları və Fələstinin HƏMAS təşkilatının əvvəlki və hazırkı mövqeləri araşdırılıb və müqayisə edilib.

The Economist yazır ki, zəifləmiş Hizbullahın Nəim Qasimin rəhbərliyi altında tutduğu mövqe Həsən Nəsrullahın liderliyi dövrü ilə müqayisə oluna bilməz. Nəşrin məlumatına görə, təxminən üç il əvvələ qədər şiə Livan qruplaşması İslam Respublikasına ideoloji bağlılığı və təxminən 100 min raket və mərmiyə malik olması səbəbindən İsrail üçün ciddi təhlükə hesab edilirdi.

Lakin Həsən Nəsrullahın və qrupun bir sıra tanınmış komandirlərinin öldürülməsindən sonra Hizbullah Nəim Qasimin rəhbərliyi altında fəaliyyət göstərməyə başlayıb. The Economist qeyd edir ki, Qasim əvvəlki liderin malik olduğu nüfuz və populyarlığa heç bir halda sahib deyil.

Nəşr həmçinin Hizbullahın silah-sursatının əhəmiyyətli hissəsini itirməsinə və Livan hökumətinin qruplaşmanın tərksilah edilməsi istiqamətində göstərdiyi təzyiqə diqqət çəkərək nəticəyə gəlir ki, bu qrupun İran qarşısındakı rolu tamamilə dəyişib. Hazırda Tehranın Hizbullahı qoruyub saxlamaq cəhdi strateji baxımdan deyil, daha çox nüfuz məsələsi kimi qiymətləndirilir.

“The Economist” husilərlə bağlı isə qeyd edir ki, Livan Hizbullahından fərqli olaraq, bu qrup fəaliyyətinin ilk dövrlərindən etibarən «müstəqil» mövqe nümayiş etdirib və bu yanaşmada israr edib. Nəşr bildirir ki, son aylarda, həmçinin İsrail və ABŞ-ın İranla müharibəsi zamanı husilər İsrailə və Səudiyyə Ərəbistanına hücumlar həyata keçiriblər. Lakin bu, Tehrana «tam və strateji tabeçilik» kimi qiymətləndirilməməlidir.

İraqdakı şiə qrupları ilə bağlı “The Economist” yazır ki, bu qrupların bəzi dini liderləri ilə Tehran arasında fikir ayrılıqları artıb. Hazırda həmin silahlı qrupların əsas diqqəti Tehrandan daha çox Bağdaddakı mərkəzi hökumətə yönəlib. Eyni zamanda, bəzi qrupların İraqın rəsmi ordusuna inteqrasiyası prosesi də başlayıb.

“The Economist” HƏMAS-ın sünni məzhəbinə mənsub olmasına diqqət çəkərək, bu təşkilatın əvvəldən «Müqavimət oxu»nda iştirakını «qəribə və fərqli» adlandırıb. Nəşr, həmçinin qeyd edib ki, İranla davam edən müharibə zamanı HƏMAS Tehranı regiondakı ərəb ölkələrinə hücum etməkdən çəkinməyə çağırıb.

Nəşr sonda belə nəticəyə gəlir ki, Tehranın maliyyə imkanlarının və resurslarının məhdud olması fonunda «Müqavimət oxu»nu İranın istədiyi formada yenidən qurmaq asan olmayacaq.

“The Economist” hesab edir ki, mövcud vəziyyəti müəyyən mənada Sovet İttifaqının son illəri ilə müqayisə etmək mümkündür. Həmin dövrdə Moskvanın peyk ölkələrinə maliyyə və hərtərəfli dəstəyinin azalması onların tədricən, lakin davamlı şəkildə Sovet İttifaqından uzaqlaşmasına səbəb olmuşdu.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …