Çərşənbə axşamı , Sentyabr 1 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə Bərkay adına doğum şəhadətnaməsi verməkdən imtina edir

GADTB: Təbriz Vətəndaşlıq Vəziyyətlərinin Qeydiyyatı İdarəsi türk mənşəli “Bərkay” adı verilmiş uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Uşağın ailəsi artıq 7 aydır şəhadətnamənin alınması üçün hüquqi mübarizə aparır. Bu müddət ərzində məhkəmə uşağın atasının şikayətini iki dəfə rədd edib. Bir halda isə məhkəmə bildirib ki, ata olduğu halda ananın ayrıca şikayət vermək hüququ yoxdur.

Uşağın anası, doktor Nəmtəi, #Balamin_Adi kampaniyasına və @dan.magazin səhifəsinə deyib: “Oğlum 6 bəhmən 1404-cü ildə anadan olub və ona Bərkay adını qoyduq. Bu ad türkcədə ‘güclü və parlaq ay’ mənasını verir. Lakin Təbriz VVAQ İdarəsinin əməkdaşları dedilər: ‘Bu ad VVAQ sistemində müəyyən edilməyib, ona görə də onun üçün doğum haqqında şəhadətnamə verə bilmərik!’”

Onun sözlərinə görə, həyat yoldaşı vəkil tutaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Lakin Təbriz Sülh Məhkəməsinin 6-cı şöbəsi 1405-ci ilin ordibehişt ayında “qəti mənfi” qərar çıxararaq onun şikayətini rədd edib.

“Ailəmiz bu ilkin hüququmuzdan imtina etmədi. Bu dəfə özüm vəkil tutaraq məhkəməyə müraciət etdim. Lakin Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi 1405-ci ilin tir ayında məsələnin mahiyyətinə belə baxmadan bildirdi ki, ata olduğu halda ananın məhkəməyə müraciət etmək hüququ yoxdur və iddianın rədd edilməsi barədə qərar çıxardı”, – deyə ana bildirib.

O əlavə edib ki, bundan sonra həyat yoldaşı başqa bir vəkil tutaraq yenidən məhkəməyə müraciət edib. Lakin Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi 18 mordad 1405-ci ildə 6-cı şöbənin qəti qərarına istinad edərək yenidən “iddianın rədd edilməsi barədə qərar” çıxarıb.

“İlkin qərar mənfi və qəti olduğu üçün əlimiz-qolumuz bağlandı. Nəhayət, oxşar bir ad seçmək məcburiyyətində qaldıq ki, sonradan adın düzəldilməsi və doğum haqqında şəhadətnamənin ‘Bərkay’ adı ilə verilməsi üçün məhkəməyə müraciət edə bilək”, – deyə o bildirib.

Bununla yanaşı, daha əvvəl Zəncan ostanında ən azı bir nəfərə “Bərkay” adı ilə doğum haqqında şəhadətnamə verildiyi bildirilir. Ailə həmin şəhadətnamənin surətini də məhkəmə işinə əlavə edib. Lakin Təbriz VVAQ İdarəsi bildirib: “Məhkəmə yalnız həmin şəxs barədə qərar verib. Siz də özünüz məhkəmədən müsbət qərar almağı bacarmalısınız.”

Uşağın anası deyib: “Artıq 7 aydır VVAQ İdarəsi və məhkəmələr arasında süründürməçiliklə üzləşirik. Bütün bunlar yalnız uşağımıza öz kimliyimizə və mədəniyyətimizə uyğun sadə bir türk adı qoymaq istədiyimizə görə baş verir.”

Ailənin bildirdiyinə görə, “Bərk”, “Kay”, “Bərka”, “Bərkan”, “Akay” və digər oxşar adlarla bağlı VVAQ sistemində doğum haqqında şəhadətnamələrin verildiyi hallar da mövcuddur.

Həmçinin yoxlayın

Skott Besent: SEPAH-ın 100 milyon dollarlıq evlərini və hesablarını müəyyənləşdirmişik, hamısını bloklayacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Besent Vaşinqtonun terrorçu SEPAH qruplaşmasının və onunla əlaqəli bütün şirkət …

Tarixi Azərbaycan ərazisinin Bijar bölgəsinin Yasukənd ərazisində üzüm festivalı keçiriləcək

GADTB: Kürdüstan ostanına ilhaq edilmiştarixi Azərbaycan ərazisi olan Bijarın Yasukənd şəhəri (Həsənabad Yasu­kənd) şəhrivərin 22–23-də …