
GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ meşələrində müşahidə edilib. Məlumatlara görə, bu növ maralın təxminən 80 il əvvəl həmin ərazidə nəsli kəsilmiş hesab olunurdu.
Maral Azərbaycan türklərinin mədəniyyəti və folklorunda xüsusi yer tutur. Türk mahnılarında və rəvayətlərində bu heyvan gözəllik, əzəmət və təbiətin rəmzi kimi tərənnüm edilir.
Ekologiya mütəxəssisləri maralın yenidən Qaradağ meşələrində görünməsini bölgənin biomüxtəlifliyinin bərpası baxımından ümidverici hadisə kimi qiymətləndirir və təbii yaşayış mühitinin qorunmasının vacibliyini vurğulayırlar.
Qaradağ maralının bərpası layihəsinin icra mərhələsinə ilk dəfə 1995-ci ildə 5 baş maralla başlanılıb. Layihə üç mərhələdə, təxminən üç onillik ərzində həyata keçirilib. Görülən işlərin uğurlu nəticəsi olaraq maralların sayı artıb, uyğun təbii şərait yaradılıb və artıq Qaradağ meşələrində bu nadir və gözəl vəhşi təbiət növünün daha geniş ərazilərdə, fiziki mühafizə olmadan sərbəst yaşaması mümkün olub.
Şərqi Azərbaycan Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmmədhüseyn Həsənzadə bildirib ki, hazırda layihənin maralların təbiətə buraxılması mərhələsi həyata keçirilir və bu prosesin təxminən bir ay ərzində başa çatdırılması planlaşdırılır.
Onun sözlərinə görə, layihənin əvvəlində 5–12 baş maral mövcud olduğu halda, hazırda onların sayı 60 başa çatıb. Bunlardan 50 başı təbiətə buraxılacaq, qalanları isə ehtiyat sürüsü kimi saxlanılacaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi