
GADTB: “Vol Strit Jurnal” qəzeti ABŞ Prezidenti Donald Trampın Koləng Gəzla dağının bombalanması ilə bağlı son hədəsinə toxunaraq yazıb ki, ABŞ rəsmiləri Tehranın tikilməkdə olan bu yeraltı kompleksdən nüvə proqramını inkişaf etdirmək məqsədilə istifadə edə biləcəyindən narahatdır.
Donald Trampın İrana qarşı təhdid ritorikasını daha da sərtləşdirdiyi bir vaxtda onun diqqət mərkəzində yeni hədəf Koləng Gəzla dağı olub. Bu dağın yaxınlığında İranın ən mühüm nüvə obyektlərindən birinin ətrafında yeraltı kompleks inşa edilir.
Tramp amerikalı mühafizəkar aparıcı Hyu Hyuitə müsahibəsində deyib: “Biz həmin məkanı nəzarətdə saxlayırıq və Koləng Gəzla dağı böyük və ağır hücumun hədəfi ola bilər. İranlılara deyin ki, hazır olsunlar.”
Bununla belə, “Vol Strit Jurnal” yazır ki, həmin ərazidə konkret olaraq nəyin yerləşdiyi hələ də cavabsız qalan sualdır.
İran 2020-ci ildə bu yeraltı kompleksin tikintisinə başlayacağını elan etmişdi. Bu qərar Natanzdakı uranın zənginləşdirilməsi obyektinin sabotaj kimi qiymətləndirilən hadisə nəticəsində ciddi zərər görməsindən sonra verilmişdi. Bir il sonra İranın Atom Enerjisi Təşkilatının o zamankı rəhbəri bildirmişdi ki, kompleks “həssas” avadanlıqların yerləşdirilməsi üçün istifadə olunacaq.
Bununla belə, Koləng Gəzla dağındakı tikinti işləri hələ başa çatmayıb və hazırda burada nüvə və ya qeyri-nüvə xarakterli hansı fəaliyyətin həyata keçirildiyi məlum deyil. Ötən il və bu il İsrail və ABŞ-ın İran ərazisində həyata keçirdiyi hava hücumları zamanı da bu obyekt kifayət qədər prioritet hesab edilmədiyi üçün hədəfə alınmayıb.
Buna baxmayaraq, ABŞ və İsrailin bir sıra keçmiş rəsmiləri hesab edirlər ki, dəniz səviyyəsindən 1 585 metrdən artıq yüksəklikdə yerləşən dağ silsiləsinin altında inşa edilən bu kompleks Tehranın gələcəkdə nüvə proqramını bərpa etmək cəhdlərində əsas rol oynaya bilər.
“Vol Strit Jurnal” qəzeti 24 iyul tarixində də ABŞ rəsmilərinə istinadən yazıb ki, Donald Tramp yüksək səviyyəli müşavirlərindən bir neçə gün ərzində təhlükəsizlik hesabatları aldıqdan sonra bu dağa və onun daxilində tikilmiş obyektlərə zərbə endirilməsi variantını nəzərdən keçirir. Bildirilir ki, bu addım ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının genişləndirilməsi çərçivəsində müzakirə olunur.
Bu kompleks uzun illərdir ABŞ və İsrailin kəşfiyyat orqanlarının nəzarəti altında olsa da, onun haqqında hələ də əhəmiyyətli məlumat mövcud deyil. İran İslam Respublikası indiyədək bu obyektin layihəsi ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə heç bir məlumat təqdim etməyib. Agentliyin baş direktoru Rafael Qrossi isə mart ayında müfəttişlərin həmin obyektə baş çəkməsinə icazə verilməsini tələb etmişdi.
Son iki il ərzində İranın əsas nüvə obyektləri – uranın zənginləşdirilməsi sentrifuqalarının yerləşdiyi Natanz və Fordo, eləcə də uran metalının istehsal edildiyi və uranın zənginləşdirilməyə yararlı qaza çevrildiyi İsfahan kompleksi ABŞ və İsrailin ağır hava zərbələrinin hədəfinə çevrilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi