
GADTB: Təbrizdə keçirilən Şərqi Azərbaycan Təhsil Şurasının iclasında İran Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini və “Farsca Yetərlilik” layihəsinin müəllifi Rizvan Həkimzadənin iştirakı ictimaiyyətin diqqətini yenidən bu mübahisəli layihəyə yönəltdi.
Rizvan Həkimzadə Şərqi Azərbaycana səfəri çərçivəsində keçirilən iclasda iştirak edib, daha sonra Şərqi Azərbaycan valisi ilə birlikdə vilayətin təhsil idarəsinin baş müdiri İsfəndiyar Sadiqini təltif edib.
Qeyd olunur ki, hər iki şəxs Azərbaycan ictimaiyyəti arasında yaxşı tanınır.
Rizvan Həkimzadə qeyri-farsdilli uşaqların məktəbə qəbulundan əvvəl fars dilində müəyyən səviyyədə biliyə malik olmasını nəzərdə tutan “Farsca Yetərlilik” layihəsinin müəllifidir. Layihəyə əsasən, fars dilini yetərincə bilməyən uşaqların birinci sinfə başlaması təxirə salınmalı və onlar əvvəlcə xüsusi fars dili hazırlığından keçməli idilər.
Tənqidçilərin fikrincə, bu yanaşma qeyri-farsdilli uşaqların təhsil həyatına gec başlamasına səbəb olur, ailələri isə uşaqlara məktəbdən əvvəl fars dili öyrətməyə məcbur edirdi. Layihə geniş ictimai etirazlarla qarşılaşdığından həyata keçirilmədi. Buna baxmayaraq, layihənin müəllifi sonradan Təhsil Nazirliyində yüksək vəzifəyə təyin olundu.
Şərqi Azərbaycanın təhsil idarəsinin baş müdiri İsfəndiyar Sadiqi də daha əvvəl ana dilində təhsil hüququnu rədd edən açıqlamalarına görə ictimai narazılıqla üzləşmişdi.
İndi isə “Farsca Yetərlilik” layihəsinin müəllifinin ana dilində təhsil hüququna qarşı çıxan bir idarəçini, həm də vilayət rəhbərinin iştirakı ilə təltif etməsi ictimai müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı müxtəlif çevrələrdə dövlət qurumlarında mərkəzçi və təkdilli yanaşmaların təsiri barədə suallar səsləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi