
GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri müsadirə edilib. Məhkəmə orqanları həmin şəxsləri “düşmənlə əməkdaşlıq”da ittiham edib. Bildirilir ki, bu şəxslərdən 42-si xarici ölkələrdə, qalanları isə İranda yaşayır.
Məhkəmə rəsmiləri iddia ediblər ki, sözügedən şəxslər “düşmənlə əməkdaşlıq şəbəkəsi”ndə fəaliyyət göstəriblər və onların fəaliyyəti “casusluq və sionist rejimlə milli təhlükəsizlik və milli maraqlara qarşı əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi haqqında qanun” çərçivəsində qiymətləndirilib.
“Fars” agentliyi də bildirib ki, əmlakların müsadirəsi məhkəmə qərarı ilə həyata keçirilib və götürülən vəsaitlərin müharibə nəticəsində zərər görmüş obyektlərin bərpasına yönəldilməsi planlaşdırılır.
Məlumatlara görə, ittiham olunan şəxslərdən altısı İngiltərədə, ikisi İsveçrədə, biri Rusiyada, səkkizi Almaniyada, altısı Türkiyədə, səkkizi İraqda, dördü ABŞ-da, biri İtaliyada, biri Omanda, biri Kanadada, biri Səudiyyə Ərəbistanında, biri Ermənistanda, ikisi Qanada yaşayır. Altı nəfərin isə İran daxilində yaşadığı bildirilir.
Hesabatda həmin şəxslərin kimliyi və məhkəmə prosesinin detalları barədə məlumat verilməyib.
Bundan əvvəl də Həmədanda oxşar ittihamlarla onlarla şəxsin əmlakının məhkəmə qərarı ilə müsadirə edildiyi bildirilmişdi.
İrana qarşı hərbi hücumların başlanmasından sonra İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejei “ölkə daxilində və xaricində düşmənlə əməkdaşlıq edən ünsürlər”lə əlaqəli əmlakların müsadirəsi barədə göstəriş verildiyini açıqlamışdı. O, həmin şəxsləri edamla da hədələmiş və “bu hallarda nəzərdə tutulan cəzalardan birinin edam olduğunu” bildirmişdi.
Bu göstərişdən sonra “Səham” adlı ağıllı maliyyə sorğu sistemi istifadəyə verilib. Sistem vasitəsilə ölkə üzrə prokurorluq və məhkəmə orqanları vətəndaşların əmlak və maliyyə aktivlərini qısa müddətdə onlayn şəkildə müəyyən edib onların müsadirəsi üçün tədbirlər görə bilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi