Şənbə , Aprel 20 2024
azfa

Lənkəranda Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, bu yaxınlarda Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkələr aşkar edilib. Dirhəm və fəlslərdən ibarət sikkələr o dövrün 17 ilini əhatə edir. Qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Elmi Mərkəzinin arxeologiya şöbəsinin müdiri Mais Cəfərov bu barədə məlumat verərək deyib: “Metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən əldə etdik. Pulları təmizlədikdən sonra məlum oldu ki, onlar mis sikkələrdir və Atabəylər dövrünə aiddir”.

Dirhəmlərin üzərində “La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifələrin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur.

Tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur. Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırlması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib.

Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.

M.Cəfərov Lənkəran bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu bildirib: “Bölgəyə turistlər gələndə onlar tarixlə maraqlanırlar. Biz burada numizmatik muzey yaratsaq, o kataloq da onlar üçün bir istiqamət rolunu oynayacaq. Sikkələrin böyük bir əhəmiyyəti ondan ibarətdir ki, bu bizim dövlətçilk tariximizdir”.

Qeyd edək ki, 2013-cü ildə bu bölgədə aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda Azərbaycan Tarix Muzeyinin numizmatika və epiqrafika şöbəsində saxlanılır.

 

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın