GADTB: M.Ə.Rəsulzadənin fəaliyyətinin mühüm bir hissəsini də onun dövlətimizin Azərbaycan adlandırılması əleyhinə olan fars şovinistlərinə qarşı olan mübarizəsi və yazdığ məqalələrdəki əsaslı cavablardı təşkil edir.1918-ci ildə ilk Cümhuriyyətimizi yaradarkən dövlətin Azərbaycan adlandırılması İranda çoxlarını narahat etmiş, qəzetlərdə yazılar çap olunmuşdu.1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda “Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı nəşr ediləndə Tehrandakı “Mibəni Yovmiyyə” qəzetində Rəsulzadə və Azərbaycan adı əleyhinə məqalə çap olunmuşdu.M.Ə.Rəsulzadənin həmin qəzetdəki məqaləyə cavabında tariximiz üçün çox maraqlı məqamların olduğunu diqqətə alıb oxuculara təqdim edirəm.Bu yazı ilk olaraq İstanbulda 1923 cü ildə “Yeni Qafqasiya” jurnalında çap edilib.Həmin yazını nəşrə hazırladığım “M.Ə.Rəsulzadə, Əsərləri, 2-ci cild, mühacirət dövrü” kitabına daxil etmişəm.
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru
ZƏRURİ BİR İZAH
(İdarəyə məktub)
6 Rəbbiyül axir 1342/15 Təşrini sani 1339, yıl:1, sayı: 4, s. 12-14
Tehranda müntəşir “Mibəni Yovmiyyə” qəzeti, Ruşəni bəyin keçənlərdə İran haqqında verdiyi bir konfransdan bəhs edərkən, “Azərbaycan Cumhuriyəti” adındakı risalənin müəllifi olmaq hesabiylə bizi də təhtı müaxizəyə(sıxışdırmağa) almışdır.
“Azərbaycan Cumhuriyəti”ndən bəzi iranilərin naməmnun qaldıqlarını ağızdan-ağıza eşidiyordum. Fəqət bu adəmi məmnuiyətin Ruşəni bəyin Türk Ocağı heyəti idarəsinin dəxi mucibi təəssür(bir şeyin təsiri altında olma) və infial(xəcalət çəkmə) olan heysiyyəti-şikən nitqindən daha ziyadə mucibi təəssür və əndişə olduğunu qətiyyən xatır və xəyalə gətirməmişdim.
Ruşəniyə muqabələ edən “Mibən” qəzeti Türkiyə və türklük haqqında qullandığı lisani-təhqirdə tərəf müqabilinə rəhmət oxutduracaq bir məharət göstərdikdən sonra, bir çox şikayətlərdə bulunaraq, əzcümlə diyor ki:
“…axirən maarif nəzarətinin müsaidəsi ilə Rəsulzadə tərəfindən İran əleyhinə yazılan kitablar və İran azərbaycanlılarının türk olduqlarını tərənnüm etdirmək məsələyə başqa bir əhəmiyət verməkdədir”.
Bu surətlə, münaqişəni Ruşəni bəhsindən Rəsulzadə məbhəsinə nəql etdikdən sonra “Mibən” qəzetinin mühərriri bir az da bizi qarelərinə(oxucularına) tanıtmaq zəhmətinə qatlanmışdır. Abdi aciz, “ilk dövreyi məşrutiyyət”də Tehranda bulunmuş, İran bayrağının himayəsinə sığınmış, ən böyük “İrani Nov” qəzetinin baş mühərrirliyi bənə tovdi(təslim etmə) olunaraq məmləkətin siyasətinə müdaxiləm caiz görülmüş və sonra İranı tərk ilə bir müddət İstanbulda oturduqdan sonra Qafqasyaya ovdət eylədiyimdə, ilk işim “İran ilə ziddiyət” olmuş və Bakıdakı Müsavat hökuməti zamanında bu “müqəvva” hökumətin rəyasəsindən bulunmuş, Azərbaycanın ismini İrandan çalmış, şimdi də İstanbuldakı türk əfəndilərimə xoş gəlmək üçün “Azərbaycan Cumhuriyyəti” namında bülən və bələ (qosqoca) bir kitab, bu kitabda da Azərbaycan ismini hər iki Azərbaycana təmsil edərək, ismi kibi, İran Azərbaycanının cismini çalmanın dəxi qolay bir iş olduğunu təsəvvür etmişimdir”.
Məntiq zəifini söyüş qüvvəti ilə tovzi(bölüşdürən) edən mühərririn təzyiflərinə qarşı müqabilə etməyi heç cür özümə rəva görməm. Yalnız zikri keçən vəqayiin surəti cərəyanına aid xüsusatın pək yanlış olaraq təsbitini görmədiyimdən bəzi təshilata(asanlaşdırma) lüzum hiss ediyorum.
Əvvəla, munsif iranilərin dəxi təsdiq edəcəyi vəchilə, Tehran, bənə böyük bir qəzetin mühərrirliyini həvalə etmədi. Biləks, bən ilk dəfə olaraq böyük Avropa-qare(oxucu) və yovmi(gündəlik) bir qəzeti, “İrani Nov” təsis edərək Tehranı tərk etdim.
Saniyən, qüvvəm yetdiyi qədər İran istiqlalına xidmət eylədiyim halda, məatəəssüf, İran bayrağı məni himayə edəmədi və rus səfarətinin cabiranə müdaxiləsi üzərinə, bir həftə əsnasında İranı tərk etmək zərurətində qaldım, İstanbula isə rus təzyiqindən sığınmaq üçün gəldim.
Salisən, “Azərbaycan Cumhuriyyəti” namıyla kitabımı Maarif nəzarətinin müsaidəsi ilə yazmadım. Biləks, senzura tərəfindən müsaidə edilib edilməyəcəyi üzərinə pək çox düşündüm.
Bir kaç kəlmə də əsil mövzu üzərinə söyləyəlim:
Bu məqalədən də anlaşıldığı vəchilə iranlı dostlarımızın ən çox qızdıqları şey bənim azərbaycanlıların türk olduqlarını iddia edişimdir. “İran əleyhindəki iqdamatım” da qaliba bundan ibarət olacaq. Fəqət bu iddiaya qızmaqdan dəxi bayağı bir şey təsəvvür etməm. Bir xalqın milliyyətini tədqiq edərkən qonuşduğu lisanın əhəmiyyəti varsa, bu etibarla azərilər türkdür. Azərilərin fars ikən lisanları cəbrən alınıb da, yerinə türkcə qonuşduğu iddiasının vəhi olduğu aşikardır.
“Mibən” qəzetinin də zikr etdiyi vəchlə, nə Bakı ətrafındakı “tat köyləri”, nə də Suraxanıdakı atəşgədə Təbriz ilə ətrafının türkcə qonuşduğunu inkar etməzlər. Təbrizlilər bir çox saiqlər təhtində kəndilərini iranlı bilirlər. Sözün mənayı siyasisi ilə İranidirlər də. Fəqət, heç kimsə İran türklərinin dəxi mövcud olduğunu inkar edəməz. Bir İran türklüyü vardır. Azərbaycanlılar türkcə söylüyorlar. Təbriz ilə həvalisindəki xalq ədəbiyyatı, xalq lisanı, xalq adət və əxlaqı Bakı ilə Gəncə ətrafındakından başqa deyildir. “Aşıq Kərəm” ilə “Koroğlu” dastanları, Qafqasya ilə Anadoluda olduğu kibi, İran Azərbaycanında da mütədavildir. “Dədə Qorqud”un lisanı bu gün İrəvan ilə Təbrizdə söylənən lisandan pək də fərqli deyildir.
Bütün bunlara cavab olaraq, “Çingiz”in təbrizliləri fars ikən türk yapdığını” söyləmək qədər qeyri ciddi bir cavab təsəvvür olunamaz. Hələ “kəndilərini Çingizə məsub bilənlərin təbrizlilərin intiqamından (kəndilərini türk əddetməzlərsə) qorxduqları” kibi mülahizələr məntiqi bir cavab olmaq üzərə on para etmədiyi kibi bir “şahı”ya da dəyməz.
Vaxtilə qardaş İran xalqının hürriyət və istiqlalpərvəranə mücadiləsinə əlimizdən gəldiyi qədər müavinətdə bulunduq. Sıra öz məmləkətimizə gəldi. Onun xilası üçün çalışdıq. Bildiyimiz və bacardığımız kimi mübarizə etdik. Bu mübarizədə iranlı qardaşlarımız bizə ümid etdiyimiz müavinəti göstərmədilər. Bəlkə də məzur idilər. Fəqət zülm istibdadını pək daddıqları və hələ də dadmaqda olduqları Rusiya kimi ənud(inadcıl,tərs) bir düşmənə qarşı məruz qaldığımız fəlakət üzərinə Mihənlərin yaralarımıza duz tökəcəklərini də qətiyyən ümid etməzdik.
Fəqət İran əfkari ümumiyəsi üzərindəki mövqeyinin nə olduğunu bilmədiyimiz “Mibən” qəzetinin nəşriyatı zənn etməyiz ki, mütəfəkkir İranilərin dəxi iştirak edəcəyi bir lisan olsun. Nasıl ki, Ruşəninin lisanı dəxi, “Varlıq” qəzetinin söylədiyi kibi, ciddi Türk əfkari ümumiyəsinə tərcüman olamaz.
“Azərbaycan Cumhuriyyəti” adlı əsərin müəllifi
Rəsulzadə Məhəmməd Əmin
“Yeni Qafqasiya”,jurnalı,
6 Rəbiyül axir 1342/15 Təşrini sani 1339, yıl:1, sayı: 4, s. 12-14