Şənbə , İyun 13 2026
azfa

Molla rejimi Zəncanda 52 azərbaycanlının əmlakını müsadirə edib, 7 nəfəri saxlayıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi Zəncan vilayətində 52 azərbaycanlının əmlakının müsadirə edildiyini açıqlayıb. Bildirilir ki, həmin şəxslərdən İranda yaşayan 7 nəfər saxlanılıb.

Məlumata görə, “düşmənlə əməkdaşlıq edən şəbəkələrlə əlaqəli” olduğu iddia edilən 52 nəfərin əmlakı məhkəmə qərarı ilə müsadirə olunub. Müsadirə edilən əmlaklara bank hesabları, nağd və xarici valyuta vəsaitləri, daşınar və daşınmaz əmlak, eləcə də qızıl-zinət əşyaları daxildir.

Həmin şəxslərdən yeddi nəfərin saxlanıldığı, digər şəxslərin isə ölkə xaricində yaşadığı bildirilir.

Hesabatda qeyd olunur ki, müsadirə edilən əmlakların 33-ü Zəncan şəhərində, 15-i Əbhərdə, 3-ü Xürrəmdərədə yerləşir. Bundan başqa, Tehran və Xudabəndə rayonunda əmlakı olan daha bir şəxsin də mülkləri müsadirə olunub.

Zəncan vilayətinin baş ədliyyə rəsmisi bildirib ki, bu addım “ictimai hüquqların qorunması” çərçivəsində və “casusluq və sionist rejimlə əməkdaşlıq”la bağlı qanunlara əsasən həyata keçirilib. Onun sözlərinə görə, həmin şəxslərin işi hazırda araşdırılır.

Məlumatda saxlanılan şəxslərin kimliyi, saxlanılma vaxtı, harada tutulduqları və onlara qarşı irəli sürülən ittihamların detalları açıqlanmayıb.

İrana qarşı hərbi hücumların başlamasından sonra İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni-Ejei “ölkə daxilində və xaricində düşmənlə əməkdaşlıq edən ünsürlər”lə əlaqəli əmlakların müsadirəsi barədə göstəriş verildiyini açıqlamışdı. O, həmin şəxsləri edamla da hədələmiş və “bu hallarda nəzərdə tutulan cəzalardan birinin edam olduğunu” bildirmişdi.

Bu göstərişdən sonra “Səham” adlı ağıllı maliyyə sorğu sistemi istifadəyə verilib. Sistem vasitəsilə ölkə üzrə prokurorluq və məhkəmə orqanları vətəndaşların əmlak və maliyyə aktivlərini qısa müddətdə onlayn şəkildə müəyyən edib onların müsadirəsi üçün tədbirlər görə bilir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …