Bazar ertəsi , Dekabr 30 2024
azfa

Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında Cənubi Azərbaycan mövzusu

GADTB: Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə XX əsr tariximizdə şanlı səhifə açan, Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illik yubileyi ölkəmizin bütün bölgələrində qeyd olunur. Bu unudulmaz tarixin ən böyük önəmi ondadır ki, o, Yaxın və Orta Şərqdə Azərbaycanı müstəqil, demokratik, suveren bir dövlət kimi dünyaya tanıtdırmış oldu. Buna görə də o tarixdən aylar, illər, qərinələr ötsə də, o Azərbaycan tarixinin milli təfəkküründə, xalqımızın qəlbində unudulmaz və həmişə yaddaqalan tarixi hadisə kimi yaddaşımızda qalacaqdır. Cümhuriyyətin 100 illik tarixi yubileyində bu dövləti yaratmış, onun uğrunda böyük fədakarlıq göstərmiş insanları — Məhəmməd Əmin Rəsulzadəni, Fətəli xan Xosykini, Əlimərdan bəy Topçubaşovu, Xəlil bəy Xasməmmədovu, Nəsib bəy Yusifbəylini, Əkbər ağa Şeyxülislamı və bu sırada olan başqalarını yad etmək, onların müqəddəs ruhlarına rəhmət diləmək bizim hər birimizin borcudur. Bu böyük insanlar sırasında cümhuriyyətin banisi, böyük milli ideya, məslək və dönməzlik nümunəsi olan Məhəmməd Əmin Rəsulzadənin xüsusi yeri vardır. Bu yer onunla ölçülür ki, o, Cümhuriyyətə şərəflə başçılıq etmişdi. Həm də bu yer onunla ölçülür ki, o, dünyasını dəyişib haqq dünyasına qovuşandan sonra belə, biz nəsillərə çoxqiymətli və əvəzolunmaz, zəngin bir irs qoyub getmişdir. Onları neçə-neçə cildlərə sığan və bizə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğu günlərdə də belə yol göstərən mayakdır.

Məhəmməd Əmin irsində İran, onun tərkib hissəsi sayılan Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Neçə-neçə tədqiqat materialı ola bilən bu mövzunu bir yazıda əhatə etmək, orada qoyulmuş məsələləri yetərincə tədqiq edib ortaya gətirmək mümkünsüz bir işdir. Buna görə oxuculara təqdim olunan bu yazıda Cənubi Azərbaycanla, onun coğrafi, elmi, siyasi, iqtisadi və mədəni problemləri ilə bağlı daha müasir məsələlər üzərində dayanacağıq.

Məhəmməd Əmin Rəsulzadənin yazılarında Cənubi Azərbaycanın etno-coğrafiyası: Cənubi Azərbaycanla bağlı (coğrafi, tarixi, iqtisadi, mədəni və s.) məsələlər 40-dək İrandan məktublarında və bir sıra yazılarında şərh olunur. Onun İranın bu bölgəsi haqqında ətraflı materialları “Türk yurdu”, “İrşad” və “Əbilülrəşid” dərgilərində çap etdirdiyi silsilə məqalələrdə ətraflı verilmişdi. Məhəmməd Əmin o zaman 9 milyon əhalisi olan İranı çoxmillətli və çoxsaylı etnoslardan ibarət olduğunu yazır ki, bu əhalinin də üçdə birini, təqribən 3 milyondan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini deyir. O, Azərbaycan türklərinin Arazın sağ qolundan Culfa, Gərgər, Ələmdar, Xoy və Mərənddən başlamış Tehran yaxınlığındakı Kərəc, Zərənd, Xar, Vəramənd, Həmədan və onun ətrafınadək olan yaşayış məntəqələrinin sakinlərinin əksəriyyətinin türk olduğunu yazır. İran ərazisinin üçdə birini təşkil etdiyi bu bölgələrdə yaşayanların özünəməxsus tarixləri, mədəniyyətləri, dil, adət-ənənələrinin və milli xüsusiyyətlərinin olduğunu qeyd edir. Mişev, Səhənd və Savalanın əhatəsində yerləşən Təbriz şəhərinin bu ərazidə ən böyük elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bildirir. Şəhərin əhalisinin o zaman 250 min nəfər olduğunu və hər kvadratkilometrə 31 adam düşdüyünü deyir. Burada yaşayan əhalinin xeyli hissəsi ticarətlə məşğul olsa da, toxuculuq, fərş emalatxanaları, dəmirçilik, başmaqçılıq, dabbaqlıq, dülgərlik, ağac oyma işləri və s. geniş yayıldığını, əl sənəti işlərinin mövcud olduğunu qeyd edir.

Məhəmməd Əmin Rəsulzadə öz yazılarında Qaşqay və Xorasan ətrafındakı əhalini türk etnosuna daxil edərək onları xalis türk hesab edir. O, Qaşqay türkləri haqda daha geniş məlumat verir. Qaşqay və Xorasan türklərini Azərbaycan türklərinin bir qolu hesab edir. Onların tarixi olaylar nəticəsində Azərbaycan ərazisindən ayrı düşmələrinə baxmayaraq, bir türk olaraq öz milli kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxladıqlarını deyir. Qaşqayların 8 qoldan ibarət olduğunu yazan Məhəmməd Əmin sayca o vaxt 350 min nəfər olan Qaşqay ellərinin əsasən Şiraz ətrafında məskən saldıqlarını qeyd edir. Ümumiran ərazisində “Qaşqay eli” kimi tanınan türk mənşəli bu toplum öz milli adət-ənənələrinə sadiq qalmış, onu bütün yad təsirlərdən qoruyub saxlaya bilmişdir. Qaşqayların məişətindən danışarkən onların çoxuşaqlı ailələrdən ibarət olduqlarını vurğulayır. Əsasən çadırlarda yaşayan bu insanlar Şirazın dağ ətəyində məskunlaşıb, ilin bir hissəsini yaylaqlarda, bir hissəsini isə qışlaqlarda keçirirlər.

Qaşqay türk tayfaları haqqında ilk dəfə yetərincə yığcam, ətraflı məlumat verən Məhəmməd Əmin Rəsulzadənin “Türk yurdu” qəzetində və “İrşad” dərgisində çap etdirdiyi silsilə məqalələrində bu haqda geniş bəhs edir. Məqalələrdən bəlli olur ki, Qaşqay qadınları ailəsinə, uşağına bağlı olub, həyat yoldaşına vəfalı və hətta təsərrüfat işlərində onun yaxın köməkçisidir. Qaşqay qadını ailənin məişət işlərini yerinə yetirməklə yanaşı, yun əyirməkdə, boyamaqda və kiçikhəcmli “Qaşqay türk xalçaları”nı toxumaqda çox mahir olurlar. Onların toxuduqları xalçalar öz bədii tərtibatına, ornamentinə, rəng çalarlarına, ən başlıcası keyfiyyətinə görə bazarda yaxşı satılır və çoxsaylı müştəriyə malik olur.

Qaşqaylar öz ana dillərinə, milli adət və ənənələrə çox bağlı olan türk cəmiyyətidir. Onların kişiləri bir dəfə evlənər və xanımlarına vəfalı olurlar. Qadınlar üzüaçıq kişilərlə birlikdə məclislərdə iştirak edə bilərlər. Qaşqayların toy və yas mərasimləri Azərbaycandakı türklərə uyğun və oxşar olur.

Məhəmməd Əmin Rəsulzadənin yazılarından məlum olur ki, Qaşqaylar Cənubi Azərbaycandakı türklərin bir qoludur və Çingiz xan İranı istila etdiyi zaman Fars əyalətində həmişəlik məskunlaşmış türklərdir.

Məhəmməd Əmin Rəsulzadə 1906-1911-ci illərdə İranda olarkən öz yazılarında Cənubi Azərbaycandakı siyasi durumdan, Məşrutə inqilabından, bu inqilabın rəhbəri olmuş Sərdari Milli Səttarxandan və onun silahdaşlarından ətraflı və məhəbbətlə bəhs etmişdi. O, XX əsrin əvvəllərində İranda xalq hərəkatının dirçəlişində, millətin oyanmasında və rejim əleyhinə mübarizəyə qoşulmasında Məşrutə hərəkatının xüsusi rol oynadığını qeyd edir və bu işdə üzvlərinin böyük əksəriyyətinin azərbaycanlı türklərdən ibarət olan “İranlıların sosial demokrat” firqəsinin təşkilatçılıq və təbliğatçılıq işlərinin önəmi üzərində xüsusi dayanır. O, yazır ki, bu partiyanın üzvlərinin çoxu Qafqazda olmuş, işləmiş və müxtəlif siyasi cərəyanlardan qidalanmış cənublu fəhlə və sənətkarlar idilər. Sosial Demokrat Firqəsinin Təbriz qolunun kütləni təşkil etməkdə, şahlıq diktaturası əleyhinə, konstitusiya uğrunda mübarizədə, məşrutəçiləri əsas hədəfə istiqamətləndirmək işində cəsarətli və dönməzliyini xüsusi qeyd edir. Səttarxanın başçılığı altında məşrutəçilərin inadlı mübarizəsi qarşısında geri çəkilmək məcburiyyətində qalan Müzəffərəddin şah son hesabda ölkədə konstitusiyalı şahlığın yaradılmasına razılıq verir. Bu, İran tarixində çox böyük siyasi hadisə idi. Lakin ata Müzəffər öləndən sonra şahlıq taxtına yiyələnmiş oğul Məmmədəlinin xalqın əleyhinə olan əməllərinə qiymət verən M.Rəsulzadə yazır: “İran tarixində ilk dəfə olaraq konstitusiyanın qəbuluna və parlamentin çağırılmasına razılıq vermiş Müzəffərəddin şahdan fərqli olaraq, Məmmədəli şah konstitusiyanı rədd etmiş, parlamenti qovmuş və üstəlik olaraq qəddarlıqda ad çıxarmış Mirzəlixan Atabəyi baş nazir vəzifəsinə gətirmişdi. Bundan sonra parlament qovulmuş, fəal demokratları dara çəkdirmişdi. Şahın haqsız əməllərinə dözməyən türk balası, məşrutəçi Abbasağa baş naziri terror edib öldürmüşdü. Abbasağanın dara çəkilməsinin 40-cı günü Tehranda yaşayan 10 min nəfərdən çox azərbaycanlı türklər mövcud rejimə qarşı protest əlaməti olaraq əzəmətli mitinq keçirmişlər”.

Məhəmməd Əminin yazılarında İrandakı I və II çağırış parlamentdə azərbaycanlı türk elçilərinin fəaliyyətinə xüsusi yer verilir. O, azərbaycanlı deputatların rejim əleyhinə olan çıxışlarındakı kəskinliyi və radikallığı qeyd edərək bu çıxışların ümumiran miqyasında milli oyanışa göstərdiyi təsirə işarə edərək yazır ki, bu çıxışlardakı haqlı tələblər və təkliflər milləti ayağa qaldırmaqla yanaşı, şahlıq rejiminin İranı böyük fəlakətlərə doğru sürüklədiyini deyirdi. İran daxilində 70-dən çox siyasi təşkilatın yarandığını qeyd edən Rəsulzadə bu qurumlarda azərbaycanlı türklərin əsas və aparıcı rol oynadıqlarını yazır, onların bir çoxunun Fransadakı Yakobinçilər inqilabındakı klublara oxşadıqlarını qeyd edən Rəsulzadə Tehrana, şah sarayına gələn kəskin məzmunlu ərizə, şikayət və teleqrafların çoxunun Azərbaycan türkləri tərəfindən göndərildiyini yazır.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərində Səttarxanın başçılığı altında yaranmış məşrutə inqilabının üzərində xüsusi dayanaraq hərəkatın başçısı Səttarxanı milli qəhrəman adlandırır. O, Səttarxanla şəxsən görüşdüyündən məmnun qaldığını yazır. O, Təbrizin 11 ay şah qoşunları və irtica qüvvələri tərəfindən mühasirədə qalarkən əhalinin qəhrəmanlıq və dözümlülüyünə yüksək qiymət verərək yazır ki, bu qəhrəman şəhər öz dözümlülüyü və qəhrəmanlığı ilə bütün İrana nümunə göstərmişdi. M.Ə.Rəsulzadə Təbrizin 11 ay mühasirədə saxlanılarkən məşrutəçilərin hər cəhətdən — çörək və başqa ərzaq cəhətdən yaradılmış qıtlığa böyük dözüm göstərib, çörək əvəzinə ot yeyib təslim olmadıqlarını əsrin qəhrəmanlığı adlandırır.

Təbrizdən və Azərbaycanın başqa bölgələrindən şaha ünvanlanan məktub, şikayət və teleqraflara cavab olaraq Məmmədəli şah bildirmişdi ki, “Onlara çatdırın ki, atam onlara konstitusiya və parlament yox, fikir mübadiləsi və söhbətlər aparmaq icazəsi vermişdi”. Rəsulzadə Təbriz üsyanını İranın başqa – İsfahan, Həmədan, Rəşt və Ənzəlidə, Azərbaycanın bütün şəhərlərində əks-səda tapdığını deyir və göstərir ki, Makuda vali xalqın çıxışlarına tab gətirməyib şəhərdən qaçıb İrəvan xanlığına sığınıb.

Məhəmməd Əmin Azərbaycandakı türklərin igidliyi, qəhrəmanlığı, rejim əleyhinə mübarizədə dözümlülüyü haqqında “İrane nov” qəzetində çap etdirdiyi silsilə məqalələrində yazmışdır. Onun məqalələrində Azərbaycan türklərinin tarixi, dili, milli kimliyi haqqında geniş məlumat verilir. Bu materiallar İran tarixşünaslığında, etnoqrafiyasında və ədəbiyyatşünaslığında baş qaldırmış şovinist baxışları ifşa etməkdə önəmli rol oynadı. Məhəmməd Əmin Azərbaycanın bütövlüyünə işarə edərək yazır ki, “Azərbaycan türkləri təkcə Rusiya ərazisində yaşayanlar deyil, Arazın o biri tayında İran adlanan məmləkətdə də, onun coğrafiyasında, iqtisadi və mədəni həyatında çox mühüm yer tutan bir xalqdır. Onun özünəməxsus ərazisi, dili, mədəniyyət və tarixi vardı, onu inkar və təhrif etmək bu millətə qarşı haqsızlıq və ədalətdən kənar bir əməldir”.

Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyət dövründə siyasi və beynəlxalq durumun mürəkkəbliyini nəzərə alıb bütöv Azərbaycan ideyasını ortaya gətirməmişdi, lakin bu bütövlüyü daim ürəyində saxlamışdı. Həmin dövrün canlı şahidi olmuş Əlirza Turan öz xatirələrində yazır. “1946-cı ildə Sovet Ordusunun İrandan çıxarılmağa məcbur edilməsini mən eşidəndə sevinə-sevinə gəlib Əmin bəyə xəbər verdim. Lakin gözlədiyimin əksinə o sevinmədi, üstəlik çöhrəsində kədər cizgiləri səpildi. Onun kommunistlərin məğlubiyyətinə sevinməməyi məni təəccübləndirdi. Bunun səbəbini ondan soruşmaq istəyəndə dedi: “Kommunizm gec-tez dağılacaq, amma Azərbaycanın birləşməsi tarixin vermiş olduğu böyük bir fürsət idi. Təəssüflər olsun ki, bu fürsət əldən verildi”.

Rəsulzadə yazılarında fars şovinizminin zorakılığı nəticəsində türk dilinin İranda sıxışdırıldığını, ölkədə, tədrisdə ona yer verilmədiyini dövrün böyük haqsızlığı sayır. O, özünün “Azərbaycan və İran” adlı məqaləsində yazır: “Coğrafi cəhətdən ikiyə bölünmüş bir millətin milli kimliyini danmaq, onları ayrı-ayrı etnoslara aid etmək mümkün iş deyil. Mən Gəncə, İrəvan və Bakıdakı türkləri Qaradağ, Təbriz, Xalxal, Marağa, Ərdəbildəkilərdən fərqli bir millət hesab edə bilmərəm. Halbuki, onların vahid dili, eyni adət-ənənəsi, eyni məzhəbə qulluq etmələri vardı… Yüz il bundan əvvəl bunlar vahid olmuşlar. İranın və rusların siyasəti ilə iki yerə ayrılmış və indi məcbur etmək istəyirlər ki, siz azərbaycanlı adını dəyişib Qafqaz türkü, Aran və ya Qafqaz albanı qoysanız, ancaq biz sizi o zaman böyük qardaş kimi ağuşumuza basıb qəbul edərik”.

Rəsulzadə yazır ki, istər Qafqazdakı, istərsə İrandakı türklər bir millətin varlığıdır. Bir kökdən yaranmış və adı azərbaycanlı olan bir millətdir. Çox qəribə də olsa, 100 il bundan əvvəl fars şovinistləri tərəfindən ortalığa gətirilmiş əsası olmayan, qeyri-elmi bir fikir Pəhləvi hakimiyyəti illərində daha da qol-budaq ataraq siyasi bir cərəyana çevrilmişdi. Elmdən, məntiq və reallıqdan uzaq bir “nəzəriyyə” hazırda qonşu İranda islami rejim dövründə də, çox təəssüf ki, davam etməkdədir. Kəsrəvi, Əfşar və başqa adlarla fəaliyyət göstərən qeyri-elmi qurumların nəşr etdikləri kitablar və məqalələr toplusu yazan Rza İnayətulla, Kavə Bayat, Seyid Cavad Təbatəbai, Natiq Xanləri, Abbas İqbal Aşiyani, Məhəmməd Müqəddəm, Yəhya Zəka, Əbdüləli Karəng, “Fars dili Azərbaycanda” kimi 10-dan çox şovinist müəllifin məqalələrindən ibarət nəşr, eləcə də, Tehranda Kavə Bayatın redaktorluğu və giriş məqaləsi ilə çap olunmuş “Azərbaycan tarixin dalğasında – 1918-1920-ci illər” məqalələr məcmuəsi və sair bu səpgidə işıq üzü görmüş yazılar Məhəmməd Əmin Rəsulzadə dövründə deyilmiş və yazılmış bayağı fikirlərin təkrarıdır ki, müasir İranda yenə gündəmdədir. Məhəmməd Əmin Rəsulzadənin yazılarında Cənubi Azərbaycandakı iqtisadi durum ayrıca yer tutur. O, “Türk yurdu” dərgisində çap etdirdiyi məqalədə Azərbaycan türklərinin yaşadıqları ərazidə aqrar-kəndli məsələsini, kənddəki iqtisadi bərabərsizliyi, ərbab-rəiyyət münasibətlərini xüsusi şərh edir. Azərbaycandakı əkin sahələri, bağ-bağat üzərində aşağıdakı sahibkarlıq növləri mövcuddur:

  1. 1. Dövlətin ixtiyarında olan “Xalisələr”
  2. 2. Varlı mülkədarların və yüksək mənsəb sahiblərinin ixtiyarında olan torpaq və bağ-bağat sahələri və su mənbələri ki, bunlar ərbab mülkiyyəti sayılır.
  3. 3. Az miqdarda torpağı olan və ya torpağı olmayan kəndlilər ki, bunlara da rəiyyət deyilirdi.

M.Ə.Rəsulzadə Cənubi Azərbaycanla bağlı yazılarında Azərbaycan kəndlərində ərbab-kəndli münasibətlərindəki ədalətsizliyi cəmiyyətdə mövcud olan ziddiyyət və fəsadların başlıca və əsas mənbələrindən biri saymışdı. Varlı mülkədarlara məxsus suvarılan və dəmyə torpaqlarında çalışan torpaqsız və az torpaqlı kəndlilərə qarşı müxtəlif vergilər və pay bölgüsündəki ədalətsizlik və haqsızlıqlar Azərbaycan kəndlilərini ərbablardan asılı kütləyə çevirir. Bu asılılığın əsasını Rəsulzadə kəndlərdə varlı torpaq sahibləri tərəfindən tətbiq edilən çoxsaylı vergi və mükəlləfiyyətlərin çoxluğunda, kəndliyə qarşı tətbiq olunan ədalətsizlik və zorakılıqda görür.

Torpağa, suya, gübrə və qoşqu heyvanlarına toxum, torpaq növünə görə vergilər — bunları o, Cənubi Azərbaycan kəndlilərini var-yoxdan çıxaran, onların və ailələrinin güzəranını dözülməz edən səbəblər hesab edir. Hər bir kəndli istifadə etdiyi, əkib-becərdiyi torpaq üçün belə adla “Qapı xərci”, hər baş heyvan üçün o zamankı pul vahidi ilə 5 qran 10 şahı, hər qoşqu heyvanı üçün 1 qran 5 şahı, hər qoyun üçün 14 qran, su üçün, torpaq üçün, səpki materialı üçün kəndli ərbaba ödəniş etməli idi. Vergilər bölgələr üzrə müxtəlif olurdu. Bunlardan əlavə, bayramlarda, sahibkarın özünün və ailə üzvlərinin ad günlərində onlara toyuq, yumurta, yağ, pendir payı verməyə də borclu idi. Orta əsr haqsızlıqlarını xatırladan bu qayda-qanunlar kəndliləri yorub, iqtisadi cəhətdən müflisləşdirib var-yoxdan çıxardığı üçün çox vaxt onlar mülkədar torpaqlarını buraxıb başqa yerlərə, əsasən sərhəd bölgələrinə mühacirət etmək zorunda qalırdılar, çox vaxt isə Bakıya gəlib neft mədənlərində, dəmir yol çəkilişində, Astarxan limanlarında ağır işlər görməyə məcbur olurdular. O zaman Cənubi Azərbaycanda hökm sürən ağır iqtisadi şərait, zorakılığı və çapqınçılıq üstəlik sahibkar zorakılığı və haqsızlıq Şimali Azərbaycana, Qafqaza mühacirətə məcbur edirdi ki, onların sayı 160 minlə 200 min arasında göstərilir.

Yekun olaraq, Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir zamanda Məhəmməd Əminin zəngin tarixi-ədəbi irsi ozamankı İranı və Cənubi Azərbaycanı, onun coğrafiyasını, etnik tərkibini, siyasi və iqtisadi durumunu öyrənməkdə çox dəyərli məxəzlərdəndir. Bu mövzunu öyrənib elmi dövriyyəyə gətirmək bizim tədqiqatçılıq və milli borcumuzdur.

Əkrəm RƏHİMLİ (Bije).

 

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …

Bir cavab yazın